SON DƏQİQƏ

Səsimizə səs verin, Cənab Nazir !

Tarix:

15-03-2018, 21:10

/ 10 388 dəfə oxundu.
Səsimizə səs verin, Cənab Nazir !

Mən Səmədov Bəhruz Rəcəb oğlu stolüstü tennis üzrə Azərbaycan Milli Komandasının keçmiş üzvü və idman jurnalisti olaraq, Stolüstü Tennis Fedarasiyasının prezidenti və iqtisadi inkişaf naziri cənab Şahin Mustafayevə xahiş və müraciət etmək istərdim.

Qeyd edim ki, 2001-ci ildən Yeni Azərbaycan Partiyasın Yasamal rayon şöbəsinin üzvüyəm. Hər zaman cənab Prezidentimizin apardığı daxili və xarici siyasəti dəstəkləyən bir gənc olaraq Sizdən aşağıda qeyd etdiyim fikirlərimi nəzərdən keçirməyinizi xahiş edirəm. 

Cənab nazir!

İlk olaraq onu deyim ki, bu gün Azərbaycan stolustu tennisinin son illərdə əldə etdiyi nailiyyətlər və inkişaf etdiyi üçün bir keçmiş tennisçi olaraq Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. 

Qazanılan uğurlar bütün stolüstü tennisi sevən insanlar kimi məni də sevindirir. Gündən-günə əldə olunan nailiyyətlər bunun gələcəkdə yeniyetmə və gənclərin beynəlxalq arenaya açılan qapı olduğuna inanıram. 

Eyni zamanda onu da vurğulayım ki, qazanılan nəticələr barədə mətbuata yetərincə məlumat verilməsə də, mən və bu idmanın ölkəmizdə tanınması üçün çalışan insanlar federasiya üzvlərinin sosial şəbəkələrdəki paylaşmalarından istifadə edərək, müxtəlif informasiya saytı və agentliklərində yerləşdirərək dəstək olmağa çalışırıq. 

Keçən il ərzində əldə olunan nailiyyətlərdən builki nailiyyətlərə qədər hər zaman əldə edə bildiyimiz məlumatları idmansevərlərin diqqətinə çatdıraraq müəyyən qədər köməklik etmişik. 

Lakin bütün bunlara baxmayaraq, fedarasiyanın mətbuat vasitələri ilə qurulan iş demək olar ki, yox dərəcəsindədir. Buna sübut olaraq fedarasiyanın idman işləri üzrə meneceri, milli komandanın xanımlardan ibarət keçmiş üzvü Könül Mikayılovanın (Mürsəlova) jurnalistlərə olan etinasızlığını göstərmək olar. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın idmana və idmançılara göstərdiyi dəstək göz qabağındadır. 

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın hər zaman jurnalistlərlə dostluq etdiyi hamıya məlumdur.

Ancaq rəhbərlik etdiyiniz qurum tərəfindən görülən böyuk işlərin nəticəsinin yetərincə işıqlanmasını istəməyən federasiyanızın bəzi nümayəndələrinin mediaya qarşı münasibəti heç də ürəkaçan deyil. 

Xatırladım ki, 22 fevral 2018-ci il tarixdə federasiya rəsmiləri fedarasiyanın bütün məşqçilərindən və tennisçilərdən ibarət bir toplantı təşkil etmişdi. Mən də millinin keçmiş üzvü və idman jurnalisti olaraq toplantıya qatılmışdım. Tədbirdə bir az keçəndən sonra aparıcılardan biri məni ayağa qaldıraraq “bu tədbir federasiyanın öz üzvləri ilə toplantısıdır, sən jurnalistsən, bəlkə uşaqlar səndən utanıb danışmaq istəmirlər?” - deyə mənə irad bildirdi.

Mən də öz növbəmdə “mən keçmiş tennisçi olaraq bu toplantıya qatılmışam” dedim və buranı tərk etmək fikrimin olmadığını bildirdim. 

Sonda isə tam dəqiqləşdirdim ki, bu sözləri də mənə qarşı Könül Mikaylova işlədib. 

Cənab nazir!

Sadəcə, mənə çox maraqlıdır ki, federasiyanın bəzi üzvləri mətbuatdan niyə qaçır? Nəyə görə yarışların başlanğıcında və sonunda yarışı işıqlandırmaq üçün media nümayəndələri dəvət olunmur? 

Mən keçən il Xaçmaz rayonunda yeniyetmələr arasında keçirilən yarışda da Könül Mikayılova ilə belə bir problem yaşamışdım. 

O vaxt keçirilən yarışı öz maliyyə imkanlarıma görə mətbuatda işıqlandırmaq isdəyirdim. Amma K.Mikayılova “yarışın baş hakimi mənəm, mən də federasiyanın üzvüyəm deyərək” nə şəkil çəkməyə, nə də mətbuatda yayımlanmasına imkan vermədi. Hətta kinayə ilə mənə hədə-qorxu gələrək bunun mətbuata lazım olmadığını da bildirdi. 

Dəyərli idmansevərlərə onu da xatırladım ki, əslində Könül Mikaylova kimdir? Federasiya rəhbərliyində üç dəfə dəyişmələr olsa da, bu xanım hər zaman öz prinsipləri ilə çalışır.  

Həmişə özünün prinsiplərinə sadiq qalaraq, Azərbaycan stolüstü tennisinə yardımçı olmaq istəyən insanların arasında nifaq salmaq niyyətini həyata keçirib. 

2001-2003-cü illərdə K.Mikayılovla eyni klubu (“Neftçi”) təmsil etsək də, hər zaman özünün mənafeyini və prinsiplərini irəli sürən bir xanım olub. O zamanlar da bu cür hərəkətləri ilə seçilirdi. 

Məncə, bu xanım federasiyada hər hansı bir vəzifə tutmaqdansa, məşqçi kimi fəaliyyət göstərsə, Azərbaycan stolüstü tennisinə daha çox xeyir verə bilər. Mən bir idman mütəxəssisi və jurnalist olaraq bunu özlüyümdə düşünürəm. 

Cənab nazir!

Keçmiş tennisçi və idman jurnalisti olaraq Sizdən çox xahiş edirəm. Siz ilk dəfə federasiyaya prezident seçiləndə bütün tennis ictimaiyyəti ilə görüşdüyünüz kimi, yenə də bütün məşqçi-müəllimlərlə bərabər, bütün tennisçilərlə görüşməyinizin doğru addım olacağına inanıram. 

Çünki sizin bizlərlə və məşqçilərlə görüşməniz bütün tennis nümayəndələrini daha da ruhlandırar, eyni zamanda, düşünürəm ki, bu sahəyə xeyir vermək istəyənlərin nə sözü, dərdi varsa birbaşa sizin özünüzə çatdırılsa, daha effetkli olar. 

Mən bu kimi fikirlərimlə əslində Sizə ərizə formasında müraciət etmək istədim. Ancaq mətbuat vasitəsilə müraciət etməyi daha üstün tutdum və səsimin Sizə daha tez çatacağına inandım. 

Cənab nazir!

Əslində yazılacaq çox şeylər var. Sadəcə, mən son zamanlarda Sizin sayənizdə olan uğurları görərək bir çox incəlikləri qeyd etmək istəmədim. 

Yuxarıda qeyd etdiyim kimi, əgər bizlərlə görüşməyə zaman ayıra bilsəz, dediyim problemləri bütün məşqçilərlə bir arada müzakirə olunmasının tərəfdarıyam. Nəzərinizə çatdırmaq istədiyim digər detalları tennis ailəsinin üzvü olduğum üçün bu ailədə çözülməsinin bizim üzərimizə düşdüyünün fərqindəyəm.

Bu kimi problemlərdən birini qeyd etmək istərdim. Bu da bölgələrimizə olan yadlaşma prinsipidir ki, bu da Könül Mikaylovanın taktikasıdır. 

Yenə də təkrar etmək istəyirəm ki, fikrimcə,  K.Mikayılova məşqçi kimi fəaliyyət göstərsə, bu, gələcək tennisimiz üçün daha çox faydalı olar.

Son zamanlar tennisin kütləviliyi üçün jurnalistlərarası tennis yarışmaları təşkil edirdik. Bu, həm tennisin daha çox tanıdılması, həm də jurnalistlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yaxşı fürsət idi. 

Ancaq son iki ildi bu kimi tədbirlərə federasiya tərəfindən qadağa qoyulub. Xatırladım ki, bu cür yarışların keçrilməsi üçün digər federasiyalar öz idman növlərində bizə dəstək olurlar. 

Düşünürəm ki, bu gun Azərbaycanda stolüstü tennisin yeniyetmələr və gənclər arasında populyarlaşması üçün Sizin şəxsən özünüzün məşqçilərlə görüşünüz vacibdir. 

Bu da öz növbəsində bölgələrimizdə fəaliyyət göstərmək istəyən məşqçilərin daha da həvəslənməsinə yardımçı olacağına inanıram. 

Onu da diqqətinizə çatdırım ki, bu yazını gecikdirməmin səbəbi hazırda gənclər və yeniyetmələr arasında keçriləcək Azərbaycan Çempionatının başlamasını gözləməyim olub. Çünki təxmin edirdm ki, bu çempionatın da mətbuatda işıqlandırılması lazımı səviyyədə təşkil olunmayacaq və nəticə göstərdi ki, mən təxminimdə yanılmamışam. 

Cənab nazir!

Ümidvaram ki, qeyd etdiyim nöqsanları nəzərə alaraq, lazımı tədbirlərin həyata keçirilməsi üçün öz göstərişinizi verəcək və ölkəmizdə stolüstü tennisin inkişafı üçün bundan sonra öz töhfənizi verəcəksiniz. Bir neçə il əvvəl tennisçilərlə görüşdüyünüz kimi yenə də bu cür təşəbbüs göstərərək, bütün tennisçilərin fikirlərini dinləyəcəksiniz.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ