SON DƏQİQƏ

Zindan həyatı və repressiya

Tarix:

11-06-2018, 15:15

/ 11 583 dəfə oxundu.
Zindan həyatı və repressiya

 

 

Gülağa Həsənov, Hacı Nəriman və Teyfur Çələbinin birgə yazdıqları “Rəzqovluların şəcərəsi” kitabında Mirsalayevlə bağlı coxlu arxiv materialları vardır. Həmin sənədlərdən və digər arxivi mənbələrdən istifadə edərək B.Mirsalayevin həbs edilməsi və repressiya olunmasının sirlərini açmağa çalışarıq.

15 noyabr 1936-cı ildə repressiyaya məruz qalan Mirsalayev Böyukağanın sonrakı taleyi Milli Təhlükəsizlik Nazirliyinin (MTN_ verdiyi arayışlardan aydın olur. Azərbaycan Respublikası Milli Təhlukəsizlik Nazirliyinin işindən belə aydın olur ki, orada saxlanılan Pr-25045 nömrəli arxiv-cinayət işindəki kimi, Mirsalayev 15 noyabr 1936-cı ildə XDİK tərəfindən həbs edilmişdir. Vətəndaş Mirsalayev ittiham edilmişdir ona görə ki, o, 1934-cu ildə Müsavat Partiyasının üzvü olmuş, əksinqilabi, millətçi, terrorçu təşkilatın fəal üzvü olmuşdur.

Mirsalayevlə birlikdə komsomol işində çalışmış Əliməmməd Məlikovun məlumatına görə, Mir Cəfər Bağırov Lənkəranda səfərdə olarkən Böyukağa Mirsalayevlə göruşmuş və sonradan Bakıya qayıdaraq bir necə gündən sonra Böyukağanı həbs etdirmişlər.

Sənədlərin birində istintaq aparan Borşovun imzası ilə bir məlumat vardır. Orada bildirilir ki, guya Böyukağa Mirsalayev öz gunahlarını boynuna alıb və həmin maddələr içində Böyukağa Mirsalayevin Muğan respublikasını yaratması təşəbbüsü olmuşdur və bunu partiyadan gizlətməsidir.

Müxtəlif sənədlərdən, raportlardan məlum olur ki, Böyukağa Mirsalayevə böhtan atılır. İttihamlar içində guya ki, Böyukağa Mirsalayev qaçaq Yunusa, Mir Vahab ağa və Bala Məmməd Zuvandskiyə yaxından kömək etmiş və əksinqilabçı olmuşdur. Ən böyuk ittiham isə təbii Muğan Respublikasının yaratmaq təşəbbüsü idi. Bunlarla yanaşı, talış millətçiliyi damğası da ona vurulmuşdur. Raportların birində Böyukağa Mirsalayevin Talış muxtariyyətinin təbliğatını aparması göstərilib.

Yeri gəlmişkən onu da bildirim ki, ermənilər indi də talış dilində televiziyada verilişlər hazırlayıb təxribat xarakterli, böhtan, yalan məlumatlar yaymaqla Azərbaycan əleyhinə təbliğat aparsa da, Azərbaycanda yaşayan bütün xalqlar bir-biriylə qardaş kimi tarixboyu mehriban yaşayıblar.

Bu gün də Azərbaycanın bütövlüyü naminə canlarından keçən igid oğullar çoxdur. Bu bölgədən neçə qəhrəman oğullar Qarabağ müharibəsində, eləcə də Aprel döyüşlərində qəhrəmanlıqlar göstərmiş və şəhidlik zirvəsinə ucalmışlar.

Azərbaycanın ictimai xadimlərindən biri olan, öz dövlətinə, xalqına qəlbən bağlı bir şəxsiyyəti repressiya belə məhv etdi. SSRİ Ali Məhkəməsinin Hərbi Kolleksiyasının 7.01.1938-ci il tarixli qərarı ilə Böyukağa Mirsalayev Azərbaycan SSR Cinayət Məcəlləsinin 64, 70 və 73-cü maddələri ilə təqsirli bilinərək güllələnməyə məhkum olunmuşdur. Hökm 1938-ci il yanvarın 7-dən 8-nə kecən gecə yerinə yetirilmişdir. Ölümündən sonra 1956-cı ildə bəraət qazanmışdır.

Ailəsi və övladları.

Sənədlərdə Böyukağa Mirsalayevin həbs olunduğu dövrdə ailə tərkibi belə olmuşdur: Həyat yoldaşı Tamam (Qıztamam) İsrafil qızı 37 yaş, oğlu Salam 18 yaş, qızı Tuğra 14 yaş, Məryəm 12 yaş, Şəfiqə 10 yaş və Dilarə 18 yaş. Böyukağa Mirsalayevi həbs edilib güllələnməyindən sonra, həyat yoldaşı Qıztamam İsrafıl qızını 9 aprel 1938-ci ildə 10 il müddətində Qazaxıstana sürgün edilmişdir.

Qıztamam xanım Rəzqovludur. Atası qəssab İsrafıl kişi Lənkəran qəzasının Gərmətük kəndinə köcmuşdur. Babası Vəli kişi Zair tayfasındandır. Qeyd etmək lazımdır ki, Böyukağanın anası Leyla xanım Qıztamamın xalası idi. Qıztamam Şani xanımın qızı, Böyükağa isə Leyla xanımın oğlu idi. Leyla, Şani və Xeyri bacıları Rəzqov kəndindən Məhərrəmin qızları idilər.

Qıztamam 1947-ci ildə dünyasını dəyişib və Gərmətük kəndində dəfn edilib. Böyukağanın oğlu Salam Azərbaycanın tanınmış hərbi xadimi əfsanəvi komandir Həzi Aslanovun bacısı Tamara xanımla ailə həyatı qurmuşdur. Onların Eldar və Ellada adlı övladları dunyaya gəlmişdir. Eldarın oğlunun adı Teymur olmuşdur.

Azərbaycanımızın ictimai xadimlərindən biri, Vətəni, xalqı ücün dəyərli işlər görən, Azərbaycanın unudulmaz şəxsiyyətlərindən biri olan Böyükağa Mirsalayevin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Belə bir tarixi şəxsiyyətlə fəxr etməyə dəyər! O, Talış dağlarının zirvəsində dünyaya göz açan bir qartal idi!

 

Neftçi-alim

 

Tarixə nəzər salsanız yəqin edərsiniz ki, heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Hansı millət ki, qabağa gedib tərəqqi edibdir, o, ancaq elmin gücünə xoşbəxt olubdur.

N.Nərimanov

 Zindan həyatı və repressiya

Geniş və hərtərəfli savada, ziyalı mədəniyyətinə və yüksək insani keyfiyyətlərə malik insan kimi xatirələrdə silinməz izlər buraxan, əlli yaşı tamam olmamış dünyasını dəyişərək əbədiyyətə qovuşan, özündən sonra zəngin elmi irs saxlayan Salam Mirsalayev görkəmli partiya və dövlət xadimi repressiya qurbanı olmuş Böyükağa Mirsalayevin ilki, böyük övladıdır. O, 25 dekabr 1918-ci ildə Rəzqov kəndində anadan olmuş, uşaqlıq və yeniyetməlik illəri atasının iş yerləri ilə əlaqədar olaraq Qazax, Şəki, Bakı və Lənkəranda keçmişdir. Yaşayış yerlərini tez-tez dəyişmələri ilə bağlı təhsilini müxtəlif məktəblərdə alan S.Mirsalayev yeddinci sinfi bitirdikdən sonra 1931-1936-cı illərdə Bakıda neft sənayesi üzrə orta ixtisas təhsili almış, 1936-cı ildə M.Əzizbəyov adına Sənaye İnstitutunun dağ-mədən mühəndisliyi fakültəsinə qəbul olunmuşdur.

1938-ci ilin yanvar-aprel aylarında atasının “xalq düşməni” adı ilə nahaqdan tutulub güllələnməsi, anasının Qazaxıstanda sürgün olunması onun taleyində dərin izlər buraxmış, dəfələrlə institutdan qovulmaq təhlükəsi ilə üzləşsə də, İ.B.Stalinin “Oğul atasına görə cavabdeh deyil” göstərişinə rəğmən ali məktəbdə təhsilini davam etdirə bilmiş, 1942-ci ildə institutu bitirərək dağ-mədən mühəndisi ixtisası qazanmışdır.

S.Mirsalayev 1942-ci ildə Orcenikidze NQÇ kompleks briqadasında usta kimi əmək fəaliyyətinə başlamış, 1945-ci ilə qədər burada çalışmışdır. 1945-ci ildə Neft Sənayesi Nazirliyinə işə dəvət olunan S.Mirsalayev on beş il bu nazirliyin müxtəlif strukturlarında mühəndis və baş mühəndis kimi fəaliyyət göstərmişdir.

S.Mirsalayev 1960-cı ildən taleyini Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutu ilə bağlayır. 1962-ci ilə qədər mühəndis, 1962-65-ci illərdə neft quyularının əsaslı təmirinin texnologiyası laboratoriyası müdirinin müavini vəzifələrində çalışır.

1949-cu ildən başlayaraq Bakı və Moskvada çap olunan jurnal və məcmuələrdə elmi-nəzəri yazılarla çıxış edən, “Güclü sorucu neft quyularının çementləşdirilməsi”, “Neft quyularının əsaslı təmiri” kimi onlarla sanballı məqalələr nəşr etdirən S.Mirsalayev 25 sentyabr 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alır.

Salam Mirsalayev 1965-ci ilin may ayında müsabiqə yolu ilə çalışdığı institutda neft quyularının əsaslı təmiri texnologiyası laboratoriyasının müdiri seçilir, ömrünün axırına kimi bu vəzifədə çalışır.

Azərbaycanın neftçi alimlərini dəfələrlə Moskva, Çexoslovakiya, Rumıniya və digər yerlərdə keçirilən konfrans və simpoziumlarda ləyaqətlə təmsil edən, doktorluq dissertasiyası müzakirə olunaraq müdafiəyə buraxılan S.Mirsalayev 1968-ci il iyul ayının 4-də qəflətən vəfat etmişdir. Neçə-neçə elmi əsəri, Eldar və Ellada adlı iki övladı yadigar qalmışdır.

İlk kitabı - “Neft quyularının əsaslı təmiri” monoqrafiyası 1952-ci ildə çap olunan Salam Mirsalayev Ümumittifaq miqyasında tanınmış neftçi-alim, görkəmli nəzəriyyəçi və praktik olmuşdur. Sağlığında Bakıda və Moskvada çap etdirdiyi, həcmi altmış dörd çap listindən artıq olan “Neft quyularının əsaslı və yeraltı təmiri zamanı baş verən qəza halları ilə mübarizə” (1952), “Neft quyularının əsaslı və yeraltı təmiri üzrə praktik göstəricilər” (1955), “İkinci gövdə kəsimi ilə boş dayanan neft quyularının əsaslı təmiri” (1957), “Neft quyularının əsaslı təmiri zamanı qəzalar və çətinliklər” (1965) və s. kitablarında, onlarla irihəcmli məqalələrindən elmə bir sıra yeniliklər gətirən alimin əsərləri bu gün də neft sənayesində çalışan mütəxəssislərin stolüstü kitablarıdır.

Əlli yaşı tamam olmadan dünyasını dəyişmiş neftçi-alim Salam Böyükağa oğlu Mirsalayevin 2018-ci ilin iyul ayının 4-də vəfatının 50 illiyi, dekabr ayının 25-də isə anadan olmasının 100 illiyi qeyd olunacaqdır.

Günahsız olaraq repressiya qurbanı olmuş bir ailənin başına gələn müsibətləri, eləcə də görkəmli neftçi-alim haqqında geniş oxucuları məlumatlandırmaq hər bir qələm sahibinin vətəndaşlıq borcudur.

 

P.S. Televiziyalarda “Patron” tumlarını, müxtəlif zərərli içkiləri, başqatan mənasız, mənəviyyatsız, əxlaqsız teleserialları, boşboğaz şouları göstərməklə insanları bezdirməkdənsə, belə tarixi şəxsiyyətlərin həyatı haqqında filmlərin çəkilməsi, mətbuat səhifələrində işıqlandırılması, adlarının əbədiləşdirilməsi əlaqədar təşkilatları düşündürməli olduqca vacib və zəruridir.

Rauf İlyasoğlu

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ