SON DƏQİQƏ

Xalq qəhrəmanı Sultanbəy

Tarix:

5-09-2017, 15:37

/ 1 854 dəfə oxundu.
Xalq qəhrəmanı Sultanbəy

Əsrin əvvəllərində Azərbaycanın Zəngəzur əyalətində üç Sultanbəy nəsli böyük fəaliyyət göstərirdi. Qafan mis mədənləri, Bərgüşad çayının axarı boyu inkişaf etmiş kənd təsərrüfatı, Çalbayır maldarlıq mülkləri onların əlindəydi.
Ulu Sultanbəylər nəslindən bu günlərə möhtəşəm qalalar, böyük körpülər, zəngin meşələr qalmaqdadır. İndiki Laçın rayonunun Kürdhacı kəndində yaşayan Sultanbəy maldarlıq sahəsində xüsusi ad çıxarmışdı.
Sultanbəy Zəngəzurda böyük hörmət və şöhrət sahibi, müdrik kəlamlar ustadı kimi tanınmış Paşabəyin oğludur. Paşabəy öz övladlarından Sultanbəylə Xosrovbəyin tərbiyəsinə, onların bir şəxsiyyət kimi yetişmələrinə xüsusi səy və böyük qayğıkeşlik göstərmişlər. Onlara şərqin qəhrəmanlıq və müdrik keçmişini öyrətdirmiş, Sultanbəyin hərb sənətiə, Xosrovbəyin tibb elminə yiyələnmələrinə hər cür lazımi kömək etmişdir.
Mükəmməl hərbi təhsil almış Sultanbəy rus ordusuna xidmət etməkdənsə, Çalbayırda yaşayan el-obasının qayğısına qalaraq, birinci növbədə, xalqın ağır güzəranını yaxşılaşdırmağı üstün tutmuşdur. Onun Çalbayır yaylaqlarında on minlərlə davarı, qara malı saxlanılardı. Kürdhacıda tikdirdiyi yağ-pendir zavodu nəhəng qurğular sistemini xatırladırdı. Yağın və pendirin zavod üsulu ilə keyfiyyətli istehsal edilməsi xəbəri digər Şərq və Avropa ölkələrinə də yayılmışdır. Hacısamlı, Şəlvə, Kürdhacı meşələrinin qırmızı palıdını konyak istehsal edən zavodlara daşıtdıran Fransa tacirləri Sultanbəyin yağ-pendir zavodunun məhsullarının da əsas müştəriləriydilər.
Bu vaxtı Kürdhacı kəndi Qafqazdakı rus ordusunun yağ-pendir anbarlarına çevrilmişdir. İstehsal olunmuş yağ, pendir böyük motallara, dəmir və ağac çəlləklərə doldurulub buzlu zirzəmilərdə, soyuq kahalarda saxlanılırdı. Məhsulları uzaq yerlərə daşımaq üçün bəyliyin xeyli atı, öküzü, kəl arabaları, dəvə karvanları vardı. Əsrin əvvəllərində dünya kapitalizmi Azərbaycanın sərvətlərini acgözlüklə qarmalayırdı. Bakı nefti, Gədəbəy, Qatar (Qafan) mis yataqları, Zəngəzur meşələri alman, fransız və ingilislərin caynağında idi.
Rusiyanın kiçik xalqları əsarət altında saxlamaq siyasəti Azərbaycanda daha dözülməz idi. Rusiya bir tərəfdən ağır vergilərlə xalqı soyub talayır, digər tərəfdən müstəmləkəçiliyin ömrünü uzatmaq üçün xalqın ziyalı və mütəfəkkirlərini Sibir sürgünlərində məhv edirdi. Əgər XIX-XX yüzilliklərdə Sibir çöllərində ölənlərin məzarları araşdırılsa, bu yerlərdə azərbaycanlıların yüz minlərlə qəbirləri tapılar.
O vaxt Azərbaycanı qoruyacaq vahid xalq ordusu yox idi. Ayrı-ayrı xanlıqlar, bəyliklər öz mülklərini qorumaq üçün kiçik süvari dəstələr saxlayırdı. Dinc əməklə məşğul olan Sultanbəyin ailəsinin də var-dövlətini mühafizə etmək üçün çox da böyük olmayan silahlı süvari dəstəsi vardı.
Türk ordusunun sirlərini ingilis kəşfiyyatına satmaq üstündə qulağı kəsildikdən sonra qaçıb İrəvana gəlmiş Andranik Uzunyan davakar erməniləri başına toplayıb silahsız Azərbaycan kəndlərinə tez-tez basqınlar edirdi. Onun yaraqlı quldur dəstələrinin törətdiyi vəhşiliklər haqqında Zəngəzura da bəd xəbərlər gəlib çatırdı.
Onlar azərbaycanlı uşaqları tonqallarda yandırır, boylu qadınların qarnına xəncər soxur, adamların başına mismar çalır, kürəyinə qaynar samovar bağlayır, qız və qadınların üzlərinə süngü və xəncərlə xaç şəkilləri çəkir, cavanların ayaqlarını nallayırdılar. Quldur daşnak birləşmələri bu minvalla yüzlərlə Azərbaycan kəndlərini viran qoyur, qarət etdikləri qənimətlərin hesabına nizami ordu yaradaraq Laçın rayonunun Zabıx kəndinə hücum çəkirlər. Bir günün içində Zabıx və Tat kəndlərini dağıdıb xaraba qoyurlar.
Tat qırğını
Daşnak ordusunun əsrin əvvəllərində Zəngəzurda törətdiyi vəhşiliklərdən ən dəhşətlisi Tat qırğınıdır. Andranikin quduzlaşmış ordusunun Tat kəndində törətdiyi vəhşiliklər heç bir müharibə tarixində görünməmişdi.
Bu döyüşdə tatlar baltadan, yabadan, ağacdan, daşdan istifadə edib şücaət göstərsələr də, qüvvələr nisbəti çox olduğundan düşmənin qarşısını ala bilməmişlər. Tatlar çox böyük itkilərlə məğlub olmuşlar. Daşnaklar camaatın bir hissəsini böyük kahalara doldurub ağzında gərmədən ocaq qalayıblar. Onları tüstüdə boğub, odda yandırıblar. Bir dəstə əsiri Zabıx kəndinə gətirdikləri zaman yolda erməni dığalar bir gürzəni ağacla götürüb qolları bağlı kişinin üstünə atırlar. İlan dərhal kişinin boynuna dolanıb üz-gözünü gəmirir. Sonra qulağını ağzına alır. Kişi bir qədər keçdikdən sonra huşunu itirib yerə yıxılır. Daşnaklar kişinin öldüyünü güman edib başına, kürəyinə bir neçə daş salıb gedirlər.
Əsir götürdükləri qadın və qızların əvvəl saçlarını kəsdirib çatı toxutdururlar. Onlara ağılasığmaz işgəncələr verib, çılpaq-çılpaq ağaclardan asırlar.
Quldur daşnak ordusunda xidmət edən bir erməni həkiminin göstərişi ilə sağlam görünən kişi və qadınların başlarını kəsib qanlarını ayrıca qablara yığırlarmış. Yetmiş uşağın qarnına süngü soxub yolboyu işarə daşları kimi düzürlər. Patrona qənaət etmək məqsədi ilə adamların başlarını daşların üstünə qoyub gürzələrlə əzərək Zabıx çayına tökürlərmiş. Qədim yazılı ağır bir daşı Ermənistana aparmaq üçün 20 nəfər Tat kişisini arabaya qoşurlar. Xumar adlı Tat gözəlini Andranikin çadırına apararkən Sərt döngə deyilən yerdə qız qəflətən yerdən daşı cəld götürərək başına vurub, özünü öldürür. Xumarın qardaşı İbrahimi qolu bağlı itlərin qabağına ataraq quduzlara parçalatdırır, sonra ağaca bağlayaraq sinəsinə bıçaq atırlar.
Daşnaklar törətdikləri vəhşilikləri Zəngəzur camaatı arasında yayıb vahimə yaratmaq üçün bir neçə qadın və kişinin budlarına, kürəklərinə möhürə bənzər dəmiri qızardıb basaraq Abdallar kəndinə tərəf buraxırlar. Xəbər Ağanus, Fətəlipəyə, Şüyüdlü, Mığırdərə, Malxələf kəndlərinə çatanda camaat sel kimi axışıb köməyə gəlir. lakin iş-işdən keçibmiş. Kəndlər tamam yandırılıbmış, əhali qırılıb məhv edilibmiş.
Zəka silahdan da güclüdür
Tat qırğınının axşamı Andranik Abdallardan Şuşaya keçmək üçün Sultanbəydən yol istəyir. Elçiləri vasitəsi ilə Sultanbəyə çatdırır ki, hərgah Qarabağ yürüşümün təhlükəsizliyini təmin edə bilsə, sənə istədiyin qədər qızıl verərəm. Sultanbəy cavabında bildirir ki, hələ bu elin igidləri qeyrətlərini pula satmayıblar.
Xalqı yaranmış vəziyyətdən çıxarmaq üçün ciddi tədbirlər görə biləcək iti zəkaya ehtiyac var idi. Sultanbəy Şuşa quberniyasında işləyən çox ağıllı, müdrik zəkalı qardaşı general Xosrovbəylə təcili məsləhətləşdikdən sonra Andranikə bildirir ki, onun Qarabağ yürüşünün təhlükəsizliyini təmin etmək üçün bir qədər silah lazımdır.
Andranik Sultanbəyə 20 qatır yükü silah verir. Sultanbəy Andranikdən aldığı sursatla özünün süvari dəstələrini silahlandırıb Qaladərəsindən Şuşaya gedən yolda, Yeddiqatın ayağında nal şəkilli pusqu yaradır. Andranikə xəbər göndərir ki, yolda şübhə doğurmamaq üçün topları da sökdürsün və mənim işarəmi gözləsin. Andranik belə də edir. Topları sökdürüb, yükləri hazırlatdırır. Əhvalatın üçüncü gününün axşamı Sultanbəy Andranikə xəbər göndərir ki, gecə gəlib keçsin. Andranik xəbəri alandan bir az sonra silah yüklənmiş 170 qatır karvanını Şuşaya yola salır, özü isə sübh çağı ordu ilə getmək qərarına gəlir.
Eyni zamanda həmin gecə Sultanbəy bir neçə atlıya neft dolu tuluqlar verdirib tapşırır ki, Dığa, Xınzirəyə, Gorusa, Sisyana gedib Andranikin gəldiyi yollardakı bir neçə erməni kəndlərinə od vursunlar.
Gecə Andranikin silah aparan karvanı yeddiqata çatanda Sultanbəyin pusquda dayanmış süvariləri meşədən çıxıb silah yüklü qatır karvanının yönünü Kürdhacı kəndinə tərəf döndərirlər. Beləliklə, zəhmli silahlar Andranikin ordusunun əlindən çıxır.
Həmin gecə arxa kəndlərdən tez-tez çaparlar gəlib. Andranikə bildirirlər ki, türklər arxadan hücuma keçib kəndləri yandıra-yandıra gəlirlər. Qayıdıb onların qabağını kəsmək lazımdır.
Gecədən xeyli keçmiş Andranikə xəbər verirlər ki, Qarabağa göndərdiyin silah yüklü qatır karvanı keçib Sultanbəyin dəstələrinin əlinə. Bu xəbəri eşidən Andranik buraxılmış səhvin nə ilə nəticələnəcəyini dərk edərək qorxu və həyəcanını ordusundan gizlədə bilməyib çox bərkdən hönkürərək zarıyır. Sonra orduya geri qayıtmaq əmri verir. Andranikin ordusu geri dönüb Zabıx kəndinin yaxınlığındakı dərin dərədən Dığ kəndinə keçmək istəyərkən Sultanbəyin dəstələri daşnakları mühasirəyə alıb dərəni qabaqdan və arxadan kəsirlər.
Tarixdə daşnaklara ibrət dərsi olsun deyə Sultanbəy quldur ordusunun 30 min əsgərini quzğunlara yedirtdirir, 61 sərkərdəsinin başını kəsdirib Hacısamlı meşəsində saxlatdırdığı şirlərə atdırır. Qocalar danışırlar ki, bir müddət Zabıx çayı qan axırmış.
Mükəmməl hərbi biliyə yiyələnmiş Sultanbəyin "Dağlarda tufan”, "Güllə ətdən keçib, ətdə soyumalı”, "Zərbə dalınca zərbə”, "Nalşəkilli mühasirə”, "Üçbucaq”, "Qəflətən hücum”, "Güllədən leysan”, "Mövqe seçmək bacarığı” kimi hərbi taktiki nəzəriyyələrindən daşnakların Zəngəzurda əzişdirilməsində çox böyük ustalıqla istifadə edilmişdir.
Andranikin quduz ordusunun Zabıx dərəsində məhv edilməsi xəbəri Zəngəzur kəndlərində böyük ruh yüksəkliyinə səbəb olub. Bundan sonra hamı Sultanbəyin dəstələrinə köməyə qalxıb. Sultanbəy Zəngəzura soxulmuş daşnak quldurları təmizləmək məqsədi ilə öz dəstələrinə üç istiqamətdə hərəkət etməyə göstəriş verir:
1. Canqutaran dağının ətəyində ciddi təlim keçirmiş 700 atlıdan ibarət Minkənd alayı Qaragöl, Üçtəpə, Burunkənd, Gorus istiqamətində hərəkət edib Xınzirək kəndinə dolmuş daşnaklara arxadan güclü zərbə endirməli, Haramı düzündə İrana qaçan daşnak qruplarını mühasirədə saxlayan Güləbirdli Aslanbəyin və Məzməzək igidlərinin köməyinə çatmalı idi.
2. Zabıx dərəsində qələbə qazanmış dəstələr Dığ, Xınzirək istiqamətidə sürətlə irəliləyib Haramı düzünə köməyə gələn İldırımbəyin dəstələrinə qoşulmalı idi.
3. Malxələf, Fərəcan istiqamətində hərəkət edib Başarat meşəsinə Haral, Xocabird tərəfdən soxulmuş Qarabağ daşnak qruplarına qarşı vuruşan Kişi Tavat, Ovçu Sultan, Pələng Rəsulun dəstələrinə kömək edib meşəni daşnaklardan təmizləməli idi.
Qaragöl döyüşü
Sultanbəy Məlik-Əjdər türbələri yanında tikilmiş böyük çadırda Araz çayı ətrafından gəlmiş nümayəndələr ilə yaylaq məsələsini müzakirə edirdi. Görüşdə Qatar, Zəngilan, Cəbrayıl, Qubadlı bölgələrindən olan bəylər də iştirak edirdilər.
Qatar bölgəsidəki vəziyyət haqqında çıxış edən nümayəndə daşnakların Cavidan tarixi abidələrini vəhşicəsinə dağıtmalarından kədərlə danışdı.
Sultanbəy üzünü Çal Aslana tutub Qaragöl döyüşü haqqında tədbirlərini deməsini təklif etdi. Çal Aslan ağır döyüşlərdən qalib çıxmış sərkərdə təmkini ilə ayağa durub bir qədər qəzəbli nəzərlə Cavidan abidələrinin sındırılmasından danışan nümayəndəyə baxdı. Bu baxış məxfi müşavirədə iştirak edən bütün bəylərə xüsusi təsir bağışladı. O açıb deməsə də, daxilən keçirdiyi mənəvi gərginlik aydın hiss olunurdu. Baxışlarıyla soruşurdu ki, bəs hanı sizin elin kişiləri ki, ata-baba yurdlarınızı dığalar dağıdırlar? Sonra o, Qaragölü Zəngəzur dağlarının üzük qaşı adlandırdı. Onun xalq təsərrüfatı üçün böyük əhəmiyyətindən danışdı. Bu göldə qiymətli balıq növlərinin yetişdirilə bilməsindən dedi. Nəhayət, yaxın vaxtda Qaragöldə başlanacaq ağır döyüşlərin necə əlaqələndirilməsindən və necə idarə olunmasından danışaraq fikirlərini belə şərh etdi:
- Daşnaklar Qaragöl ətrafına böyük qüvvə toplamışlar. Məqsədləri qar əriyən kimi yaylaqları tutmaq, Minkənd, Şəlvə istiqamətində hərəkət edib Dəli dağdan Qarabağa enmək, bu yay aran ellərimizi yaylaqdan məhrum etməkdir. Bu çox təhlükəli bir siyasətdir. Hərgah biz aran ellərimizin mal-qarasını, qoyun-quzusunu yaylağa çıxartmasaq, hamısı qızdırıb və müxtəlif xəstəliklərə tutulub qırıla bilər. Bununla düşmənlər bizim iqtisadiyyatımıza böyük zərbə vurmuş olarlar. Biz Qaragöl yaylağından düşmənləri yaxın vaxtda təmiz qovmalıyıq. Bunun üçün təklif edirəm:
1. Qatar, Zəngilan, Qubadlı ellərindən təşkil olunmuş dəstələr Gorusa sağ cinahdan hücum edib daşnakların şəhərdəki qüvvələrinin başını qatsınlar.
2. Bəhlul Behcəti yaratdığı Müsəlman din ordusu Kəcavə yolu ilə gəlib Yazı düzünə çıxsın. Ağdərə yoxuşundan aşıb Qaragölün Qannıca dağı tərəfdən olan sahəsini mühasirəyə alsınlar.
3. Xilaskar ovçular: Balakişinin, Əhmədin, Xəlilin, Kərəmin, Əlyanlı Sultanın dəstələri Burunkənddən Qaragölə gedən yolu kəssinlər.
4. Minkənd alayı Sisyandan gələn yolu kəsməklə hərdən arxa tərəfdən zərbə endirsin.
5. Dəli Xanların dəstəsi Xosrovbəyin Şuşadan göndərdiyi pəhlivanlar dəstəsinə qoşulub Qannıca dağından Qaragölə gələn yolu nəzarət altında saxlasın.
6. Pulemyotçular Çınqıllı dağda pusqu yaratsınlar.
7. Düşmənə əsas zərbə Qaranlıq dərədən toplarla endirilsin.
8. Aşıq Abbasın təbilçi və Zurnaçılar dəstələri döyüş günü tezdən Dəli Xanların dəstələrinin qabağında meydana tərəf hərəkət etsinlər. Gürz vuran, qılınc çalanları döyüşə ruhlandırsınlar.
Dünya görmüş Kərbəlayı Məmməd, Bəhlul Behcət, Qazi Çələbi Çal Aslanın çıxışına heyran qalmışdılar. Güləbirdli Aslanbəy yerindən qalxıb "döyüşün vaxtını bilmədim” - dedi. Sultanbəy özü cavab verərək bildirdi ki, Qaragöl döyüşü may ayının onunda səhər saat dörddə başlanacaq. Bununla Məlik-Əjdər məxfi görüşü öz işini qurtardı. Hamı verilən tapşırıqları yerinə yetirmək üçün böyük məsuliyyət hissi ilə çadırdan çıxırdı. Bəhlul Behcət Sultanbəyi ilk dəfə burada gördüyü üçün ona yaxınlaşıb əl verdi. Sultanbəy ona ehtiramla baş əyib təşrif gətirməyinə təşəkkür etdi. Bəhlul Behcət Azərbaycan dilinə tərcümə edib qurtardığı "Quran” kitabının nəfis toxunmuş, üstündə qılınc şəkili olan dəsmala bükülü bir nüsxə əlyazmasını Sultanbəyə bağışladı.
1917-ci ili may ayının 10-da Sultanbəy döyüşə rəhbərlik etmək üçün Çınqıllı dağın döşündə tikilmiş alaçığın qabağında atdan düşüb dürbünlə daşnakların qərargahına və ətraflara bir qədər baxdıqdan sonra Sultanbəylə görüşməyə hazır dayanmış Çal Aslana əl uzatdı. Çal Aslan iki əllə Sultanbəylə görüşüb səngərlərdən yenicə gəldiyini bildirdi. Əlavə etdi ki, hər şey öz qaydasındadır. Lazımlı bütün tədbirlər görülmüşdür. Hamı sizin işarənizi gözləyir. Sultanbəy cib dəsmalını çıxarıb alaçığın qabağındakı daşın üstünə sərdi. Çol döş cibindən Bəhlul Behcətin Azərbaycan dilində verdiyi "Quran”ı dəsmalın üstün qoyub üzü qibləyə doğru dedi: "Ey "Quran”, haqq işimizə görə bizə kömək elə”. Sonra ehtiramla "Quran”ı götürüb döş cibinə qoydu. Şad təbəssümlə Çal Aslana baxıb qaranlıq dərədə yerləşən topçulara tərəf bir fişəng atdı. Bir anda topların səsi dağları lərzəyə gətirdi. Sərrast nişanlanmış topların mərmiləri düşdüyü yerlərdə daşnakların bütün sursatlarını torpaqla birlikdə göylərə sovurdu. Güclü top atəşinə məruz qalmış daşnaklar səhərin ala qaranlığında nəinki müqavimət göstərməyə imkan tapa bilmirdilər, hətta qaçmağa belə yer yoxuydu. Hansı səmtə üz tuturdularsa, güllə yağış kimi yağırdı. Topların səsinə Gorus şəhərinin və ətraf kəndlərin camaatı da oyanmışdı.
Qaragöl döyüşündə Sultanbəy 9 uzaqvuran, 5 yaxınvuran toplardan, 40 pulemyotdan, 3 min müxtəlif növ tüfəngdən, 120 qılıncdan, 50-dən çox gürzdən, 9 minə yaxın adamdan istifadə edirdi. Döyüş axşama qədər davam elədi. Demək olar ki, düşmənin əsas hərbi sursatı məhv edilmişdi. Əsir alınanların sayı 600-dən çox idi. Böyük düz qırılan və yaralananlarla dolu idi. Qaranlıq düşənə yaxın Sultanbəy topları döyüş meydanından çıxartdırıb Gorusun qaşına apartdırdı. Bir qədər sonra Gorus şəhəri toplardan atəşə məruz qaldı. Şəhərdə ciddi qarmaqarışıqlıq yaranmışdı. Bu vaxt Xınzirək kəndinə tərəf qaçanların sayı daha çox idi. Çal Aslanın göstərişi ilə Ağaməmməd Minkənd alayı ilə Xınzirək kəndini mühasirəyə aldı.
Ağaməmməd dəfələrlə ağır döyüşlərdən zəfərlə çıxmışdı. Ona Zəngəzurun dişli qartalı deyərmişlər. Ağaməmmədin adam gəmirən atları çox daşnak başı qopartmışdı.
Sabahısı gün Sultanbəyin Qaragöl ətrafındakı dəstələri bəzi işləri sahmana saldıqdan sonra qələbə mahnıları oxuya-oxuya Xınzirək kəndini mühasirədə saxlayan Ağaməmmədin dəstələrinə köməyə gəldilər. Xınzirək kəndinin camaatı müqavimətsiz Ağaməmmədin dəstələrinə qoşularaq daşnakları kənddən qovdular. Bununla Zəngəzur yaylaqlarındakı bütün təhlükələr aradan qaldırıldı. Sultanbəy Araz çayı ətrafındakı tərəkəmə ellərinə adam göndərdi ki, yaylaqlara arxayın köçə bilərsiniz.
Səbahəddin Eloğlunun
"Zəngəzur hadisələri” kitabından
Hazırladı: R.İlyasoğlu

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ