Tanınmış telejurnalist İradə İsaq mərhum xalq artisti Fuad Poladovun həyatı ilə bağlı sirri açıqlayıb.
Gunaz.az xəbər verir ki, İradə İsaq F.Poladovun sevdiyi qadınla evlənə bilmədiyini və anasının ona əngəl olduğunu söyləyib.
Jurnalistin mərhum xalq artisti ilə bağlı Feysbuk statusunu təqdim edirik:
“Fuad Poladov dünyasını dəyişdi. Və mən bu həqiqəti artıq danışa bilərəm. O, şəxsiyyətdir niyə deyirik? Bir fakt deyəcəm. Bunu barmaqsayı adamlar bilir. Hamı bilir k, o daş kimi susqun və ciddi adam bəlkə ölənə qədər qəlbində böyük bir sevgini daşıdı. Gözəl aktrisa Vəfa Fətullayevanı. Anası rəhmətlik Hökumə Qurbanova onları ayırdı. Birdəfəlik. İllərini həsr etdi buna. Amma… Çox perspektivli bir gənclə, çoxları tanıyır, adını demirəm, Vəfa xanım nişanlandı.
Bir müddət sonra Vəfa xanım amansız qan xərçənginə yoluxdu. Xəstəlik güclənib, gözəlliyini əlindən alıb, onu xəstəxanaya salanda o nişanlı oğlan daha gəlməz oldu. İllərdir ondan ayrılan Fuad Poladov isə son nəfəsinə, son anına qədər sevgisi Vəfanın yastığının yanından əl çəkmədi. O, arıqlayıb çuxura düşmüş üzünü, damarlı əllərini öpə-öpə Vəfaya çirkinləşdiyini bildirmədi. Onun tökülmüş saçlarını daradı. Vəfa Fuadın qollarında keçindi. Uzun-uzun illər də evlənmədi Fuad bəy. Və mən bir gün bütün faktları toplayıb Vəfa xanım haqda film çəkdim. Elə faktlarım vardı ki… Xahiş etdim Fuad bəydən. Gəlin, onun haqda danışın dedim. O mənim iç dünyamda olanlardır dedi.
Susdu yenə. İlk dəfə mənə rədd cavabı verən müsahibimə “yox!” dediyi üçün təşəkkür etdim! Stalin də məmurlarına öz sevgilisinə dəlicə vurulan generalissimus Jukov haqda demişdi: “Bilirsinz, xalq Jukovu niyə sevir, sizi yox? Çünki o, bir qadına vurulacaq, onu bir ömür sevəcək qədər nəhəngdir. Jukov sevməyi bacarır!” Və sevməyi bacaranlar həmişə seviləcək”.