SON DƏQİQƏ
» » Ermənistanın Dağlıq Qarabağa nə aidiyyəti var? TƏHLİL

Ermənistanın Dağlıq Qarabağa nə aidiyyəti var? TƏHLİL

Tarix:

6-11-2019, 14:52

/ 807 dəfə oxundu.
Ermənistanın Dağlıq Qarabağa nə aidiyyəti var? TƏHLİL

Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi beynəlxalq hüquq normalarına ziddir

Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanunu fəaliyyət göstərən rejim həddini aşaraq qondarma "Dağlıq Qarabağ Respublikası"nda (DQR) adının "Artsax respublikası"na dəyişdirilməsini nəzərdə tutan yeni Konstitusiyanın layihəsi müzakirə edilir.Layihənin ictimai müzakirəsinin noyabrın 20-nə bitirilməsi, daha sonra isə onun referenduma çıxarılması nəzərdə tutulub. Parlamentin spikeri Aşot Qulyanın sözlərinə görə,  belə bir addımın atılmasında məqsəd qondarma "DQR"-in konstitusiyasında prezident idarə formasının mərkəzləşdirilməsidir. Millət vəkili Elman Məmmədov qeyd edib ki,  Ermənistan Qarabağda referendum keçirmək təklifi ilə rəsmi Yerevanın münaqişə tərəfi olduğunu bir daha sübuta yetirmiş olur. E. Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi səsləndirməsinə münasibətini açıqlayarkən bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır: "Dağlıq Qarabağ adlı ayrıca inzibati qurum yoxdur ki, orada nəsə bir tədbir keçirəsən. 1991-ci il noyabrın 26-na qədər Dağlıq Qarabağ Muxtar Vilayəti var idi, həmin vaxt bu qurumun statusuna xitam verildi və bu gün də mövcud deyil. Hazırda orada tanınmamış separatçı cinayətkar qurum fəaliyyət göstərir". E.Məmmədov qeyd edib ki, Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək barədə təklifi beynəlxalq hüquq normalarına ziddir: "Paşinyan güc tətbiqi, küçə etirazları ilə hakimiyyəti zəbt eləyən adamdır. İkinci tərəfdən, Ermənistanın Dağlıq Qarabağa nə aidiyyəti var ki, ölkənin baş naziri Dağlıq Qarabağda referendum keçirmək təklif edir?! Bura Ermənistanın deyil, Azərbaycanın ərazisidir. Başqa bir məsələ, bu gün Dağlıq Qarabağda 50 min erməni qala-qalmaya, amma Dağlıq Qarabağın azərbaycanlı icmasının sayı 80 min nəfərdən çoxdur. Ermənilər hansı əsasla, hansı hüquqla orada referendum keçirmək istəyir? Azərbaycan Respublikasının Konstitusiyası var və bütün hüquq və vəzifələr də bu Konstitusiya ilə tənzimlənməlidir. Ermənilərin bu prosesdə yeganə məqsədi Dağlıq Qarabağı Ermənistana birləşdirmək və ölkənin ərazisini genişləndirməkdir. Digər tərəfdən, Ermənistan Qarabağda referendum keçirirsə və ya buna niyyət edirsə, rəsmi İrəvan münaqişə tərəfi olduğunu bir daha sübuta yetirmiş olur". Milli Məclisin deputatı onu da əlavə edib ki, hazırda Nikol Paşinyanın ölkə daxilində, cəmiyyət qarşısında heç bir siyasi nüfuzu yoxdur, bu üzdən sərsəm bəyanat və təkliflərlə çıxış edir: "Paşinyan erməni lobbisi və Dağlıq Qarabağdakı qondarma rejim qarşısındakı acizliyini açıq şəkildə dilə gətirə bilmir. Ona görə də o, Dağlıq Qarabağla bağlı hərdən sərsəm fikirlər, absurd təkliflər səsləndirməklə ölkədaxili gərginliyi yumşaltmağa çalışır". Millət vəkili Kamilə Əliyeva qeyd edib ki, çevriliş yolu ilə hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyan ilk gündən Qarabağ məsələsində təxribatçılıq və fitnəkarlıq yolunu tutub. Ötən dövr ərzində fəaliyyəti ilə xələflərindən, qatı cinayətkarlar-əlləri Azərbaycan xalqının qanına batmış cani koçaryanlardan, sarkisyanlardan fərqlənmir, bir çox hallarda hətta, onları da ötüb keçir: "Gah Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli prosesinə maneçilik törətmək, status-kovunu uzatmaq üçün format dəyişikliyi fintəkarlığına əl atır, buna nail ola bilməyəndə, yenidən danışıqlar masası arxasında əyləşməyə məcbur ediləndə də, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər reallaşdırmaqla, "Yallı" getməklə, "Qarabağ Ermənistandır, Qarabağ Ermənistanındır və nida" deməklə, daha böyük fintəkarlığa imza atır,  gah da ölkə daxilində və Dağlıq Qarabağ erməniləri, "Qarabağ klanı" tərəfindən ona yönələn etiraz, qəzəb, nifrət  dalğasını başqa səmtə yönəltmək, öz hakimiyyət ömrünü uzatmaq üçün sərhəddə, təmas xəttində təxribatçılıq əməllərinə, qan tökülməsinə rəvac verir. Bunun da Azərbaycan dövləti və ordusu tərəfindən layiqli cavabını alanda növbəti təxribata əl uzadır-işğal altındakı Dağlıq Qarabağda referendurumun keçirilməsi təklifini ortaya atır, özünün və ölkəsinin işğalçı mahiyyəti bir daha ortaya qoyur". K. Əliyevanın sözlərinə görə, nə Paşinyanın, nə də digərlərinin  belə bir təkliflə çıxış etməyə heç bir haqqı yoxdur. Bu, tam qanunsuzluq, Azərbaycanın qanunlarının və beynəlxalq hüququn açıq-aşkar pozulması cəhdidir: "Əvvəla, Dağlıq Qarabağ işğal altında olsa da, Azərbaycanın tarixi və ayrılmaz tərkib hissəsidir, onunla bağlı hər hansı bir qərar vermək hüququna da  yalnız və yalnız Azərbaycan dövləti və xalqı malikdir. İkincisi, sovetlər dövründə heç bir əsası olmadan Qarabağ ermənilərinə verilən muxtariyyət-Dağlıq Qarabağ Muxtar Vilayəti hələ 28-29 il bundan öncə Azərbaycan tərəfindən ləğv edilib və onlar heç bir muxtariyyətə malik deyillər. Üçüncüsü, Ermənistanın və onun açıq-gizli himayədarların birbaşa dəstəyi ilə yaradılmış oyuncaq və qondarma "DQR" də tam qanunsuz, cinayətkar bir qurumdur, cinayətkar bir rejimdir.  Onu nə Azərbaycan, nə də dünya dövlətləri və dünya birliyi tanıyıb. Heç kim də, heç bir dövlət də tanıya bilməz və tanımağa da heç bir əsası yoxdur. Bu gün həqiqət, fakt və reallıq odur ki, Dağlıq Qarabağ da daxil olmaqla ona bitişik  Azərbaycan əraziləri işğal altındadır, erməni işğalındadır. O ərazilər, əzəli və əbədi Azərbaycan torpaqları işğaldan azad olunmayınca, işğalçı qoşunlar geri çəkilməyincə, həmin ərazilər boşaldılmayınca, işğal faktına son qoyulmayınca Dağlıq Qarabağla bağlı heç bir addım atıla bilməz. Kimsə orada nə referendum keçirə, nə hansısa qərar verə  və onu reallaşdıra bilər. Azərbaycan dövlətinin, dövlət rəsmilərinin də daim bəyan etdiyi kimi, Dağlıq Qarabağ ermənilərinə yalnız muxtariyyət verilə bilər, o da bir şərtlə ki, işğala son qoyulmuş, işğalçı qoşunlar işğal olunmuş Azərbaycan ərazilərini tərk etmiş olsun.  Yəni, yalnız bu halda Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın hüdudları daxilində hansısa muxtariyyət verilməsi mümkün ola bilər. Əks halda və təqdirdə, heç nə mümkün deyil. Kimsə Azərbaycandan bunu gözləməsin. Odur ki, Paşinyan yaxşı olardı  gedib aclıq, yoxsulluq, səfalət həddində olan ölkəsini, xalqını düşdüyü bəlalardan xilas etməyin yolunu axtarsın, Azərbaycanın işlərinə qarışmasın, təxribatçılıq və fitnəkarlıq əməllərinə qon qoyub, Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə kömək etməyə çalışsın. Bunları etməsə, etməyəcəksə, özünü də, dövlətini də, xalqını daha böyük fəlakətlərə, uçuruma sürükləyəcək".

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ