SON DƏQİQƏ
» » Sumqayıtda 5 nəfəri öldürən sürücü əsl qatildir – Ekspert

Sumqayıtda 5 nəfəri öldürən sürücü əsl qatildir – Ekspert

Tarix:

11-05-2019, 14:12

/ 199 dəfə oxundu.
Sumqayıtda 5 nəfəri öldürən sürücü əsl qatildir – Ekspert

Sükan arxasına sərxoş halda əyləşmək, nəqliyyat axınına qarşı hərəkət etmək, hadisə yerindən qaçmaq – bunlar hamısı sürücünün əməlini ağırlaşdıran hallardır. Yol-nəqliyyat hadisəsi olduğu üçün sürücü 12-14 il müddətinə azadlıqdan məhrum ediləcək. Lakin belə sürücülər cəmiyyət üçün təhlükəli olduğuna görə ömürlük azadlıqdan məhrum edilməlidr.

Bu sözləri GunAz.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı 5 nəfərin ölümü ilə nəticələnən Tağıyev qəsəbəsi ərazisindən baş verən dəhşətli qəza hadisəsi ilə bağlı danışarkən deyib. E.Muradlı bildirib ki, sürücünün sükan arxasına içkili halda çıxması onun hadisəni təxminən bilərəkdən törətməsi fikrini gücləndirir. Çünki içkili halda olan sürücünün qəza törətmə riski yüksəkdir və sürücü də bunu yaxşı bilir:

“Bir qəzada beş nəfərin ölməsi çox ağır bir göstəricidir. Bu da təbii ki, qəzanı törədən, buna səbəb olan sürücünün əməlindən irəli gəlir. Çünki həmin sürücü sükan arxasına əyləşərkən içkili vəziyyətdə olub. Təbii ki, ilkin məlumatlarda belə deyilir. Digər məsələ isə ondan ibarətdir ki, yük avtomobilinin sürücüsü əks istiqamətdə hərəkət edən avtomobillərin yoluna çıxıb. Qəza da məhz bu zaman baş verib. Qəzanın dəhşətli tərəfi ondan ibarətdir ki, toqquşmanın zərbəsindən “Mersedes” markalı avtomobil aşandan sonra yük avtomobili onun üzərindən keçib. Bəlkə toqquşmadan sonra çevrilən avtomobilin içindən kimlərsə, ağır yaralı da olsa, sağ halda çıxa bilərdi. Lakin yük maşınının “Mersedes”in üzərindən keçməsi faciəni daha da böyüdüb. Hadisədən sonra yük avtomobilinin sürücüsü maşından düşərək qaçmağa çalışıb. Bütün bu ardıcıllıq sərxoş halda olduğu deyilən sürücünün əməlini ağırlaşdıran hallardır. Belə deyək, sükan arxasına sərxoş halda əyləşmək, nəqliyyat axınına qarşı hərəkət etmək, hadisə yerindən qaçmaq hamısı sürücünün əməlini ağırlaşdırır. Hələ araşdırma gedir və bəlli deyil ki, araşdırma nəticəsində daha nələr ortaya çıxacaq”.

E.Muradlı bildirib ki, bu, yol-nəqliyyat hadisəsidir, cinayət hadisəsi deyil. Bu səbəbdən də çox təəssüf ki, belə hadisələrə cinayət hadisəsi kimi yanaşılmır:

“Ancaq sürücünün sərxoş halda sükan arxasına keçdiyini nəzərə alsaq deyə bilərik ki, bu, bilərəkdən törədilmiş hadisədir. Çünki sürücü içkili halda olaraq sükan arxasına keçib və bu cür hallarda 99 faiz qəza riski var. Həmçinin sürücü şüurlu şəkildə yolun əks istiqamətinə çıxıb, yəni bu, bilərəkdən edilib. Bir çox ölkələrdə sükan arxasına içkili vəziyyətdə əyləşmək cinayət məsuliyyətinə bərabər tutulur və uzun müddətli həbslə nəticələnir. Hesab edirəm ki, bu şəxs də ağır şəkildə cəzalandırılmalı və həbs edilməlidir. Bu cür hallarda həmin sürücü sürücülük hüququndan məhrum edilir və 12-14 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ancaq hesab edirəm ki, bu cür insanlar cəmiyyət üçün təhlükəli olduğuna görə ömürlük cəza almalı və bir daha cəmiyyət arasına qayıtmamalıdır. İçkili olduğunu bildiyi halda yük avtomobili kimi bir maşının sükanı arxasına keçən sürücünün 12-14 il müddətinə cəzalandırılması azdır. Bu insan öz həyatı bir yana, başqalarının həyatını da düşünməyib. Bu insan faktiki ölümə, öldürməyə gedib və 5 nəfərin də ölümünə səbəb olub”.

Qeyd edək ki, mayın 10-da Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində 1977-ci il təvəllüdlü Həsənov İlham Yelmar oğlunun idarə etdiyi İVEKO markalı 99 LN 431dövlət nömrə nişanlı yük avtomobili ilə 1969-cu il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlunun idarə etdiyi “Mersedes” markalı 10 RP 097 dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə yolun sağ hissəsində olan dərəyə aşan “Mersedes” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər 1974-cü il təvəllüdlü Saleh Musayev, 1967-ci il təvəllüdlü Məhəbbət Musayeva, 1973-cü il təvəllüdlü Amil Məmmədov və 1987-ci il təvəllüdlü Vidadi Nuriyev hadisə yerində ölüb. Yük avtomobilinin sürücüsü isə hadisə yerindən qaçıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən İ.Həsənov mayın 11-də şübhəli şəxs qismində tutulub. Fakta əsasən Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər