Paytaxt ətrafı kənd və yaşayış massivlərində də yeni stansiyalar qurulur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) tərəfindən son nəsil simsiz rabitə (LTE) texnologiyasının tətbiqi zəif infrastrukturlu ərazilərdə telekommunikasiya xidmətlərinin təmin edilməsinə imkan yaradır. Belə ki, 100 mb/s məlumat ötürmə sürətinə malik olan LTE ən perspektivli simsiz texnologiyalardan biri hesab olunur. Artıq Bakının 2 ərazisində bu texnologiya pilot layihə şəklində uğurla həyata keçirilir.
Bu ilin mart ayından rabitə infrastrukturunun məhdud olduğu ərazilərin sakinləri internet və digər rabitə xidmətləri ilə təmin olunacaqlar. Digər layihə istifadəçiləri yüksəksürətli internetlə təmin etmək imkanı yaradan GPON texnologiyasının tətbiqidir. “Baktelecom” genişzolaqlı şəbəkənin əhatə dairəsini genişləndirmək məqsədilə bu texnologiya ilə 30 minə yaxın mənzildə müvafiq infrastruktur yaradıb, 5000-ə yaxın mənzil isə GPON texnologiyası əsasında rabitə xidmətləri ilə təmin olunub.
Müasir texnologiyaların tətbiqi istiqamətində görülən işlər əhaliyə fasiləsiz və dayanıqlı telekommunikasiya xidmətlərinin göstərilməsini mümkün edəcək.