Ölkədə internet sürətinin zəifliyi ilə bağlı - RƏSMİ AÇIQLAMA
Tarix:
4-04-2017, 12:32
/ 2 909 dəfə oxundu.
Ölkədə uzun müddətdir davam edən internet problemi ilə bağlı rəsmi cavab verilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Gunaz.az-a verilən açıqlamaya əsasən, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) tərəfindən Bakı şəhəri üzrə kabel-kanal infrastrukturunda əsaslı təmir işləri aparılır. Artıq 10 000-ə yaxın quyu texniki normalara uyğun vəziyyətə gətirilib. Qurumun daxili imkanları hesabına həyata keçirilən profilaktik təmir-bərpa işləri zamanı istismar müddəti bitmiş və zavod istehsalatı dayandırılmış qurğuşun qoruyucu qatlı kabellər zədəyə davamlı xüsusi örtüklü, müasir standartlara cavab verən optik kabellərlə əvəz edilir. Digər tərəfdən, dəyişkən hava şəraiti hava rabitə xətlərinin qırılması və sıradan çıxması kimi halların baş verməsinə səbəb olur ki, bu da rabitə xidmətlərinin təminatında fasilələrin yaranmasına və ya xidmətin dayanmasınagətirib çıxarır. Bu məqsədlə hava rabitə xətlərinin dirəkləri yenilənir, optik kabellər küləyə davamlı troslu fiber-optik kabellərlə, dirəklərdən və paylayıcı şkaflardan abunəçiyə xidmət göstərən rabitə xətləri isə yeni simmetrik kabellərlə əvəz edilir. Aparılan təmir işləri zamanı müvafiq ərazilərdə abunəçilərin internet təminatında fasilələr yarandığı halda BTRİB tərəfindən abunəçilərin öncədən məlumatlandırılması təmin edilir. Rabitə xidmətlərinin müvəqqəti dayandırılması barədə abunəçilərə avtomatlaşdırılmış anons zəngləri edilir və müvafiq binaların girişlərində elan lövhələri yerləşdirilir. Bundan başqa, BTRİB paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan "Evədək internet” (Fiber to the home - FTTH) layihəsinin icrasını da davam etdirir. İstifadəçinin yüksəksürətli multimedia xidmətləri ilə təminatı GPON (Giqabit Passive Optical Network) avadanlıqları vasitəsi ilə həyata keçirilir. Sözügedən avadanlıqlar mövcud şəbəkə infrastrukturunun keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Nəticədə, eyni infrastruktur üzərindən əhaliyə telefon rabitəsi, internet və yüksək keyfiyyətli rəqəmsal televiziya xidmətlərinin göstərilməsi mümkün olur. Eyni zamanda, GPON məlumat ötürmə sürətini 100 dəfəyədək artırma gücünə malikdir. Genişzolaqlı xidmətlərin üstünlüyü ondan ibarətdir ki, bu tip xidmətlər daha keyfiyyətlidir və əhaliyə sərfəli paketlər şəklində təklif olunur. Eyni zamanda GPON avadanlıqları daha portativ olmaqla az yer tutur və enerji sərfiyyatını da minimuma endirir. Layihə gələcəkdə istismara verilmiş bütün yaşayış binalarını əhatə edəcək.