SON DƏQİQƏ

Təhsilə böyük zərbə: Ali məktəb bağlandı

Tarix:

19-01-2017, 01:36

/ 7 386 dəfə oxundu.
Təhsilə böyük zərbə: Ali məktəb bağlandı

Qafqaz Univesiteti təsisçinin qərarı ilə fəaliyyətini dayandırdı, tələbələr başqa təhsil müəssisələrinə yerləşdiriləcək 

Ekspertlər bu qərarı təhsilə böyük zərbə kimi qiymətləndirirlər 

Gunaz.az xəbər verir ki, yanvarın 18-də Qafqaz Universitetinin ləğv olunduğunu elan edilib. Bu barədə "Vergilər” qəzetinin xüsusi buraxılışında xəbər verilib. 
Xəbərdə qeyd edilir ki, ali məktəb təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunub. Kreditorlara iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirmələri tövsiyə edilir.  
Bundan başqa isə bir neçə gün öncə Türkiyə Təhsil Şurası bildirdi ki, 2016-cı ilədək Qafqaz Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyədə tanınmayacaq. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi məlumat yaymışdı. 
Hələ ötən il iyulun 20-də təsisçilərinin qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Az sonra isə universitetin rektoru dəyişdirilmişdi. Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fətullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi. Ancaq bu bəyanat sonradan təsdiqlənməmişdi. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Güləni Türkiyə hökuməti iyulun 15-də bu ölkədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır. İlahiyyatçının özü isə bu iddiaları yalanlayıb. Qafqaz Universiteti 1993-cü ildə fəaliyyətə başlayıb.
Qafqaz Universitetinin rektoru Havar Məmmədov apa-ya açıqlamasında deyib ki, yanvarın 9-da Qafqaz Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı təsisçi Beynəlxalq Təhsil Kompleksi tərəfindən qərar qəbul olunub. O bildirib ki, hazırda Ləğvetmə Komissiyası yaradılıb.
H. Məmmədovun sözlərinə görə, tələbələrin başqa universitetlərə köçürülüb-köçürülməyəcəyi, universitetinin başqa ad altında fəaliyyət göstərib-göstərməyəcəyi aidiyyəti qurumların müvafiq qərarından asılı olacaq: "Tələbələrin, müəllimlərin hüquqları pozulmayacaq. Təsisçi tərəfindən bu məsələ ilə bağlı iş aparılır”.
Təhsil Nazirliyi də Qafqaz Universitetinin ləğv edilməsinə münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, "Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırılıb: "Bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edilib. Qeyd olunanları nəzərə alaraq, Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupuna universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb”.
Nazirliyin məlumatına əsasən, tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirlməsi üçün lazımi şərait yaradılacaqdır: "Keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaqdır. Universitetin hazırkı tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə olunacaqdır.Tədris prosesinin bütövlüyünün qorunması məqsədi ilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaqdır. Tələbələrdən Universitetdə fəaliyyət göstərən İşçi qrupla əlaqə saxlanılması xahiş olunur”.
Təhsil eksperti Nadir İsrafilov Bizimyol.info-ya şərhində bildirib ki, bu qərarın verilməsində siyasi motivlər var. «Universitetlərin bağlanması yaxşı hal deyil. Bilirsiniz ki, bu iki universitetdən qabaq Beynəlxalq Universitet, Moskva Açıq Universiteti də bağlanmışdı. 90-cı ilin əvvəllərində ali təhsil müəssisələrinin sayı yağışdan sonrakı göbələk kimi artdı. Rassionallaşdırma, optimallaşdırma siyasəti, bazar iqtisadiyyatı bir çox universitetə öz təsirini göstərir. Onlar rəqabətə tab gətirməyərək sıradan çıxır. Şübhəsiz ki, bu sözləri Qafqaz Universitetinə aid etmək olmaz. Burada əsas məsələ tələbələrin başqa universitetlərə yerləşdirilməsidir. Bilirsiniz ki, Beynəlxalq Universitet bağlandıqdan sonra tələbələrin diplom almasında nə qədər çətinliklər yarandı. Hələ də diplomunu ala bilməyənlər var”.
Ekspertin sözlərinə görə, son günlərdə Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb: "Burda valideynlərin, tələbələrin günahı nədir axı? Hansısa prosesi tələbənin, valideynin üzərinə yıxmaq düzgün deyil. Qafqaz Universiteti beynəlxalq reytinq cədvəlinə düşən 3 ali məktəbdən biridir. Hesab edirəm ki, «Qafqaz»ın tələbələrinə, müəllim heyətinə biganə münasibət göstərilməyəcək. Təhsil Nazirliyi tələbə və müəllimlərin ayrı-ayrı universitetlərə ixtisasları üzrə yerləşdirilməsini təmin edəcək”. 
Xaricdə təhsil üzrə ekspert Bəxtiyar Hacıyev isə bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən bu günə qədər yaranmış ali təhsil ocaqlarından cəmi bir neçəsi müxtəlif insanların zəhməti hesabına gənclərə keyfiyyətli təhsil verə bilmiş, öz standartlarını dünyanın tanınmış niversitetlərində tələbələrin təhsillərini rahat davam etdirəcək səviyyəyə çatdırmışdı: "Onların da arasında həm ayrıca universitet kampusu, həm müxtəlif elmi-texnoloji laboratoriyaları, həm zəngin kitabxanası, həm də tələbə yataqxanası olan təkcə Qafqaz Universiteti vardı. Məhz buna görə də, Azərbaycanın yaşı və miqyası daha böyük dövlət universitetləri dünya reytinqlərində təmsil olunmayanda, Qafqaz Universiteti təlim, tədris və tədqiqatlarının keyfiyyətinə görə, Azərbaycanı bu siyahılarda təmsil edirdi. Belə bir universitetin bağlanması Azərbaycan üçün biabırçılıq, təhsil sisteminin məhvi istiqamətində böyük zərbədir”.
Ekspert hesab edir ki, universitetlə bağlı ilk qərar Türkiyədə baş verən məlum hadisələrdən sonra alınmışdı. O hesab edir ki, Türkiyənin daxilində baş verən hansısa siyasi çəkişmə Azərbaycan gənclərinin təhsilinə zərbə vurmamalı idi: "Başa düşürük ki, Azərbaycan hakimiyyəti də Türkiyə ilə münasibətləri korlamaq istəməzdi və buna görə də rəhbərlik dəyişdi. Onu da qeyd etmək lazımdır ki, Türkiyədən olan rəhbərliyin dəyişməsi prosesi də cəmiyyəti narazı saldı. Cəmiyyətdə kifayət qədər gənc, uğurlu, təhsil sahəsində böyük təcrübəsi olan müəllimlər, müxtəlif universitetlərdə dərs demiş, rəhbərlikdə təmsil olunmuş kadrlar varkən, yaşlı və rəhbərliyi dövründə mənfi şəkildə yadda qalan bir şəxs rəhbərliyə gətirildi. Heç olmasa, universitet bu şəkildə fəaliyyətini davam etdirə bilərdi. Bundan sonra müəllim və tələbələr barəsində bir ildə bir neçə qərar dəyişdirilmiş ali təhsil müəssisəsində olmaq istəməyəcəklər. Valideynlər gələcəkdə yaranacaq universitetə öz övladlarını tərəddüdlə verəcəklər və əvvəlki təhsil keyfiyyətini əldə etmək imkansız görünəcək. Belə bir absurd qərarın niyə verilməsinin səbəbi mənə aydın deyil”.
Tələbələrin başqa universitetlərə yerləşdirilməsi məsələsinə gəlincə iə B.Hacıyev bildirdi ki, bir tələbənin başqa universitetə köçürülməsi asan proses deyil: "Təsəvvür edin, tələbə 3-4 il eyni mühitdə, tanıdığı müəllimlərdən dərs alır, ətrafında öz tələbə yoldaşları olur, ünsiyyətləri, yaşam tərzləri, xarakterləri formalaşır. Günlərin bir günü bir qərarla onları müxtəlif universitetlərə, tanımadıqları mühitlərə, tanımadıqları şəxslərlə birlikdə və fərqli tədris proqramı, fərqli dərs keçmə tərzi olan yerlərə göndərirlər. Mən BDU-da təhsil aldığım zaman Qafqaz Universitetinə köçürülməyə çalışmışam, bununla bağlı müraciət etmişdim. Bir ay Qafqaz Universitetində dərslərə getdim, sonradan Təhsil Nazirliyi dövlət universitetlərindən özəl universitetə marağın çox olmasını görüb, bu köçürülmələri təsdiq etmədi. Ancaq cəmi bir ay Qafqaz Universitetində keçirdikdən sonra, Bakı Dövlət Universitetinə qayıtmaq mənə böyük mənəvi əzab, işgəncə kimi gəlirdi. Təsəvvür edin, Qafqaz Universitetində gənc müəllimlərin kompüter laboratoriyasında interaktiv dərslərini görmüş bir şəxsi aparırsınız Bakı Dövlət Universitetinə, yaşlı müəllim 80-ci ildə yazdığı, saralmış kağızlardan ibarət qeydləri çıxarır çantasından, lövhədə təbaşirlə informatika dərsi keçir. Asan olarmı, sizcə? İctimai rəyə nəzər salsaq, bu iki universitetin bağlanmasına tam əks reaksiyaları müşahidə edə bilərik. Bir çoxları Təfəkkür Universitetinin bağlanmasını gecikmiş addım kimi qiymətləndirir, bu qərarı alqışlayırdılar. Ancaq Qafqaz Universitetinin bağlanması ilə bağlı tam əks mənzərə var. Bu da onların təqdim etdiyi təhsilin keyfiyyəti, cəmiyyətdəki reputasiyaları ilə bağlıdır. Pul verib, rüşvətlə diplom almağın mümkün olduğu universiteti bağlamaq düzgün qərar ola bilər. Ancaq korrupsiyaya bulaşmamış, keyfiyyətli təhsil verən və dünya reytinqlərinə düşmüş bir universiteti bağlamaq, təbii ki, səhv və ədalətsiz qərardır”.
скачать dle 12.1

Şərhlər