SON DƏQİQƏ

Uşaqlarda görmə qabiliyyəti niyə zəifləyir? – Həkim

Tarix:27-07-2019, 08:10 Oxunub:2 116

Son vaxtlar uşaqların görmə qabiliyyətinin zəifləməsi hallarının artdığı müşahidə edilir. Demək olar ki, şagirdlərin əksəriyyəti optik eynəklərdən istifadə edir.

Bəs görəsən ildən-ilə uşaqların optik eynəklərə ehtiyacının bu qədər artmasına səbəbləri nədir?

Məsələ ilə bağlı həkim-oftalmoloq Rəşadət Qurbanovun Axar.az-a müsahibəsini təqdim edirik:

Rəşadət bəy, uşaqlar arasında göz zəifliyinin bu qədər artmasının səbəbi nədir?

- Uşaqlarda görmə zəifliyi qapalı şəraitdə onların çox vaxt keçirməsi səbəbindən yaranır. Daimi olaraq yaxın məsafəyə baxmaq, işığı zəif olan otaqda uzun müddət qalmaq görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Demək olar ki, uşaqlar açıq havada çox az gəzirlər. Günün çox hissəsini balaca evlərdə və qapalı məkanlarda keçirirlər. Bütün bunlar da onlarda görmə qabiliyyətinin get-gedə daha da zəifləməsinə gətirib çıxarır.

Bəzi mütəxəssislər iddia edirlər ki, uşaqların qəbul etdiyi bəzi qidalar da görmə zəifliyinə səbəb olur...

- Əslində, uşaqların görmə qabiliyyətinin zəifləməsinə səbəb onların qəbul etmədikləri qidalardır. Çünki görmə zəifləməsi vitamin çatışmazlığından da baş verir. Uşaqlara vitaminlərin və bəzi mikroelementlərin verilməsi tövsiyə edilir.

Bəs dərs yükünün ağırlığı necə? Məktəblərdə son illər dərs yükü artıb və demək olar ki, uşaqlar günün yarısını kitab oxumaqla keçirir. Görmə qabiliyyətinin zəifləməməsi üçün gün ərzində neçə saat dərs oxumağı məsləhət görərdiniz?

- Təəssüf ki, məktəblərdə son illər dərs yükünün çoxluğu uşaqlarda görmə zəifliyinin yaranmasına səbəb olan amillərdən biridir. Zəifləmə ildən ilə artdıqca görmə mənfiyə doğru gedir və bu da xəstəliyin inkişafı deməkdir. Bu zaman xəstəliyin inkişafının qarşısını almaq üçün eynəkdən istifadə edilməlidir. Ümumilikdə isə deyə bilərik ki, 8-9 yaş arasında olan uşaqlar gün ərzində 2 saat yarımdan çox olmamaq şərti ilə kitab oxumalıdırlar.

Sizcə, bu gün uşaqlar arasında optik eynəkdən daha çox qızlar, yoxsa oğlanlar istifadə edir?

- Uşaqların yetkinlik dövrünü nəzərə alsaq, oğlanlar optik eynək taxmağa kompleksli yanaşırlar və ondan imtina edirlər. Bu da onların görmə qabiliyyətində mənfiliyin artmasına səbəb olur. Qızlar arasında isə belə kompleks yoxdur. Lakin eynəkdən daha çox istifadə edənlərin qızlar, ya oğlanlar olması barədə dəqiq statistika yoxdur.

Uşaqlar üçün hansı gün eynəklərini məsləhət görərdiniz?

- Hər bir gün eynəyinin şəffaflıq indeksi var. Bu indeks şüşə linzalı eynəklərdə daha çox olur. İndi isə demək olar ki, optik orqanik linzaların şəffaflığı daha yaxşıdır və şüşə linzalardan heç bir fərqi yoxdur.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<