SON DƏQİQƏ

Hava ilə bağlı xəbərdarlıq

Tarix:

8-08-2017, 11:51

/ 3 605 dəfə oxundu.
Hava ilə bağlı xəbərdarlıq

Hava şəraiti ilə bağlı işəgötürənlərə bu il ərzində iki dəfə xəbərdarlıq edilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyib.
Onun sözlərinə görə, bu vaxta qədər heç bir vətəndaş tərəfindən temperatur +41 dərəcə olduğu halda açıq havada işləməyə məcbur edilməsi barədə müraciət daxil olmayıb: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin işi işəgötürənləri Əmək Məcəlləsinin tələblərinə əməl etməyi tövsiyə etməkdir. Bu il ərzində iki dəfə isti hava şəraiti ilə bağlı işəgötürənlərə müraciət edilib. Xidmət əməkdaşlarının iş yerlərində monitorinq aparmaq səlahiyyəti yoxdur. Yalnız bu barədə işçilərin müraciəti əsasında tədbir görə bilərik. Bu vaxta qədər də belə bir müraciət olmayıb”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciətində yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməli olduğunu bildirib. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir.
Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ