SON DƏQİQƏ
» » “Diqqət, mən üç yüz birəm”-Şirin Mirzəyev

“Diqqət, mən üç yüz birəm”-Şirin Mirzəyev

Tarix:

22-06-2017, 15:01

/ 3 493 dəfə oxundu.
“Diqqət, mən üç yüz birəm”-Şirin Mirzəyev


 

Bakı Humanitar Kollecinin akt zalında "Qarabağ qaziləri” və "Xankəndi” ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin anım günü keçirildi. Tədbirdə millət vəkilləri, QHT rəhbərləri, şair və yazıçılar, Qarabağ müharibəsi veteranları, müəllim və tələbələr iştirak etdilər. Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan tədbiri Azərbaycanın ilk hərbi diktoru, vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı açdı və vətən uğrunda, sərhədlərimizin qorunmasında döyüşərək şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əslən Şuşanın Mirzəli kəndindən olan Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində anadan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirərək uzun illər Sovet ordusunda xidmət etmişdir. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradaraq alay komandiri kimi Ağdam rayonunun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərmişdir.
Şirin Mirzəyev 1992-ci ilin iyun ayının 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı minaya düşərək həlak olmuş, iyunun 20-də Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş polkovnik-leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində Naxçıvanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik etmişdir.
Tədbirin aparıcısı onu da bildirdi ki, 18 iyun 1992-ci ildə Şirin Mirzəyevlə yanaşı 708 saylı briqadanın tank komandiri baş leytenant Qahir Hüseynov (ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib), 836 saylı alayın xüsusi təyinatlı zərbə hücumu dəstəsinin komandiri leytenant Yavər Babayev, Mübariz və Araz Mirzəyev də (hər ikisi Şirin Mirzəyevin yaxın qohumlarıdır) şəhid olublar.
Sonra Qarabağ qazisi Rey Kərimoğlunun ssenarisi əsasında çəkilmiş "Diqqət, mən üç üz birəm” sənədli filmi nümayiş olundu. Filmdə sabiq müdafiə naziri Valeh Bərşadlının, eləcə də qəhrəmanın döyüş dostlarının kövrək xatirələri tədbir iştirakçılarında qürur hissi oyatdı.
Millət vəkili Aqil Abbas Azərbaycanda ilk nizami ordu yaradan Şirin Mirzəyevin qəhrəmanlığından, cəsurluğundan iftixarla danışdı.
Orta məktəb şagirdi Fidan Məmmədova "Sən qalib gələcəksən” şeirini söylədi.
İgid sərkərdə Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova tədbir iştirakçılarına dərin minnətdarlığını bildirərək dedi: "40 yaşında körpə uşaqlarını mənə etibar edərək döyüş bölgəsinə gedən Şirin Mirzəyevi saxlamaq qeyri-mümkün idi. Onunla bir sinifdə, eyni partada oturardıq. Son dərəcə qabiliyyətli idi. Gözəl rəsmlər çəkərdi. Hər gün kitab oxuyardı. Mütaliədən qalmazdı. Sözübütöv, dürüst idi. Allahdan cəmi şəhidlərimizə rəhmət diləyir və Şirin Mirzəyevi bu gün də unutmayan döyüş dostlarına, millət vəkillərinə, hər kəsə təşəkkürümü bildirirəm”.
"Şəmistan Əlizamanlının ifa etdiyi vətənpərvər ruhlu marş mahnıları hər kəsdə xoş ovqat yaratdı.
Tədbirin sonunda Xan Şuşinskinin səsləndirilən bənzərsiz Qarabağ şikəstəsi” sınıq qəlblərə sanki məlhəm səpərək bizi qələbəyə - Şuşaya, Qarabağa səsləyirdi.
Rauf İlyasoğlu,
Şəhid Ailələrinə Sosial Dəstək və Beynəlxalq Əlillər Cəmiyyəti

İctimai Birliklərinin Mətbuat Xidmətinin rəhbəri

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ