
"İmtahanların pullu olması çox acınacaqlı vəziyyət yaradıb. İnsanlar var ki, övladları ali məktəbə qəbul olunduqdan sonra, pul tapıb onları oxutdura bilmir. Belə vəziyyəti yaşayan ailələr olduğu zamanda üstəlik imtahanları da pullu edirik. Bu da minlərlə imkansız insanın sosial durumuna mənfi təsir edir”.
Modern.az-a istinadən xəbər verilir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli deyib.
"Məsələn, bəyənmədiyimiz Liviyada bütün təhsil sistemi dövlətin hesabına həyata keçirilir. Azərbaycan cəmiyyətində isə gözümüz görə-görə minlərlə gənc təhsildən uzaqlaşdırılır. Çünki adi imtahan verməyə imkanı çatmır. Uşaqlarımızın təhsildən kənar qalmasına nə ad vermək olar?! 1947-ci ildə Yaponiyada imperator İro Hito yeni Konstitusiya qəbul etdi.
Konstitusiyaya əsasən, hərbi sahəyə pul ayrılmadı. Bütün pulu təhsilə qoydular. Bununla da, Yaponiyada tərəqqi baş verdi. Bizim cəmiyyətimizin gələcəyinin hansı vəziyyətdə olması təhsilin səviyyəsindən asılıdır. Bu cür məsələlər gələcəyimizə balta vurmaqdan başqa bir şey deyil. Bunu ürək ağrısı ilə deyirəm”.