SON DƏQİQƏ

Prezidentdən şəffaflıqla bağlı mühüm qərar

Tarix:

7-09-2018, 09:41

/ 10 302 dəfə oxundu.
Prezidentdən şəffaflıqla bağlı mühüm qərar

Sahib Məmmədov: “Bu, korrupsiyanı azaldacaq, şəffaflığı artıracaq, sövdələşmələrin qarşısını alacaq”

Sentyabrın 5-də prezident İlham Əliyev tərəfindən “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” fərman imzalanıb.

GunAz.az xəbər verir ki, fərmanda Azərbaycanda modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyü qeyd olunur: “Bununla belə, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə bir sıra əlavə tədbirlərin görülməsinə zərurət vardır”.

Göstərilən sahələrdə idarəetmə sisteminin təkmilləşdirilməsini, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) strukturuna daxil olan bir sıra qurumların fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə prezident ƏƏSMN-in informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” yaradılmasına qərar verib.

Sənədə görə, ƏƏSMN üç ay müddətində öz fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədilə “e-sosial” internet portalının yaradılmasını təmin etməlidir. Nazirlik həmçinin 6 ay müddətində məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədilə “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə məşğulluq altsistemini yaradacaq.

ƏƏSMN 3 ay ərzində “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin, “e-sosial” portalının əsasnamə layihəsini, pensiya təyinatının avtomatlaşdırılmasına, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə və vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim edəcək.

ƏƏSMN İctimaiyyətlə əlaqələr şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli fərmanı əmək, məşğulluq və sosial müdafiə sahələrində modern və çevik idarəetmənin, şəffaf və operativ xidmətlərin təşkili işlərinin gücləndirilməsinə xidmət edir: “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin elektron texnologiyalar üzərində, tam şəffaf və operativ şəkildə qurulmaqla, həmin sahələrdə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aparılan sistemli islahatların mühüm bir istiqamətini təşkil edir. Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixdə imzaladığı ”Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında" Fərman bu istiqamətdə tədbirlərin daha geniş müstəvidə davam etdirilməsinə, əmək və sosial müdafiə sahələrində modern və çevik idarəetmənin, şəffaf və operativ xidmətlərin təşkili işlərinin gücləndirilməsinə xidmət edir.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (MEİS) yaradılmaqla, üç ay müddətində “e-sosial” internet portalı formalaşdırılacaq ki, bu da nazirliyin fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsinə imkan verəcək. Belə bir portalın - “e-sosial” internet portalının yaradılması Azərbaycan prezidenti tərəfindən ötən ay imzalanmış “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası olaraq, nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və DOST mərkəzlərinin yaradılması üçün zəruri elektron infrastrukturun formalaşmasında xüsusi önəm kəsb edir. Bu infrastruktur əsasında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə xidmətlərin “bir pəncərə” prinsipi üzrə təkmil və sistemli, sadələşdirilmiş, eyni zamanda bir-biri ilə əlaqələndirilmiş şəkildə, tam şəffaf, operativ və vətəndaşlarla açıq iş şəraitində əhaliyə təqdim edilməsi təmin olunacaq".

Nazirlikdən onu da bildirirlər ki, həmçinin son fərmana uyğun olaraq “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə məşğulluq altsisteminin qurulması məşğulluq xidmətlərinin elektron şəkildə həyata keçirilməklə təkmilləşməsinə, bu xidmətlərin operativliyinə və şəffaflığına, işsiz və işaxtaranlara daha əlçatan olmasına, məşğulluq xidmətlərinin idarəedilməsi mexanizminin səmərəli təşkilinə şərait yaradacaq: “Məşğulluq altsisteminin qurulması ölkədə vahid məşğulluq portalının yaradılmasında vacib alət kimi mühüm əhəmiyyət daşıyır”.Prezidentdən şəffaflıqla bağlı mühüm qərar

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri ƏƏSMN-in əsas fəaliyyət istiqamətləridir: “Bu istiqamətlər üzrə on, bəlkə də yüz minlərlə əhaliyə xidmət göstərilir. Bu fərmandan əvvəl DOST publik hüquqi şəxsin yaradılması haqqında prezident tərəfindən fərman verilmişdi. Hazırda həmin qurumun əsasnaməsi hazırlanır. DOST bir növ ASAN xidmət variantıdır, sadəcə, müstəqil deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərəcək. DOST-un göstərəcəyi xidmətlərin bir çoxunun internet üzərindən təqdim olunması nəzərdə tutulur. Görünür, son fərman bunun təmin olunması məqsədi daşıyır”.

Liqa rəhbəri deyir ki, nazirliyin göstərdiyi xidmətlərin - pensiya təminatı, əlilliyin müəyyən olunması, məşğulluq sahəsində çoxsaylı xidmətlərin internet üzərindən təqdim olunması iki baxımdan əhəmiyyət kəsb edir: “Birincisi budur ki, vətəndaşların vaxtına qənaət olunacaq.Yəni işsizlik haqqında arayış almaq üçün vətəndaş mütləq məşğulluq mərkəzinə getməliydi, sistem işə düşəndən sonra buna ehtiyac qalmayacaq. İkinci məqam budur ki, vətəndaşların məmurlarla təmasları minimuma enəcək. Məsələn, ünvanlı dövlət sosial yardımı prosesinin bir hissəsini - ilkin ərizə verilməsi Səlim Müslümov nazir təyin olunanda elektronlaşdırıldı, lakin gəlirlərin hesablanması, təsərrüfatların müayinəsi və sair mərhələlərdə subyektivlik qaldı. Bu kimi xidmətlər tam elektronlaşarsa, təmaslar, deməli, həm də sövdələşmələr müəyyən qədər aradan qalxacaq. Bu isə korrupsiyanın azaldılması və şəffaflığın artırılması demək olacaq. Bu sistemin nə dərəcədə uğurlu olacağını gələcək göstərəcək”.

Fərmanda pensiya təminatının avtomatlaşdırılması, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsi, vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanaraq prezidentə təqdim olunması da nəzərdə tutulur. Sahib Məmmədov deyir ki, bu sahədə qanunvericilik bazası var: “Müəyyən qədər elektronlaşdırma da həyata keçirilib, lakin bəzi problemlər var. Yəqin ki, bu sistemin də təkmilləşdirilməsi həyata keçiriləcək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ