SON DƏQİQƏ
» » Əli Bəy Azəri: “Kitab oxumayan insan şəxsiyyət olaraq formalaşa bilməz”

Əli Bəy Azəri: “Kitab oxumayan insan şəxsiyyət olaraq formalaşa bilməz”

Tarix:

30-05-2018, 19:10

/ 11 107 dəfə oxundu.
Əli Bəy Azəri: “Kitab oxumayan insan şəxsiyyət olaraq formalaşa bilməz”

 

Ədəbi mühitdə bir canlanma müşahidə olunmaqdadır. Bu canlanmada nəzərə çarpan fəal imzalardan biri də Əli Bəy Azəridir. O, daha çox ictimai layihələri ilə diqqət çəkir. Belə layihələrdən biri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 14 yazıçının əsərlərindən ibarət tərtib etdiyi “Seçilmiş povestlər” toplusudur.

Əli Bəy Azəri (Əli Qurban oğlu Rzaquliyev) 15 iyul 1966-cı ildə hazırda erməni işğalında olan Zəngilan rayonunun Vejnəli kəndində anadan olub. Orta məktəbi qonşu Ordubad rayonunda fizika-riyaziyyat təmayülündə bitirib. Yaradıcılığa çox erkən başlayıb və hələ orta məktəb illərində dövri mətbuatda çap olunub. Arzusu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxumaq olsa da tale onu başqa səmtə yönəldib. Xarkov şəhərində hərbi ali təhsil aldıqdan sonra bir müddət Sovet Ordu sıralarında xidmət keçib. 1992-ci ildə doğma Vətənə qayıdaraq Milli Ordu sıralarında xidmətini davam etdirib. “Atəşkəs” rejiminə qədər Zəngilan və Füzuli cəbhəsində torpaqlarımızın müdafiəsi uğrunda vuruşub. 2002-ci ilin sonunda “mayor” hərbi rütbəsində hərbi xidmətdən ehtiyata buraxılıb. 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində mülkü müdafiə kafedrasında müəllim işləyib. “Xəzan” adlı ədəbi-bədii jurnalın Baş redaktorudur.

   

- Son dövrlər ədəbiyyatımızda təzadlı hadislər baş verir. Biz qəzet və jurnallarda daha çox nəzm əsərlərini görürük. Oxucu rəğbəti qazanan nəsr əsərlərinə isə az-az rast gəlirik. Nəsr ədəbiyyatı nümunələri yazıçıdan dərin bilik və qabiliyyət tələb edir. Bu baxımdan hazırda nəsr ədəbiyyatında mövcud olan problemlərdən söhbət açardız.

- Zaman baxımından ədəbi proseslər həmişə təzadlı olur. Nəsrin, yaxud poeziyanın üstünlük təşkil etməsi heç də göründüyü kimi olmur. Onlar bir-biri ilə sıx bağlıdır. Qələm sahibinə hər hansı bir mövzunu qələmə almaq üçün başlanğıc bir an məsələsidir. Yazıçı şeirdən elə bir poetik deyim götürüb zamanın yükünü çəkə biləcək nəsr nümunəsi yarada bildiyi kimi şair də əksini edə bilir. Nəzm öz yığcamlığı ilə diqqət çəkir. Saz-söz məclislərində poeziya nümunəsini səsləndirmək, yaxud qəzet və jurnallarda dərc etdirmək, sosial şəbəkələrdə yayımlamaq asan başa gəlir, bu üzdən də nəzmin üstünlüyü nəzərə çarpır. “Ədəbiyyat” qəzeti ilə paralel “525-ci qəzet” və “Kaspi” qəzetlərinin şənbə buraxılışlarında bəddi yazıların dərcinə üstünlük verilir ki, bu da nəzmlə bərabər nəsrin auditoriyalara çıxmasına həm şərait yaradır, həm də stimul verir. Bu sahədə bir neçə ədəbi dərginin işini də müsbət hal kimi qiymətləndirmək olar. Bu işin müsbət tərəfidir. Problemlərə gəldikdə isə doğrudan da, çətinliklər mövcuddur. Yaxşı nəsr əsərlərinin ortaya çıxması üçün dərin bilik və qabiliyyətlə bərabər ədəbi tənqid mütləqdir. Ədəbi tənqidin zəifliyindən nəsr nümunələrinin yavanlığı açıq-aşkar görünür.

- Sizin bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş və bir qrup yazıçının nəsr əsərlərinin cəmləndiyi “Seçilmiş povestlər” kitabınız nəfis şəkildə çapdan çıxıb. Toplu sosial şəbəkələrdən göründüyü kimi qələm əhli və oxucular tərəfindən rəğbətlə qarşılandı. Bu istiqamətdə söhbətimizi davam etdirərdik...

- 2018-ci il rəsmən “Cümhuriyyət ili” elan olunub. Cümhuriyyətin qurulması çox böyük tarixi hadisədir. Bütün varlığı ilə Vətənə bağlı olan bir qrup şəxsiyyət müstəqil demokratik dövlətimizi qurdu, amma çox təəssüf ki, bütün dünya ona dayaq dura bilmədi. Bizim mənəvi borcumuz bu şərəfli işə öz əməlimizlə töhfə verməkdir. Rəhbərlik etdiyim “Xəzan” jurnalının redaksiya heyəti arasında belə bir təşəbbüs irəli sürdüm. Layihə çox maraqlı bir hadisəyə çevrildi.

Fərqinə varmadan toplunun nəşri ilə bağlı mart ayının 13-də elan verdik, 40 gün ərzində yekunlaşdırmağı nəzərdə tutduq, bu da aprelin 23-nə təsadüf etdi. (Cümhuriyyət 23 ay yaşayıb) Təsəvvür edirsinizmi? Topluya 23 yazıçı öz əsərini göndərdi. Onların içindən 13 povest və bir sənədli povest seçdik. Bunu təsadüfmü, paranormal hadisəmi, ya son vaxtlar ədəbiyyatda öz varlığını təsdiq etməyə başlayan mifoloji hadisəmi adlandırmaq olarmı? Bilmirəm. Bir onu bilirəm ki, biz bu işə çox səmimi, ürəkdən bağlıydıq və zövqlə işimizi yekunlaşdırdıq. Təqdimat mərasimində iştirak edən tənqidçi Vaqif Yusifli əməyimizi yüksək qiymətləndirdi, topluya əsərləri daxil olan müəlliflərdən bir neçəsinin – Qafar Cəfərlinin, Rəşid Bərgüşadlının, Natəvan Dəmirçioğlunun, Sənəm Səbayelin və başqalarının imzasını tanıdığını, onların mükəmməl qələm məhsulları olduğunu vurğuladı. 

- Günümüzün oxucuları hansı mövzuda olan nəsr əsərlərinə üstünlük verirlər? Hazırki oxucu Sizcə niyə iri həcmli kitabları mütaliə etmirlər? Günahı kimdə axtarmaq olar? Yoxsa gözəl nəsr nümunələri həqiqətən yaranmır və ya az-az ərsəyə gəlir?

- Müasir oxucu çaşqınlıq içindədir, fikrini cəmləşdirə bilmir. O bir tərəfdən peyk antenası vasitəsilə izlədiyi başdan-başa məişət problemləri ilə zəngin xarici seriyalların, bir tərəfdən də məqsədyönlü şəkildə çap olunaraq yayımlanan lüzumsuz xarici ədəbiyyatın təsirindən çıxa bilmir. Buna bir udumluq sevgi macəralarından, kriminal aləmin miskin hadisələrindən və digər yalançı gözqamaşdıran ailə dramlarını da əlavə etmək mümkündür. Oxucunu qınamağa dəyməz, oxucu fikrini cəmləşdirib zövqünü formalaşdırana kimi müəyyən dövr keçəcək. İri həcmli əsərlər bütün dövrlərdə oxucuya qorxulu kabus kimi görünüb. İri həcmli əsərlərin oxucusu az olur, hər oxucu onu oxuyub qavramağa hazır olmur. Bu üzdən günahı nə yazıçıda, nə də oxucuda axtarmağa dəyməz. Gözəl nəsr nümunələrinin yaranmamasını demək də insafsızlıq olardı. Biz XXI əsrdə yaşayırıq. Qələm əhli hələ də Nadir şahı, Şah Təhmasibi, Şah Abbası və digər tarixi şəxsiyyətləri əsərlərinin baş qəhrəmanı seçirlər. Buna lüzum varmı? Axı onlar haqqında dolğun tarixi romanlar yazılıb... Niyə yazıçılar Sultan bəy, Qara Murtuza, Məhəmməd Əsədov, Valeh Bərşadlı, Qarabağ döyüşlərində seçilmiş sərkərdə və döyüşçülər haqqında yazmağı düşünmürlər? Yazılanlar da döyüşçünün əlinə pulemyot alıb ermənilərlə döyüşməsindən kənara çıxmır, səngər həyatını, taktiki döyüş səhnələrini əhatə etmir. Bu adamın uşaqlığı, gəncliyi, orta məktəb illəri, futbol oynaması, bir qıza vurulması olmayıbmı? Onun vətənpərvər kimi yetişməsində müəlliminin, kədçisinin müəyyən rolu olmayıbmı? Bax, bu cür boşluqlar, demək olar ki, bütün əsərlərdə bu və ya digər formada özünü büruzə verir. 90-cı ildən üzübəri əhatəli şəkildə həyatımızı təsvir edən, ölkədə baş verən ictimai-siyasi, hərbi hadisələri dolğun tərənnüm edən əsərlər azdır, çox azdır...

- Maraqlıdır ki, ötən əsrlə müqayisədə günümüzdə yazarlar oxucu auditoriyasının azlığından şikayətlənirlər. Sizcə bunun səbəbi yazarların çoxalmasıdır, yoxsa həqiqətən oxucuların azalmasıdır.

- Oxucu istənilən kitab mağazasına qədəm qoyanda orada mindən çox imza ilə rastlaşır. Necə seçim etsin? Daima yenilik axtaran müasir oxucu nəsə, yeni bir əsər axtarır, amma tapa bilmir. İndi ad çəkmək, bir o qədər də yaxşı qarşılanmır deyə imzaların üstündən düz keçirəm. Deyək ki, bir yazıçı dalbadal onadək kitab çıxartdı. Oxucu bir kitabını oxudu, maraqlıdır, ikincisini oxudu, maraq zəiflədi, üçüncüsünü yarıyacan oxudu və digər gözqamaşdıran kitablarına heç gözünün ucu ilə də baxmadı. Niyə? Yazıçı birincidə yazdıqlarını ikincidə, üçüncüdə, dördüncüdə, hətta onuncuda təkrarladı və dayandı. Günü-gündən yenilənən həyat yeni-yeni hadisələrlə zəngindir, köhnələri təkrarlamağa ehtiyac varmı? Oxucuya maraqlı, doğma görünsə belə, o, əsəri oxuyarkən gözləmədiyi, təsəvvürünə belə gətirmədiyi situasiyalarla rastlaşmalıdır. Əlbəttə ki, gözlədiyi, təsəvvür etdiyi hadisələr onu yoracaq.

- Bir çox zaman yazılan nəsr əsərlərində nəzm nümunələrinə rast gəlinmir. Adətən əsər nəzm və nəsrin vəhdətində olanda daha da güclənir. Bu probelmləri Sizdə bir yazar olaraq qələm insanları necə qiymətləndirir?

- Nəsr əsərlərində nəzm parçalarının öz yeri var. Bunu qaşlı üzüyə bənzətsək daha yaxşı olar. Zümrüd qaşlı üzüklə qaşsız üzük bir cür təsir bağışlaya bilməz. Bu cür əsərlər bir növ dastanlara bənzəyir, folklorumuzdan enerji alır və oxucu üçün sözsüz ki, xüsusi təsir bağışlayır. Varisin, Şiringül Musayevanın, Sənəm Səbayelin, Nazir Çərkəzoğlunun əsərlərində buna daha çox rast gəlirik. Şiringül xanımın bu tip bir neçə əsəri saytlarda yayımlanandan sonra türk naşirlərin diqqətini çəkmiş və həmin əsərlər nüfuzlu türk jurnallarında çap olunmuşdur. Həm forma baxımından, həm də məzmunca zəngindir. Hər yazıçı əsərinə uyğun şeirlər seçə bilmir, burda da xüsusi zövq olmalıdır. Bir də yazıçılar, sanki nəyi isə gözləyirlər, bunu mən çox müşahidə etmişəm, elə bilirlər ki, yüz, iki yüz il yaşayacaqlar, müdrikləşmə dövründə daha da yaxşı yazmağa vaxtları olacaq. Amma bu, heç də belə deyil, hər dövrün bir tələbi var və ömür bir an məsələsidir. Aygün Sadiqin redaktoru olduğum “Güzgüdə kim var?” kitabından bir bənd şeiri burada səsləndirmək, məncə yerinə düşər.

“Ya rəbb, qəbahətim boyumdan hündür,

Zaman da yetmədi möhlət istəyim.

Bir baxdım – dünyaya gəldiyim gündür,

Bir baxdım – ölümdən o tərəfdəyəm”.

Məncə şərhə ehtiyac yoxdur, insan bunu hər an düşünməli, göz önünə gətirməlidir. 

- Əksər nəsr əsərlərində bədii təsvir və ifadə vasitələrindən yazarlar düzgün istifadə edə bilmirlər. Bu isə onların əsərlərində bir çox zaman məcazların yersiz işlənməsi ilə nəticələnir ki, bu da əsərin keyfiyyətinə mənfi təsir edir. Bu baxımdan hazırda yazarların nəzəri bilikləri hansı səviyyədədir?

- Mən bunu düzgün istifadə edə bilməmək kimi qiymətləndirməzdim. Heç kimə sirr deyil ki, ən yaxşı əsərlər yazıçının təklikdə və gecələr yazdığı olur. Təklikdə insan özü ilə baş-başa qalır və bir növ söhbətləşir. Özü ilə dedikdə kim nəzərdə tutulur? Əlbəttə ki, yazıçının ruhu, buna daxili aləm, iç dünya da deyirlər. Bəzən yazıçı kiməsə oxşamaq istəyir, başqa birisi kimi yazmağa çalışır, bax onda onun təsvir etdiyi düzgün alınmır. Alınmayacaq da... Bu sahədə bəxti gətirənlər çox azdır, böyük bir qisim ya kiməsə oxşamağa çalışır, ya da ifrat dərəcədə ədəbi dilə üstünlük verir... Yazıçı öz stili, yazı üslubu, bölgəçilik danışıq tərzi ilə seçilməlidir.

Bilik məsələsinə gələndə, bu da az rol oynamır. İstedad, bilik, savad vəhdət təşkil etməlidir. Əhatəli məlumatın olmazsa əsər qısır görünər. İstənilən halda, ortaya yaxşı əsər çıxartmaq üçün zəhmətə qatlaşmağı bacarmalısan, mətnin üzərində dönə-dönə işləməlisən, mətni dərinləşdirməlisən, maksimum məzmunlu etmək üçün məntiqə söykənməlisən.

- Sonda oxucu və qələm dostlarınıza sözünüz nələrdir?

- Müasir oxucu müstəqildir, onu zorla oxutdura bilməzsən. Oxucu dünyagörüşünü artırmaq, zövqünü formalaşdırmaq üçün mütləq oxumalıdır. Yoxsa cəmiyyət sürətlə parçalanmaya doğru gedəcək. Kitab oxuyanlarla kitab oxumayanlar arasında böyük uçurum yaranacaq. Milli birlik, həmrəylik əvəzinə ayrıseçkilik, ziddiyyətli fikir ayrılıqları tüğyan edəcək ki, bu da təhlükəli tendensiyadır. İnsan niyə kitab oxumalıdır? Bu sualın çox qısa və konkret cavabı var. İnsanın şəxsiyyət kimi formalaşması, kamillik dövrünə çatması, müdrikliyə yüksəlməsi yalnız kitab oxumaqdan keçir, kitablardan öyrənilən faydalı məsələləri insan başqa heç yerdən öyrənə bilməz. Bu aksiomadır.

Yazıçı və qələm dostlarıma, elə özümə də bir tövsiyyəm var; xarici ədəbiyyatın və serialların təsirindən kənar olmaq. Bu təsir altında biz fundamental Azərbaycan ədəbiyyatına layiqli töhfələr verə bilmərik. Dünya ədəbiyyatında Nizaminin, Füzulinin, Nəsiminin və başqalarının müqayisə olunası imzalar yoxdur. Biz bununla təskinlik tapırıq, amma bu gün işimizi davam etdirə bilmirik. Ucuz şöhrətə hesablanmış təsvirlər gözümüzü qamaşdırır. Diqqətlə analiz etmirik ki, mənim nəslimdən olan insanın şəxsiyyət kimi formalaşmasında ingilisin, fransızın, ispanın təsvir etdiyi həyat tərzinin nə mənası var? Niyə ziyanlı tərəflərini görmürük?

Real Azərbaycan cəmiyyəti üçün xarici ədəbiyyatın ziyanlı tərəflərinin daha çox olduğunu düşünürəm. Hər bir sahədə müəyyən qəlibçilik olmalıdır. Guya ki, sərhədləri pozan, qəlibçiliyi dağıdan xarici ədəbiyyat şedevrdir!? Əslində, bir-biri ilə bəhsə girib xarici ədəbiyyatı nəşr edərək zorla oxuculara sırıyan nəşriyyatlar çox zərərli bir təbliğatla məşğuldular. Normal azərbaycanlını manqurtlaşdırmaq, vətənsizliyə alışdırmaq, vətən, yurd sevgisini; bir sözlə milli düşüncəni minimuma endirmək həmin nəşrlərin arxasında duranların əsas hədəfidir.

Azərbaycan yazıçısının qarşısında duran vəzifə ortaya çıxaracağı fundamental əsərlərlə onu qarşısını almağa çalışmaq, heç olmasa təsir göstərməkdir. Müstəqilliyin, kapitalizmin belə zor tələb edən paradoksal hadisələri də mövcuddur.

Mövzu genişdir, dönə-dönə müzakirələr aparılmalıdır, təsir gücünə malik imzalar öz əməklərini əsirgəməməlidir. Hamısına bol-bol uğurlar arzulayıram – doğma Azərbaycan naminə, doğma Azərbaycan ədəbiyyatı naminə!

Maraqlı müsahibə üçün təşəkkür edirəm.

Müsahibəni hazırladı:

Mahmud Əyyublu

AAB-nin üzvü

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ