SON DƏQİQƏ
» » Uşaqları ölümə aparan 9 yaşlı Məryəm – Dəhşətli oyun

Uşaqları ölümə aparan 9 yaşlı Məryəm – Dəhşətli oyun

Tarix:

25-05-2018, 09:00

/ 10 775 dəfə oxundu.
Uşaqları ölümə aparan 9 yaşlı Məryəm – Dəhşətli oyun

Yeniyetmələri və uşaqları intihara sürükləyən “Mavi balina” təhlükəsi bitməmiş indi də “Məryəm” təhlükəsi başlayıb. Ərəb ölkələrinin birində yaradılan bu oyun hələlik Azərbaycanda məşhurlaşmasa da, artıq bir çox ölkədə yeniyetmə və uşaqların intiharına səbəb olub.

Gunaz.az xəbər verir ki, orijinalı ərəb dilində olan oyunu əksər dilləri seçərək oynamaq da mümkündür. Xüsusilə 9 yaşdan yuxarı uşaqların oynamasına izn verildiyi deyilən oyunda ekranda kiçik bir qız uşağı görünür və o, oyunu oynayan şəxsdən evlərinə geri dönə bilmək üçün kömək istəyir. Bununla azyaşlı və yeniyetmələrin ruh halına pis təsir edəcək oyun başlayır.

Oyun onu oynayandan proqrama ancaq gecə və hər kəs yatdığı vaxt qoşulmağı tələb edir. Vahiməli musiqi sədaları altında davam edən oyunda oyunçudan şəxsi bilgiləri, ev və əlaqə nömrəsi tələb edilir. Oyunçunun sosial şəbəkə səhifələri istənilir. Verilən yanlış adreslər tanınmadığı halda oyunçu davam edə bilmir. Özü haqqında bütün bilgiləri verən uşaq isə artıq oyundan çıxa bilmir, ona təhdidedici mesajlar gəlir və hətta oyunçunun telefonuna itkin düşən 9 yaşlı “Məryəm” tərəfindən zəng də edilir.

Ən pisi isə təhlükə saçan bu oyunu həm Android, həm də İOS əməliyyat sistemləri dəstəkləyir.

Oyunun təhlükəsi və bir çox ölkədə intihara səbəb olması nəzərə alınaraq, Türkiyənin Ailə və Sosial Politikalar Nazirliyi tərəfindən qadağan edilib. Türkiyə ərazisində həmin oyunu yükləmək və oynamaq mümkün deyil.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, bu tip oyunlar uşaqlar üçün təhlükə yaradırsa, uşağın dünyagörüşünə, psixikasına ciddi zərər vurursa, qanunvericiliyə əsasən qadağan edilməlidir:

“Belə oyunlar uşaqların əldə etməsi qadağan edilən informasiyalar kateqoriyasına aiddir. Aidiyyəti qurumlar tək “Məryəm”oyunu yox, bu tip bütün oyunları araşdırmalıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə bu məsələni araşdırmalıdır”.

O.Gündüz bildirib ki, qanunvericilik sözügedən qurumların monitorinq aparmasına, uşaqların təhlükəsizliyinə təhdidlər yaradan resursların aşkara çıxarılmasına və bağlanmasına icazə verir:

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə hətta məhkəmənin qərarı olmadan təhlükəli saytları bağlamaq üçün səlahiyyət verilib. Sözügedən qurumlar monitorinq aparıb aşkara çıxarmalıdır ki, bu cür resurslar bizim uşaqlar, eləcə də cəmiyyət üçün təhlükə törədirmi? Əgər monitorinqlər zamanı qanunvericiliyə zidd məqamlar müəyyən olunarsa, nazirlik “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əsasən, həmin resursları bağlaya bilər. Hətta hər iki qurumun ekspertlərinin rəyi ilə araşdırmadan da oyunun qadağan olunması mümkündür”.

Ekspert ərəblər tərəfindən yaradıldığı iddia edilən”Məryəm” adlı oyunun təxribat xarakteri daşıya biləcəyini deyib:

“Azyaşlıları intihara sürükləyən oyunlar çoxdur. Müəyyən qruplar var ki, məqsədyönlü şəkildə belə fəaliyyətlə məşğul olurlar. Bu oyunu kimlərin yaratması məsələsi nisbidir. Ola bilər ki, oyunun yaradıcısı hansısa Con adlı bir şəxsdir. O, sadəcə belə ad qoymaqla internet istifadəçilərinin diqqətini cəlb etmək istəyir. Sosial şəbəkələrdə belə saxtakarlıqlara yol verilə bilir. Oyunun yaradıcıları bir milləti, xalqı nüfuzdan salmaq üçün də bu yola əl ata bilərlər”.(Axar.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ