Mustafa Mərdanovun 125 illik yubileyi qeyd olundu

Fevralın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Mustafa Mərdanovun 125 illik yubileyi ilə bağlı tədbir keçirildi.

Mərasim Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlmişdi. Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev iştirak edirdi.

İştirakçılar əvvəlcə teatrın foyesində sənətkarın həyat və fəaliyyətinin əks olunduğu fotosərgiyə baxdılar. Teatrın direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışdı, onun Azərbaycan teatrı və kinosunun inkişafında xidmətlərinə nəzər saldı.

Bildirildi ki, Mustafa Mərdanov 28 fevral 1894-cü ildə Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olub. Tiflis gimnaziyasında təhsil alıb. Şəhərin mədəni mühiti onun həyata baxışını formalaşdırır, teatra böyük maraq göstərir. Buradakı müsəlman dram dərnəklərində 1910-cu ildən çıxış edən Mustafa Mərdanov 1921-1922-ci illərdə Tiflis Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışır. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir və Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirir.

Qeyd olundu ki, yüksək aktyorluq texnikası, yumşaq yumor onun sənəti üçün xarakterik olan cizgilər idi. Mustafa Mərdanovun ilk yaratdığı rollarda belə klassik ənənələr çox güclü idi.

Xalq artisti Hacı İsmayılov çıxış edərək görkəmli sənətkarın kinodakı uğurlarından söz açdı. Vurğuladı ki, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində çəkilən əksər filmlərdə bu aktyora rollar həvalə edilir və o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verirdi. Qardaşı, kinorejissor Səməd Mərdanovun "Kəndlilər" filmi aktyorun yaradıcılığında yeni bir hadisə idi. Bu ekran əsərindən sonra 1940-cı ildə "Yeni horizont" (trest müdiri), 1941-ci ildə "Səbuhi" (akademiya rəisi) filmlərində çəkilib. Bu rolları kiçik olsa da, tamaşaçı diqqətindən yayınmır. Aktyorun ən uğurlu rollarında biri "O olmasın, bu olsun" filmindəki “intelligent” Həsən bəy obrazı idi. Mustafa Mərdanov 12 dekabr 1968-ci ildə Bakıda vəfat edib.

Sənətkarın ailəsi adından çıxış edən qardaşı qızı Nuranə Mərdanova aktyorun xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlığını bildirdi.

Daha sonra Mustafa Mərdanovun rol aldığı filmlərdən fraqmentlər nümayiş olundu.

Tədbirdən sonra teatrın səhnəsində Mustafa Mərdanovun xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası oynanıldı.

Rus yazıçısı N.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərində xalq artistləri Rafael Dadaşov və Ramiz Novruz, Rafiq Əzimov, əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov və başqaları çıxış edir.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]