SON DƏQİQƏ

“GƏZƏNDAŞ”, YOXSA “QƏZNƏ DAŞT”?

Tarix:

3-03-2020, 19:44

/ 4 289 dəfə oxundu.
“GƏZƏNDAŞ”, YOXSA “QƏZNƏ DAŞT”?

“Gəzəndaş” Astara rayonunun Ərçivan qəsəbəsinin mikrotoponimlərindən biridir. O, Ərçivan qəsəbəsinin aktiv toponimlərindən sayılır. Belə ki, qəsəbə ərazisində “Gəzəndaş” adlanan məhəllə, qəbiristanlıq və ziyarətgah-pir vardır. Rəvayətə görə, buradakı daşlar gün ərzində yerlərini dəyişdikləri üçün ziyarətgah “Gəzəndaş” adlandırılmışdır.

Daşların gəzməsi və eyni zamanda XIII əsrin dini-tarixi abidəsi sayılan pirin yerləşdiyi qəsəbənin və onun ətraf yaşayış məntəqələrinin əhalisi talış dilli olduğu halda pirin talış dilində “Nəvə sığ” deyil, onun Azərbaycan (türk) variantı olan “Gəzəndaş” kimi adlanması bir qədər maraq və sual doğurur. Buradan haqlı olaraq belə bir sual yaranır, görəsən ziyarətgahın adı həqiqətən “Gəzəndaş”dırmı?

1869-cu ildə fars dilində yazılmış “Cavahirnameyi-Lənkəran” (digər adları “Səidiyyə”, “Talışın gözəllikləri”) kitabında oxuyuruq: “Astara mahalının Ərçivan kəndinin (2012-ci ildən qəsəbədir – İ.Ş.) yuxarı başında çox gözəl tarixi abidələr mövcuddur. Hal-hazırda Ərçivan kəndinin yerləşdiyi yer qədimdə murdov (bataqlıq) olmuşdur. Oranın ətrafında “gəzəndə dəşt” adlandırılan çox səfalı və geniş bir məkan vardır. Rəvayətlərdə və el arasında dəfələrlə söylənildiyinə görə Məğfərətpənah Şah İsmayıl Bahadır xan Səfəvi (Ş.İ.Xətai – İ.Ş.) hicrətin 901-ci ildə (əslində 905-ci ildə, miladi təqvimi ilə 1499-1500-cü illər – İ.Ş.) taxta çıxmasının əvvəlində qışlamanı həmin məkanda keçirmişdir” (Səidəli Kazımbəyoğlu. “Səidiyyə”. B., 2005, səh. 114).

Göründüyü kimi Səidəli Kazımbəyoğlu 1869-cu ildə qələmə aldığı kitabında yerin adını “Gəzəndaş” deyil, “Gəzəndə dəşt” kimi qeyd etmişdir. Fars dilində “gəzənd” – bəla, zərər və “dəşt” – çöl sözlərindən yaranan “Gəzəndə dəşt” Azərbaycan dilinə tərcümədə “bəlalı, zərərli çöl” mənasını verir. Əslində toponimin “Gəzəndə dəşt” adlanması məntiqlə uzlaşmır. Çünki, Səidəli Kazımbəyoğlunun yazdığı kimi Şah İsmayıl Bahadır xan Səfəvinin hicrətin 901-ci ildə qışlamanı “bəlalı, zərərli çöldə, məkanda” (“Gəzəndə dəşt”) keçirməsi heç də inandırıcı görünmür.

Fikrimcə, “Gəzəndaş” adlandırılan yerin tarixi adı “Qəznə daşt”dır. “Qəznə daşt” talış dilində fitotoponim (bitki adından yaranan yer adı) olub, “qəznə” – gicitkan və “daşt” – çöl sözlərinin birləşməsindən yaranaraq, Azərbaycan dilinə tərcümədə “gicitkanlı çöl”, “gicitkan olan çöl” mənasını verir. Görünür bu ərazidə gicitkan çox bitdiyindən çöl “Qəznə daşt” adlandırılmışdır. Çox güman ki, “Qəznə daşt” sonradan fonetik cəhətdən təhrifə uğrayaraq “Gəzəndaş” şəklinə düşmüşdür.

Buradan pirin yerləşdiyi ərazinin, çölün adı ilə “Qəznə daşt” (“Gəzəndaş”) adlandırılması qənaətinə gəlmək olur.

 

İldırım Şükürzadə

Lənkəran rayonunun Havzava kənd

tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

“GƏZƏNDAŞ”, YOXSA “QƏZNƏ DAŞT”?

 

“GƏZƏNDAŞ”, YOXSA “QƏZNƏ DAŞT”?

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ