SON DƏQİQƏ

Deputat MM-in buraxılma qərarından öncə nələr danışdı?

Tarix:30-11-2019, 21:04 Oxunub:926

Biz bu söhbəti edəndən cəmi bir neçə saat sonra Milli Məclisin buraxılması barədə YAP Siyasi Şurasının müraciəti yayılacaqdı. Səbəb isə ölkədə aparılan ciddi islahatlara Milli Məclis deputatlarının adekvat reaksiya verməməsi göstəriləcəkdi.

Bu isə müsahibəni daha da maraqlı edir. Bu qərara saatlar qalmış və qərardan xəbəri olmayan, islahatlara adekvat reaksiya göstərmədiyi bildirilən MM-in deputatlarından biri islahatları necə xarakterizə edir?

GunAz.az Bakupost-a istinadən millət vəkili, tanınmış ziyalı Musa Urudla müsahibəni təqdim edir:

- Prezidentin özünün də qeyd etdiyi kimi, ölkəmizdə güclü siyasi iradə ilə genişmiqyaslı islahatlar davam edir. Sizcə, islahatlar daha hansı sahələri əhatə edəcək və nələr gözlənilir?

- Azərbaycan dövləti islahatçı bir dövlətdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında artıq 16-17 ildir ki, biz dövlətimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi, əhalinin sosial durumunun yaxşılaşdırılması və eyni zamanda digər sahələrdə də islahatlar aparıldığını müşahidə edirik. İlk dəfə cənab İlham Əliyev 2003-ci ildə Prezident seçildikdən sonra onun 2004-cü ilin fevral ayında imzaladığı böyük bir fərman oldu, regionların sosial-iqtisadi inkişafı haqda Dövlət Proqramı qəbul edildi. İslahatlar məhz bu proqramlardan başladı. Hazırda biz həmin proqramın 4-cü mərhələsini həyata keçiririk. Əlavə olaraq, 2016-ci ildə cənab Prezidentin sərəncamı ilə Azərbaycanın milli iqtisadiyyatının inkişafı üzrə 11 istiqamət üzrə strategiya hazırlandı. Məqsəd 2025-ci ildən sonrakı dövrdə Azərbaycanı dünyanın inkşaf etmiş dövlətləri sırasına çıxartmaqdır. Hazırda Azərbaycan bir çox göstəricilərinə görə dünyanın orta gəlirli ölkələrinin yuxarı pilləsində qərar tutur.

Siz çox doğru söylədiniz, islahatlar daha çox diqqəti cəlb edir və təxminən 2018-ci ilin sonlarından iqtisadi sahədə çox güclü islahatlar aparılır, xüsusən vergi və gömrük sahəsində şəffaflaşdırmanın aparılması, münasibətlərin daha çox hüquqi çərçivədə çözülməsi, korrupsiya - rüşvətxorluğun aradan qaldırılması və sahibkarlığın inkşafı üçün yeni üfüqlər açılır. Artıq demək olar ki, bu sahədə islahatlar uğurlu nəticələrini verib və adətən sosial islahatlar iqtisadi islahatların davamı kimi gəlir. Bu ilin əvvəlində cənab Prezident 30-a yaxın fərman və sərəncam imzaladı və əmək pensiyaları, təqaüdlər, maaşlar artdı və s. Bütün bunlar əhalinin sosail müdafiəsini gücləndirən islahatlardır. Sosial islahatların çox mühüm tərkib hissəsi olan icbari tibbi sığortanın tətbiqi ərəfəsindəyik və 2020-ci ilin yanvarın 1-dən ölkə icbari tibbi sığorta sisteminə keçəcək.

Davamlı olaraq kadr islahatları da bununla paralel getməyə başladı, bu ilin ikinci yarısından Azərbaycanda kadrların gəncləşmə siyasətinə üstünlük verilir və artıq bir çox sahələrdə bizim gənc kadrlar önə çıxır. Eyni zamanda hüquq-mühafizə sistemində, məhkəmə sistemində də islahatlar başlayıbdır və mən düşünürəm ki, gələn il bu islahatlar daha geniş davam edəcəkdir. Bütövlükdə götürəndə azərbaycan dövlət idarəçiliyinin hər sahəsində islahatlar var və bu, dövlətçiliyimizə, xalqızımızın rifahına uğur gətirir.

- İslahatlara mane olan hakimiyyətdaxili qrupun olduğu barədə Prezidentin açıq bəyanatı maraqla qarşılandı. Ancaq konkret ad çəkilmədi və yəqin ki, siz də çəkməyəcəksiniz. Maraqlıdır, son ciddi dəyişikliklərdən sonra sözügedən qrupun müqaviməti qırıldımı, yoxsa o müqavimət hələ də qalır?

- Bu barədə məlumatım yoxdur... Bəlkə də cənab Prezident onu nəzərdə tutub ki, islahatla ayaqlaşa bilməyən, yeni dövrün tələblərini qəbul edib həyata keçirmək gücündə olmayan insanlar var və onlar yeniliyin mahiyyətini duymurlar. Lakin hakim komandanın içində mən parçalanma və qruplaşma görmürəm.

- İslahatların parlament seçkilərinə də təsir edəcəyi barədə ehtimallar var. Sizcə, iqtidar partiyasının seçki siyahısında hansı dəyişikliyi görə biləcəyik? Seçki siyahısında da əhəmiyyətli gəncləşmə ola bilərmi?

- Bu barədə dəfələrlə Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri çıxışlarında söyləyiblər ki, partiyamız istər bələdiyyə, istərsə də parlament seçkilərində yeni insanlara və gənclərə üstünlük verir. Qadınların daha çox geniş şəkildə təmsil olunmasına partiyamız maraqlıdır. Seçki dövründə də istər gəncləşmə sahəsində, istərsə də qadınların daha çox siyasi həyata cəlb olunması istiqamətində biz yeniliklər görəcəyik. Lakin bütövlükdə parlamenti formalaşdıran xalqdır. Xalq (seçici) hansı namizədə dəstək verəcəksə, güvənəcəksə, seçki öncəsi monitorinqlərin nəticəsində hansı partiya üzvünün daha çox şansı olduğunu YAP görəcəksə, onlar da partiyanın dəstəyini qazanacaq. Ümumilikdə isə YAP özü islahatçı bir partiyadır və parlament seçkilərində də biz yeni simalar görəcəyik.

- İcbari tibbi sığortanın tətbiqi ilə bağlı vaxt dəyişdirildi: artıq 2020-ci ilin 1 yanvarından bütün ölkə üzrə tətbiq edilməyəcək, tədricən olacaq və 2020-ci ilin son rübündə Bakıya da şamil olunacaq. Əvvəlcə, buna aydınlıq gətirək: icbari tibbi sığortaya nələr, hansı müalicə və müayinələr aid olacaq?

- Əslində vaxt dəyişdirilməsi məsələsi doğru anlaşılmadı. İcbari tibbi sığorta 2020-ci il ərzində bütün Azərbaycan respublikası ərazisində tətbiq olunacaqdır. Sadəcə olaraq mərhələli şəkildə tətbiq olunacaq və bu o deməkdir ki, il ərzində hər kəs icbari tibbi sığortayla təmin olunacaq. Əhali və vətəndaşlar yanvarın 1-dən başlayaraq icbari tibbi sığorta agentliyinin tabeliyində olan səhiyyə müəssisələrində tam keyfiyyətli, əlçatan müalicə və müayinə alacaqlar. Müalicə və müayinələrin tərkibində, müayinə zərfində təxminən iki minə yaxın xidmət var və yaxın günlərdə cənab Prezidentin sərəncamı ilə bu zərf təstiq olunacaq, İcbari Tibbi Sığorta Agentliyinin saytında və digər KİV-lərdə bunlar dərc olunacaq.

- İcbari tibbi sığorta səhiyyədəki problemləri həll etmək imkanındadırmı?

- Bu sualı birmənalı cavablandıra bilmərəm, problemlər səhiyyədə dünən olub, bu gün var və sabah da olacaq. Vəziyyət yalnız bizim səhiyyədə belə deyil. İcbari tibbi sığorta qısa müddətdə bunların çoxunu həll edəcək. Əsas problem bu gün vətəndaşın tibbi xidmətə alçatanlığının olmaması və ya kifayət qədər olmamasıdır.

- Siz həm də ixtisasca həkimsiniz. Səhiyyəmizin hazırkı durumu sizi qane edirmi?

- Səhiyyənin durumu məni qane etmir və gələcəkdə də etməyəcək. Səbəbi isə odur ki, biz istəyirik, vətəndaşlarımız daha yüksək keyfiyyətli tibb xidmətlərindən faydalansınlar. Lakin 15 il öncə ilə bu günü müqayisə etsək, inkşaf göz önündədir. Son illər ərzində 700-ə yaxın tibb müəssəmiz təmir olundu, yeni xəstəxanalar tikildi və eyni zamanda müasir texnologiya ilə təchiz olundu. Hər birimizin arzusu odur ki, istənilən vətəndaşımız ölkəmizin hüdudları çərçivəsində keyfiyyətli və əlçatan tibbi xidmət alsın. Səhiyyə xidmətinin keyfiyyətinin artırılması cənab Prezidentin hökumətə birbaşa tapşırığıdır.

- Bir az da sizdən danışaq: tibb təhsilli şəxs, həmçinin kifayət qədər tanınmış şair... Siyasətə necə gəldiniz?

- Əgər SSRİ dağılmasaydı, Qarabağ müharibəsi ortaya çıxmasaydı və qaçqın-köçkün olmasaydı, bəlkə də mən həkimliyimə davam edəcəkdim. Şairlikdə isə elə bir iddiam yoxdur, baxmayaraq ki, 16-17 kitab müəllifiyəm və şeirlərim azdan-çoxdan tanınır. Əsas hədəfim isə bir həkim kimi xalqa xidmət olub. 1980-ci illərin sonlarında baş verən hadisələr, 20 Yanvar faciəsi, Xocalı qətliamı və s. sonra bir çox Azərbaycan vətəndaşı və ziyalısı kimi, düşündüm ki, nəsə iş görmək lazımdır, sadəcə xəstə müayinə edib şeir yazmaqla millətə kömək etmək mümkün deyil. Həmin dövrdə əksər insanlar kimi mən də düşünürdüm ki, xalqı bu vəziyyətdən ümummilli lider Heydər Əliyev çıxarda bilər və ona görə YAP yarandıqdan sonra partiyaya üzv oldum. Bundan sonra bu sahədə fəaliyyət göstərdim və partiyanın birinci qurultayında ümummilli lider Heydər Əliyevin mənə böyük etimadı oldu, Siyasi Şuraya qəbul etdilər və ondan sonraki dövrlərdə də görünür, həmin etimad qalıb ki, partiyanın Siyası Şura üzvüyəm. 2000-ci ildə də ümummilli liderin tövsiyəsi ilə parlamentə gəldim. Ondan sonra partiyamızın rəhbəri cənab İlham Əliyev mənə etimad göstərib. Düşünürəm ki, istər şair, istər həkim və ya istərsə siyasətçi olsan belə, öz işini keyfiyyətlə, peşəkarcasına və namusla yerinə yetirməlisən.

- Dağlıq Qarabağ və ətraf ərazilər müzakirə mövzusudur. Əlbəttə, Azərbaycanın ərazi bütövlüyünə qovuşacağına inanırıq. Ancaq bizə maraqlıdır: bəs, məsələn, Meğri, Zəngəzur, Göyçə, Dərələyəz... Axı, siz Zəngəzurdansınız. Doğrudanmı o torpaqları bir də görməyəcəyimizlə barışmalıyıq?

- Yox! Bununla barışmaq artıq intihar deməkdir... Biz heç bir zaman bununla barışmayacağıq və sona qədər mübarizə aparacağıq. Bundan belə neçə nəsil də gəlsə, biz bunu unutmalı deyilik. Torpaq itkilərimiz tarixdə kifayət qədər olub. Daha nə torpaq itirmək, nə də müharəbədə uğursuzluqla barışmaq zamanımız var. Bu məsələ artıq Azərbaycan və Ermənistanın münaqişəsi deyil, bu artıq qlobal xarakter alıb və dünyanın bir çox güc mərkəzlərinin maraq dairəsindədir. Zamana ehtiyacımız var, cənab Prezident çox doğru siyasət aparır; güc və dipomatiya. Güc siyasəti odur ki, Azərbaycan ordusu güclənir, diplomatiya odur ki, dünyanın bütün beynəlxalq təşkilatları cənab Prezidentin səyi nəticəsində Dağlıq Qaraabağı Azərbaycanın ərazisi kimi tanıyır, bu bizim böyük uğurumuzdur. Ermənistan artıq işğalçı dövlət kimi tanınır. Baxmayaraq ki, Ermənistanın arxasında böyük lobbi və xristian qüvvələri durur...

- Zəngəzur yadınızda necə qalıb? Övladlarınız özünü zənzəzurlu sayırmı? Onlara ata yurdlarından nələr danışırsınız?

- Zəngəzuru çox gözəl tanıyan insanlardan biriyəm. Doğulduğum Urud kəndi və yaxud böyüdüyüm Sisyan rayonu deyil, digər rayonlar haqqında da mən tədqiqat işi aparmışam, Zəngəzurun tarixini yazmışam, publisistik yazılarım var və film çəkmişəm orayla bağlı. Zəngəzur yaddaşımda bütöv, qədim türk məskəni kimi qalıb. Bizim hər birimizin arzusudur ki, torpaqlarımız qayıtsın və o günü görək. Gün gələr o torpaqlara qayıdarıq. Bütün məktəblərdə Azərbaycanın coğrafiyası, tarixi yüksək səviyyədə öyrədilməlidir, daim o torpaqların bizim olduğunu gənclərə, övladlarımıza və hər kəsə bildirməliyik.

- Sizi vətəndaş, alim, ziyalı, deputat və ən əsası, zəngəzurlu olaraq görmək fürsəti verən bir şeiriniz varmı? Yoxsa bundan ötrü hansısa kitabınızı vərəqləməliyik?

- Bütövlükdə Zəngəzur sözü keçən şeirim yoxdur, lakin vətənlə bağlı çoxlu şeirlərim, təhqiqat əsərlərim və publistik yazılarım var. Düşüncəmə görə Zəngəzur sözünü şeirə gətirmək hər adamın işi deyil, çox çətindir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<