SON DƏQİQƏ
» » Mənfi təzahürlərin tezliklə aradan qaldırılması asan məsələ deyil

Mənfi təzahürlərin tezliklə aradan qaldırılması asan məsələ deyil

Tarix:

9-06-2020, 14:59

/ 1 747 dəfə oxundu.
Mənfi təzahürlərin tezliklə aradan qaldırılması asan məsələ deyil

Partiya sədri: «Bəzi problemlər xaricdən təzyiqlə həll ediləcək məsələlər deyil və bunların həlli üçün zamana ehtiyac var»

«Ölkəmizdə qanunların hamı üçün eyni olan aliliyinin təmin edilməsinin, azad, ədalətli, demokratik cəmiyyətin qurulmasının   zamana və ardıcıl mübarizəyə  ehtiyacı vardır. Koronavirus pandemiyasının davam etməsi səbəbindən, onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə, dövlət səviyyəsində tətbiq edilən məcburi məhdudlaşdırıcı tədbirlər, təəssüf ki, bəzi insanlar, xüsusilə də özünü millətsevər kimi təqdim etmək istəyən üzdəniraq "siyasətçilər"  tərəfindən birmənalı qarşılanmır». Bu sözləri Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu "Azad Azərbaycan" qəzetinə açıqlamasında dedi.

Onun sözlərinə görə, həm xaricdə, həm də ölkəmizdə bəziləri belə tədbirləri insan haqlarının pozulması, demokratiyaya zidd hərəkətlər kimi qələmə verməyə cəhd edir: "Təbiidir ki, pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlər ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Ancaq bundan daha çox dərəcədə vətəndaşlarımıza, xüsusilə də, daimi işi olmayanlara, gündəlik çörəkpulu qazananlara ziyan vurur. Bu da, öz növbəsində, psixoloji gərginliyə, vətəndaşların narazılığına səbəb olur və bu başadüşüləndir. Başa düşülməyən yaranmış gərgin vəziyyətdən az itkilərlə çıxmağa yardım etmək, heç olmasa insanlarımıza təsəlli vermək, çətinliyin keçici olduğuna inandırmaq əvəzinə, fürsətdən istifadə edərək ölkədə mövcud olan problemləri qabartmaqla, onların həllinə istiqamətlənmiş tədbirləri aşağılamaqla vətəndaş qarşıdurmasına rəvac verə biləcək hərəkətlərə cəhd etmək istəyidir". 

Partiya sədri bildirdi ki, heç kəs Azərbaycanda hər şeyin qaydasında olduğunu, hansısa bir problemin olmadığını heç vaxt deməyib və demir: «Təəssüf ki, ölkəmizdə korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı mövcuddur. Və bu o həddə çatıb ki, artıq iqtidar da bunun fərqindədir. Görünən odur ki, belə hallara qarşı mübarizəyə start verilib. Bəzilərinə qeyd edilən mənfi təzahürlərin aradan qaldırılması asan gələ bilər. Belələri unudur ki, aşağıdan yuxarı, demək olar ki, bütün dövlət idarə və müəssisələrində, orqanlarında təmsil olunanların mütləq əksəriyyətinin qohumluq əlaqələri vardır və onlar daim bir-birini himayə edirlər. Ona görə də, bu cür mənfi halların aradan qaldırılmasının, ölkəmizdə qanunların hamı üçün eyni olan aliliyinin təmin edilməsinin, azad, ədalətli, demokratik cəmiyyətin qurulmasının zamana və ardıcıl mübarizəyə  ehtiyacı vardır». 

T.Qənioğlunun fikirlərinə görə, əsas məsələ bu mübarizənin mahiyyətində, onun necə qəbul edilib tətbiq edilməsindədir: «Bəziləri bu mübarizədə daha çox xarici dəstəyə, xüsusilə Qərbə, bel bağlayırlar. Unudurlar ki, məhz Qərbin dəstəyinin nəticəsidir ki, torpaqlarımız uzun müddətdir ki, işğal altındadır. Məhz onlar deyirlər ki, torpaqlarımızın işğaldan azadlığının hərbi yolu yoxdur və bununla əslində Azərbaycana hədə-qorxu gəlirlər. Onlar mənfur ermənilərə hərtərəfli siyasi-iqtisadi-hərbi yardımlar etməklə Ermənistanı işğalı davam  etdirməyə sövq edirlər. Məgər Qərb, xüsusilə də AŞ PA, Azərbaycanda  demokratiyanın inkişafında, insan hüquqlarının qorunmasında maraqlıdırlar? Əgər AŞ PA doğrudan da Azərbaycanda insan haqlarının qorunmasında maraqlıdırsa, niyə işğal nəticəsində yurd-yuvasından didərgin düşən, sayı milyonu ötən vətəndaşlarımızın hüquqlarının qorunması, işğala son qoyulması üçün Ermənistana sanksiyalar tətbiq edilməsi üçün heç bir real addım atmır? Ancaq bunların əksinə olaraq, güya - haqlı və ya haqsız yerə - həbs olunan (Allah yollarını açıq etsin!) vətəndaşlarımızın hüquqlarını qorumağa cəhd edir və Azərbaycana qarşı sərt tədbirlərin görülməsini tələb edirlər».

Partiya sədri əlavə etdi ki, ölkədə məhkəmə-hüquq sistemində də real islahatların aparılmasına, qanunun aliliyinin təmin edilməsinə ehtiyac var: «Azərbaycanda məhkəmələrin bir çox hallarda qanunsuz qərarlar çıxardığı hər kəsə məlumdur və buna görə də məhkəmə-hüquq sistemində də real islahatların aparılmasına, qanunun aliliyinin təmin edilməsinə ehtiyac vardır. Ancaq hesab edirik ki, bəzi problemlər xaricdən təzyiqlə həll ediləcək məsələlər deyil və bunların həlli üçün zamana ehtiyac var. Məhz buna görə də, Təkamül Partiyası siyasi mübarizədə təkamül yolunun qəti tərəfdarıdır. Ancaq, bəzilərinin fikirləşdiyi kimi, təkamülçülük hər şeyin öz-özünə düzələcəyini gözləmək, mübarizədən çəkinmək, yayınmaq anlamına gəlmir. Təkamülçülük qanunlar çərçivəsində ardıcıl, dönməz mübarizəni özündə ehtiva edir, hər cür qarşıdurmanı, ixtişaşları, zorakılığı, siyasi mübarizənin küçə və meydanlarda aparılmasını rədd edir. Bu yol bəzilərinə uzun, əlçatmaz  görünə bilər. Ancaq bu ölkəmizdə əmin-əmanlığın, sosial-siyasi sabitliyin qorunmasının, vətəndaş qarşıdurmasına yol verilməməsinin yeganə yoludur! Və sevindirici haldır ki, siyasi partiyaların, eləcə də, xalqımızın mütləq əksəriyyəti bu yolun yeganə düzgün olduğunu qəbul etməkdədir».

Bilman İSAQ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ