SON DƏQİQƏ
» » Pandemiya vətəndaşların güzəranına mənfi təsir etməkdədir-.ŞƏRH

Pandemiya vətəndaşların güzəranına mənfi təsir etməkdədir-.ŞƏRH

Tarix:

29-06-2020, 08:00

/ 2 896 dəfə oxundu.
Pandemiya vətəndaşların güzəranına mənfi təsir etməkdədir-.ŞƏRH

Teyyub Qənioğlu


Koronavirus pandemiyasının yayılma sürətinin artması ölkəmizdə yenidən sərt karantin rejiminin tətbiq edilməsi zərurətini doğurmuşdur. Ümidvarıq ki, karantin rejiminin sərtləşdirilməsi öz müsbət nəticəsini verəcək və tezliklə pandemiyanın aradan qaldırılmasına zəmin yaradacaqdır.

Hələlik isə o, həm ölkə iqtisadiyyatına, ən pisi isə, əhalinin, xüsusilə də işsiz vətəndaşların, güzəranına mənfi təsir etməkdədir. Pandemiyanın işsiz vətəndaşlarımızın güzəranına mənfi təsirlərinin yumşaldılması üçün dövlət səviyyəsində müəyyən tədbirlər, güzəştlər tətbiq edilsə də, bir sıra səbəblərdən onların reallıqda yetərli olmadığı qənaətinə gəlmək olar. Birinci səbəb - işsizlərin sayı, işsizliyin səviyyəsi haqqında rəsmi statistik məlumatların reallığa uyğun olmadığı aşkara çıxdı (hətçənd ki, biz dəfələrlə KİV-də bu haqda məlumatlar vermişdik) və bu səbəbdən dövlətin işsizlər üçün ayırdığı 190 manatı çoxları ala bilmədi. İkinci və əsas səbəb işsizlik statusunun verilməsi şərtləri ilə bağlıdır. Azərbaycanda işsizlik statusunun və işsizlərə müfaiq müavinatların verilməsi «Məşğulluq haqqında» və "Işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir və təəsüf ki, bu qanunlarda uyğunsuzluq vardır. «Məşğulluq haqqında» qanunun 4.1.3 saylı maddəsində qeyd edilir ki, "...mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar...”, 5.12.3 –cü maddəsində isə- "ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar” məşğul şəxslər hesab edilir və onlar işsiz statusu ala bilməzlər. Qəribədir, mülkiyyətində 1-1.5 hektar torpaq sahəsi olan kəndli bu sahədə nə əkib becərməlidir ki, aldığı qazanc il böyu ailəsinin tələbatını ödəyə bilsin!? Məlumdur ki, ali və orta ixtisas təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanların heç də hamısı təqaüd almır. Belə olan halda hansı məntiqlə onların hamısı məşğul əhali kimi qeydə alınır? Bundan başqa,"Işsizlikdən sığorta haqqında” Qanunun 1.2-ci maddəsində qeyd edilir ki: "Bu Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir”.Bu maddəyə uyğun olaraq 13.1-ci maddədə göstərilir ki: ”Sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və "Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınmış sığorta olunanlar malikdirlər”. Bu Qanunlara görə əvvəllər heç yerdə işləməyənlər, ilk dəfə iş axtaranlar işsiz kimi qeydə alına və deməli, işsizliyə görə sığorta ödənişi ala bilməzlər! Məlumdur ki, hər il ölkənin əmək ehtiyatları sırasına orta, ali və orta ixtisas məktəblərini bitirənlərin xeyli hissəsi, ordu sıralarında tərxis olunanlar və təbiidir ki, əvvəllər heç yerdə işləməyən gənclər daxil olur. Düzdür, hər il ölkəmizdə yeni iş yerləri açılır. Ancaq təəsüf ki, açılan yeni iş yerlərinin sayı, qeyd edilən kateqoriyalara daxil olanların sayından dəfələrlə azdır. Nəzərə almaq lazımdır ki, ilk dəfəiş axtaran, əvvəllər heç yerdə işləməyən və bu səbəbdən də sosial dəstəkdən məhrum olan şəxslərin mütləq əksəriyyəti gənclərdir. İşsizlik təkcə insanların şəxsi problemi olmaqla qalmır, bu həm də, cəmiyyətin, dövlətin problemidir. Müşahidələr göstərir ki, işsizliyə düçar olanların, xüsusilə də, gənclərin xeyli hissəsi iş axtarmaq üçün xarici ölkələrə getməyi üstün tuturlar və gedirlər. Nəticədə, gənclərin təhsil almaqla, peşə hazırlığı ilə bağlı dövlət büdcəsindən sərf edilən vəsaitlər göyə sovrulmuş olur; maddi sıxıntı üzündən gənc ailələrin dağılmasına səbəb olur; demoqrafik proseslərə və millətin yekcinsliyinə əks təsir göstərir, gənclər arasında gələcəyə ümidsizlik yaradır.Özünü miilətsevər kimi göstərən bəzi siyasətbazlar gənclərin bu durumundan sui-istifadə edərək onların Azərbaycanda heç bir perspektivinin olmadığını deyərək gənclərdə ümidsizlik hissinin aşılanmasına, vətənpərvərlik hissinin zəiflədilməsinə və dövlətə qarşı inamsızlıq toxumunun səpilməsinə rəvac vermiş olurlar. Ona görə də, işsizlərin, xüsusilə də gənclərin, işlə təmin olunması üçün xüsusi, real məşğulluq proqramları qəbul edilməli və onların həyata keçirilməsinə ciddi nəzarət edilməlidir.

Fikrimizcə, işsizlik statusu alanlarla yanaşı ilk dəfə iş axtaranların, əvvəllər heç yerdə işləməyənlərin də sosial dəstəyinin həyata keçirilməsi üçün işsizlərin sosial dəstəyinin yeni forma və metodlarının tətbiqinə ehtiyac vardır. Hesab edirik ki, tətbiq ediləcək yeni forma və metodlarla bağlı maliyyə xərclərinin əsas hissəsini, sonradan qaytarılmaq şərti ilə, dövlət öz üzərinə götürməlidir. Bu məqsədlə aşağıdakı istiqamətdə tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı: ilk dəfə iş axtaranlara dövlət məşğulluq xidmətinə müraciət etdiy gündən 6 ay müddətinə (təkrar müraciət zamanı 3 ay uzadılmaqla), işə düzəldikdən sonra hissə-hissə qaytarmaq şərti ilə, minimum əmək haqqı məbləğində sığorta ödənişinin edilməsi.Müvafiq maliyyə mənbəyi kimi aşağıdakılar ola bilər:a) dövlət büdcəsindən müvafiq regional dövlət məşğulluq xidmətlərinin hesabına pul köçürmələri; b) müvafiq dövlət məşğulluq xidmətləri tərəfindən səhmləri dövlətə məxsus olan (və ya dövlətin səhmdar kimi iştirak etdiyi) banklardan uzun müddətli kreditlərin alınması.

Bu zaman belə bir sual meydana çıxır: müraciət etdiyi və minimum əmək haqqı məbləğində sığorta ödənişi alan andan keçən 9 ay ərzində işə düzələ bilməyən işsiz, aldığı sığorta ödənişini hansı yolla və necə qaytara bilər? Təbii, burada risk amili var və fikrimizcə bu riski dövlət öz üzərinə götürə bilər. Bunu nəzərə alaraq riskdən yayınmaq, heç olmasa onu minimuma endirmək üçün, dövlət səviyyəsində yeni iş yerlərinin açılması məqsədi ilə həyata keçirilən tədbirlər gücləndirilməlidir. Bununla yanaşı, yeni iş yerləri açan sahibkarlıq strukturlarına qanunvericilik yolu ilə stimullaşdırıcı tədbirlər (məsələn, mənfətin yeni iş yerlərinin açılması üçün sərf edilən hissəsinin vergidən azad edilməsi) nəzərdə tutula bilər.

Fikrimizcə, qeyd edilənlər nəzərə alınmaqla işsiz statusu verilmiş şəxslərin sırası genişləndirilməli, yaranmış şəraitdə dövlətin işsiz vətəndaşlara maliyyə yardımı davam etməli və onun məbləği artırılmalıdır. Bu tədbirlər koronavirusun işsiz əhalimizin güzəranına mənfi təsirlərinin yumşaldılmasına, sezilməkdə olan sosial gərginliyin aradan qaldırılmasına, vətəndaşın dövlətə güvəninin artmasına zəmin yarada bilər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ