SON DƏQİQƏ

Şəhid oldu bir gecədə Xocalı...

Tarix:

26-02-2019, 12:29

/ 10 320 dəfə oxundu.
Şəhid oldu bir gecədə Xocalı...

1992-ci il fevral ayının 26-da Azərbaycan xalqının üzləşdiyi ən dəhşətli faciələrdən biri olan Xocalı qətliyamı baş verdi. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yiyələnmək üçün Ermənistan işğalçıları Rusiyanın fəal hərbi və siyası dəstəyi ilə Azərbaycanın yaşayış məntəqələrini işğal etməyə başladı.

Xocalı şəhərində 1991-ci ilin oktyabr ayından blokadada idi. 1992-ci ilin fevral ayının 26-da isə ermənilər Rusiyanın Xankəndində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalıya hücum etdilər. Hücum gecə başladı. Hücum nəticəsində şəhərə girən hərbi birləşmələr şəhəri yerlə-yeksan edərək, dinc əhaliyə divan tutdular. Dünyada tayı-bərabəri olmayan bu soyqırımda erməni-rus birləşmələri bir gecədə 613 insanın həyatına son qoydular. Həmin faciədə 1000 nəfər aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 nəfər azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1225 nəfər dinc sakin girov götürüldü. Onların 150-sinin taleyi indi də məlum deyil. Hadisədən 27 ildən artıq vaxt keçməsinə baxmayaraq dünya, beynəlxalq təşkilatlar hələ də susur və bu soyqırıma - bu dəhşətli cinayətə hələ də hüquqi qiymət verməyiblər.

 

 

Xocalı

 

Körpələrin ah-naləsi ucaldı,

Uca dağlar bir gecədə qocaldı.

Yol irizi duman aldı, çən aldı,

Şəhid oldu bir gecədə Xocalı.

 

Qan içində boğdular bir şəhəri,

Gizlədilər el-obadan xəbəri.

Açılmadı bir də yurdun səhəri,

Şəhid oldu bir gecədə Xocalı.

 

Şəhər qaldı kafirlərin əlində,

Şeytan güldü igidlərin elində.

Bir ah bitdi bu millətin dilində,

Şəhid oldu bir gecədə Xocalı.

 

Bir arxası, bir köməyi olmadı,

Tufan qopdu, daş üstə daş qalmadı.

Heç Tanrı da bizə nəzər salmadı,

Şəhid oldu bir gecədə Xocalı.

 

Qulaq batdı güllələrin səsindən,

Bir kömək də olmadı heç kimsədən.

Donub qaldı bu xəbəri eşidən,

Şəhid oldu bir gecədə Xocalı.

 

Dünya coşdu, susdu zaman o gecə,

Su yerinə sel oldu qan o gecə.

Doğma şəhər oldu viran o gecə,

Şəhid oldu bir gecədə Xocalı.

 

Rəsmiyyə HEYBƏTAĞAQIZI

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ