SON DƏQİQƏ

Mehranə Vəliqızı: " Muğamımızın gələcəyi üçün öz arzularım var"

Tarix:6-01-2020, 23:40 Oxunub:1 473

Müsahibimiz istedadlı gənc xanəndə Mehranə Vəliqızıdır. 

Mehranə xanım, əvvəla yenicə başlayan 2020 – ci ildə Sizə böyük uğurlar arzu edirəm. Ötən il muğam aləmində tanınmağa başlayan, muğamsevərlərin diqqətini cəlb edən istedadlı gənclərimizdən birisiniz. Ötən ili öz həyatınız üçün necə qiymətləndirirsiniz? 

Ötən il mənim üçün uğurlu il oldu deyə bilərəm. Bildiyiniz kimi Muğam müsabiqəsinin iştirakçılarından biri idim. Bu müsabiqənin iştirakçısı olmaq hər bir gənc xanəndənin böyük arzusudur. Bu müsabiqədə iştirak etmək, onun diplomantı olmaq artıq müğam aləmində ciddi qəbul olunmaq deməkdir. Doğrudur, təəssüf ki, mən qaliblər sırasında olmadım. Amma bunun səbəbi tək mənim özümdə olmadı. Müsabiqələrdə belə şeylər olur. Hətta, müsabiqəni ilk tərk edənlər arasında indi çox məşhur xanəndələrimiz də var. Onlar Opera və Balet teatrımızın aparıcı solistləridirlər. Mənim ifamda yeni bir yanaşma ilə lentə alınmış “Şirvan şikəstəsi” və “Mənsuriyyə” muğamları dinləyicilər arasında çox yayıldı və rəğbətlə qarşılandı.Mehranə Vəliqızı: " Muğamımızın gələcəyi üçün öz arzularım var"

Həyatda öz fəaliyyətimi təkcə ifaçılıqla məhdudlaşdırmaq istəmirəm. Mənim muğamımızın gələcəyi üçün öz arzularım var. Bu arzuları həyata keçirmək üçün elmi fəaliyyət göstərməyimə də böyük ehtiyacım var. Bu sahədə də ilk addımlarımı atmaqdayam. Bu addımlardan biri də, eyni zamanda pedoqoji fəaliyyət göstərməyimdir. Ötən il mən Azərbaycanın qocaman, nüfuzlu bir təhsil ocağı olan Azərbaycan Dövlət Pedaqoji Kollecində pedaqoji fəaliyyətə başladım. Vətənimiz, ölkəmizin gələcəyi, yeni nəsl üçün olduqca əhəmiyyətli fəaliyyətdə olan dəyərli kollektivlə tanış oldum və bu insanlarla çalışmaq çox xoş oldu. 

Dediyiniz bu arzularınızı həyata keçirmək üçün imkanlarınızı necə qiymətləndirirsiniz? 

Yəqin ki, arzuları çox olan əksər insanlar öz imkanlarının məhdud olduğunu hiss edir. Bu da təbiidir. Arzular qəlbdə yaranır. Qəlbin imkanları ilə sosial həyatın imkanları üst-üstə düşmür. Muğam sənətimizdə bir sıra problemlərimiz var ki, onların ortadan götürülməsinə kömək edə bilmək üçün eyni zamanda, çox hazırlıqlı bir mütəxəssis olmağa ehtiyac var. Bu isə sənətə fasiləsiz bir vaxt

ayırmağı tələb edir. Çox şanslıyam ki, artıq Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm. Bu təhsilim mənə muğam sənətinin bir sıra incəliklərini duymağa xeyli kömək edir. Amma bildiyiniz kimi mən həm də tələbəyəm, Milli Konservatoriyada ikinci ali təhsil alıram. Milli Konservatoriyada ikinci ali təhsil alanların təhsil xərcləri olduqca yüksəkdir. Ona görə mənim kimi ağır təhsil xərclərini qarşılayan tələbələr üçün yaradıcılıqla məşğul olmağa həm vaxt imkanı, həm də maddi imkan xeyli mane olur. Ona görə də, təəssüf ki, sənətlə bağlı planlaşdırdığım xeyli işlər hələlik yarımçıqdır. 

Ola bilərmi ki, Siz o planladığınız işləri tamamilə bir tərəfə qoyasınız, atasınız?

Mən həyatda o arzularla yaşayıram. O arzulara çatmasam həyatımı tamamilə mənasız hesab edərəm. Hələlik məhdudiyyətlərlə imkanlarımı uzlaşdıraraq, gücüm çatan qədər mübarizə aparıraram. Düzdür, xeyli enerji sərf edirəm. Bildiyiniz kimi xanəndələrin, ifaçıların bir çoxu toylara, şənliklərə getməklə pul qazana bilirlər. Mən toylara getmirəm. Buna həm valideynlərim icazə vermir, həm də özümün belə bir fəaliyyət göstərməyə marağım yoxdur. Çünki mən yaşda olan gənc xanəndələr toya gedəndə istər-istəməz ciddi sənətdən uzaqlaşırlar. Mənim muğama münasibətim çox ciddidir. Bacardığım qədər öz üzərimdə işləyir, təcrübəli sənətçilərimizin ifasının incəliklərini dərindən öyrənməyə çalışıram.

Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası ilə də sıx əlaqə saxlayıram. Elmi fəaliyyət sahəsində də təcrübə toplamağa çalışıram. İnşallah, Konservatoriyada təhsilimi başa vurduqdan sonra AMEA – da magistraturada təhsilimi davam etdirmək arzusundayam. Artıq elmi rəhbərimi də müəyyən etmişəm və onunla tez-tez görüşüb məsləhətlər alıram. Gələcəkdə elmi dərəcə almaq da mənim planlarımın tərkib hissələrindən biridir. 

Mehranə Vəliqızı: " Muğamımızın gələcəyi üçün öz arzularım var"Muğam sənətimizlə bağlı indiki vəziyyəti necə qiymətləndirirsiniz? 

Bu çox sevindirici haldır ki, indi muğam sənətinə böyük bir diqqət, qayğı vardır. İndi birinci vitse-prezident, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın muğama qayğısı sayəsində ciddi işlər görülür. İnsanlarımız muğamın müxtəlif nümunələri ilə istədikləri vaxt tanış ola, ondan qidalana bilirlər. Hər il muğam

aləminə xeyli istedadlı gənclər gəlir. Əlibaba Məmmədov, Arif Babayev,, Mənsum İbrahimov, Təyyar Bayramov və digər muğam ustadlarımızın ətrafında xeyli istedadlı gənclərimiz yetişir. Bu milli ruhumuzun yüksəlməsində mühüm rol oynayır. Amma təəsüf ki, problemlərimiz də vardır.

Bir məsələni qeyd etməyi vacib bilirəm. Şəxsən mən bir muğam ifaçısı dedikdə, həqiqi fitri istedadı ilə yanaşı, xarakter olaraq, ağır təbiətli, ciddi, millilik hissi güclü olan samballı insan düşünürəm. Belə ustadlarımız olub və indi də vardır. Amma çox təəssüf olsun ki, muğam sənətinə gəlməkdə olan gənclərin əksəriyyətində bir yüngüllük müşahidə olunur. Onlarda qeyd etdiyim ağayanalıq çatışmır. Ölkəmizdə bir “manıs mühiti” formalaşmışdır. Bu mühitdə muğamın müqəddəsliyi yox, “toy bazarı” söhbətləri daha aparıcı rol oynayır. Həmin aləmin nümayəndələrinin əlinə imkan düşdükdə, öz ətraflarına da “manıs” yığırlar. Daha istedadlı gənclərə maneçiliklər törədirlər. Bunu tez-tez efirlərdə şou göstərən, atılıb-düşən ifaçıları misalında müşahidə edə bilərik. Muğam sənəti müqəddəs bir sənətdir və bu sahədə dövlətimizin göstərdiyi diqqətə layiq fəaliyyət göstərmək vacibdir.

Müsahibəyə görə təşəkkür edirik!

Mən də göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm!

Rəsmiyyə Heybətağaqızı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<