Azərbaycan, Minsk qrupunun illərdir görməzlikdən gəldiyi tarixi biabırçılığı aradan qaldırdı
Tarix:
6-11-2023, 10:26
/ 2 327 dəfə oxundu.
Bildiyimiz kimi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən “44 günlük Vətən müharibəsi” ndə müzəffər Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərib Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın mühüm hissəsini azad edərək öz şücaətləri ilə tariximizə yeni bir tarix yazdılar. Erməni talançıları isə arxalarına baxmadan bölgəni tərk etdilər. Lakin Ermənistan silahlı qüvvələrini əvəz edən erməni quldur dəstələri bu dəfə terror missiyasını öz üzərinə götürərək, dayanmadan təxribat əməllərinə davam etdilər. Son bir neçə ayda silahlı erməni quldur dəstələri Azərbaycan ordusunun mövqelərini sistemli şəkildə atəşə tutmaqla və quruda mina yerləşdirməklə gərginliyi artıraraq Ordumuzun hərbi müdaxiləsinə zəmin yaratdılar. Təbii ki bütün bunların qarşısında xalqımız susa bilməzdi. Dövlətimiz düzgün və münasib qərarla hərəkətə keçdi. Məqsədimiz ermənilərin Qarabağdakı quldur dəstələrini tərksilah etmək idi və Ali Baş Komandanın əmri ilə ordumuz regionda Azərbaycanın suverenliyini bərqərar etmək məqsədilə antiterror əməliyyatına başladı. 2023-cü il sentyabrın 19-da başlayan hərbi əməliyyatlar 24 saat (23 saat 43 dəqiqə) başa çatmadan, quldur dəstələri mərd igidlərimizin qarşısında duruş gətirə bilməyərək silahlarını yerə qoydular. Atəşkəsi qəbul edən separatçılar Bakı ilə masa arxasına oturdular. Cənubi Qafqazın ən təcrübəli siyasətçisi, bundan sonra nələrin baş verəcəyini bilən Ali Baş Komandan İlham Əliyev Ermənistan administrasiyasının, “məcburi köçkün” kimi adlandırdıqları Ermənistan vətəndaşlarının hüquqlarının qorunmasına zəmanət veriləcəyinə söz verdi .
Yaranmış vəziyyətdən sonra Qarabağda qanunsuz məskunlaşan erməni separatçıları öz yalanlarına dayanaraq “Artsax Respublikası” adlandırdıqları “anklav”ın ləğv ediləcəyini bəyan etdilər . Yeri gəlmişkən, texniki terminlər olan “eksklav” və “anklav” terminləri haqda məlumatı olmayanlar üçün izah verməyə çalışacağam. Eksklav (fra. Exclave-dən) ərazisi siyasi mənsubiyyəti olduğu bölgə ilə coğrafi baxımdan bağlı olmayan və onunla bu region arasında başqa siyasi bölgə olan bir bölgədir. Anklav (fra. Anklavdan) ərazi bir ölkənin digər ölkə ilə əhatə olunmuş torpaq hissəsidir. Məsələn, Cənubi Afrika ilə əhatə olunmuş “Lesoto” “anklav” ərazidir. Türkiyənin “eksklav” torpağı Suriyadakı “Kaber qalası”dır. İsveçrədə həmçinin iki “anklav” var: Bunlardan biri Almaniyaya məxsus “Büsingen” və İtaliyaya məxsus “Campione d’Italia”dır. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının eksklavıdır. Məhz buna görə də Qarabağdakı erməni separatçıları öz bəyanatlarında vəziyyətlərini beynəlxalq jarqonla izah etməyə ehtiyac duyaraq öz uydurmalarına dünyanın inanmasını istəyirdilər. Nə deyirdilər? Deyirdilər ki, biz “Anklav” torpağıyıq və Ermənistanla siyasi bağlıyıq. Onun mövcudluğunun səbəbini izah etməyə çalışırdılar. Lakin onların dediklərinin tamamilə yanlış olduğu və heç bir hüquqi əsasının olmadığı aşkar idi. Çünki onların yerləşdiyi torpaq beynəlxalq hüquq və siyasət baxımından Azərbaycan ərazisidir. Ta qədimdən tarixin hər səhifəsində Qarabağda Azərbaycan igidlərinin, sərkərdələrin adlarına rast gəlmək mümkündür. Tarixin daşlaşmış vərəqlərini açdıqca bütün həqiqətlər göz önünə səpilir. Hələ VI əsrdə Qarabağda Xəzərlər, Səlcuqlar, Eldənizlilər, Elxanilər, Qaraqoyunlular, Teymurilər, Ağqoyunlular, Səfəvilər, Avşarlar, Qacarlar hakim idi. Adını tarixə yazmış türk igidləri, türk ərənləri yaşayıb bu yurdda. 19-cu əsrdə ruslar erməniləri bölgəyə yerləşdirənə qədər Qarabağda demək olar ki, erməni yox idi, bölgə tamamilə türklərdən ibarət idi. Hətta erməni sovet siyasətçisi Anastas Mikoyan Leninə 1920-ci il 20 may tarixli məruzəsində ermənilərin Qarabağla heç bir əlaqəsinin olmadığını və buranın Bakıdan ayrılmamalı olduğunu bildirmişdi. 1923-cü il iyulun 24-də Dağlıq Qarabağ Muxtar Vilayəti elan edildi. O zaman Azərbaycanın idarəçiliyində yaradılan bölgəyə Cavanşir, Şuşa, Cəbrayıl, Zəngəzur və Qubadlının bir hissəsi daxil idi. Başqasına məxsus olanı oğurlamağı özlərinə ata – baba məsləyi seçən və sovet Rusiyası tərəfindən dəstəklənən ermənilərin Qarabağ istiqamətində fəaliyyəti 1970-ci illərin sonlarına doğru getdikcə artdı. Azərbaycan isə göz bəbəyi olan Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etdi. Lakin hər zaman öz havadarlarının gücünə arxalanan ermənilər dinc durmadılar və 1987-ci ilin son aylarında Qarabağda yaşayan həmvətənlərimizi köç etməyə məcbur edilməyə başlandı. Bununlada kifayətlənməyib 1988-ci il fevralın 21-də Qarabağın Ermənistana məxsus olduğunu bəyan etdi və fevralın 24-dən başlayaraq bu bölgədə yaşayan azərbaycanlılara təzyiqlər göstərməyə başladılar. Həmin ilin iyununda Ermənistan SSR Azərbaycan Ali Sovetinə Dağlıq Qarabağla bağlı müraciət etdi, lakin bu təklif rədd edildi. Üstəlik, bu təklif Moskva tərəfindən qəbul edilmədi. Bundan sonra bölgədə yaşayan ermənilər 1989-cu ildə Qarabağa gedən nəqliyyatı kəsib yollara mina bastıraraq xaincəsinə nəzarəti ələ keçirməyə başladılar. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsi Milli Müdafiə Komitəsini yaradanda Ali Sovetin Rəyasət Heyəti Qarabağın Azərbaycana məxsus olduğunu bir daha təsdiqlədi. Lakin Sovet İttifaqı dağıldıqdan sonra 1992-ci ildə ruslardan dəstək alan ermənilər bütün dünyanın gözü qarşısında Qarabağda xüsusilə də Xocalıda insanlıq tarixinə qara ləkə kimi düşən , ağla belə gəlməyəcək vəhşiliklər törədərək bu torpaqları işğal etmişdilər. Elan olunmamış və xaincə planlaşdırılmış bu müharibə nəticəsində soydaşlarımızın əksəriyyəti canıyla qanıyla bağlı olduğu ata-baba yurdundan qaçqın düşdü, minlərlə azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi. Çox təəssüf ki bütün bu olanlar dünyanın gözü qarşısında olsa da heç bir beynəlxalq təşkilat lazımi addımı atmaqdansa düz 30 il susdular. Lakin haqsızlıq qarşısında nə qədər səbr etmək olar? 2020 ilin payızında cəmi 44 günə qazandığımız zəfərdən sonra Qarabağda aparılan yenidənqurma işləri bu torpaqların əsl sahiblərinin kimlər olduğunu açıq aşkar göstərdi.
Antiterror əməliyyatında sonra bölgədə qanunsuz yaşayan ermənilər vaxtilə azərbaycanlılara qarşı etdiklərinin fərqinə vararaq Ermənistana miqrasiya etməyə başladı. 31 il öncə Xocalıda yaşayan azərbaycanlılara qarşı etdikləri vəhşiliklərin əksinə Azərbaycan polisi millətimizə məxsus mərdliyi göstərərək köç edən ermənilərə çorək və su payladı. Köç edənlərdən məqsədli şəkildə alınan müsahibələr isə tarixi fakt olaraq lentə alındı. Bizim ana dilimizdə danışmağa çalışan hətta bizim inancımıza məxsus andlar içən “qonşumuz” öz danışıqları ilə özləri-özlərini ifşa edərək hansı millətə mənsub olduqlarını bir daha sübut etdilər.
Doğrudur bu qələbəni sevinclə qarşılayanlar da oldu həzm edə bilməyənlərdə. Lakin bütün dünya bilməlidir ki Azərbaycannın 2023-cü il sentyabrın 19-da Qarabağda başladığı və 24 saat ərzində başa çatan Antiterror Əməliyyatında ordumuz təkcə Qarabağı erməni terrorçu ünsürlərdən təmizləmədi . Ali baş komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu eyni zamanda 26 fevral 1992-ci il tarixdə 106-sı qadın, 83-ü uşaq, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər qətlə yetirilən soydaşlarımızın qisasını alaraq 31 il sonra Xocalıya girməklə Minsk qrupunun illərdir görməzlikdən gəldiyi tarixi biabırçılığı da aradan qaldırdı. Bu gün Xankəndində ümumilikdə bütün Qarabağda qoyulan dəmir yumruq abidəsi isə düşmənlərimiz üçün göz dağı, dostlarımız üçün qürur abidəsidir.