“Baktelecom” “Pulsuz WiFi” zonalarının sırasına daha birini əlavə edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, bu gündən etibarən “Dədə Qorqud” parkını istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər.
Nazirliyib təşəbbüsü ilə Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyət (“Baktelecom”) tərəfindən reallaşdırılan ”İctimai İnternet” layihəsi çərçivəsində qoşulma sayı artıq 1 milyonu ötüb.
Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçəri şəhər”, Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış və Zabitlər, eləcə də “Port Baku Residence” və “Port Baku Mall” arasında yerləşən park (Fashion Avenue) da “Pulsuz WiFi şəbəkəsi ilə təmin edilib.
“Baktelecom” tərəfindən hazırda daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə qoşulma nöqtələrinin sayı artırılır. Yaxın zamanda Nərimanov parkında quraşdırılma işləri yekunlaşdırılaraq şəbəkənin aktiv edilməsi gözlənilir. İlin sonuna kimi əhalinin sıx istirahət etdiyi digər parklar da ictimai internet şəbəkəsinə qoşulacaq.
Gunaz.az