SON DƏQİQƏ
» » "... Durur ayağıma cavanlar indi" - Nizami Muradoğlunun şeirləri

"... Durur ayağıma cavanlar indi" - Nizami Muradoğlunun şeirləri

Tarix:

2-04-2020, 16:03

/ 1 970 dəfə oxundu.
"... Durur ayağıma cavanlar indi" - Nizami Muradoğlunun şeirləri

Nizami MURADOĞLU

Aprelin-2 də filologiya elmlər doktoru, AMEA Folklor İnstitutunun şöbə müdiri Nizami Muradoğlunun 65 yaşı tamam olur.

Həm də şair kimi tanınan Nizami Muradoğluya yubileyi münasibətilə təbrikimizi və xoş arzularımızı ünvanlayır, şeirlərindən nümunələri oxuculara təqdim edirik.
 
Hər qarış torpağın qeyrət qalası...

Dur ey içimdəki qəhrəman kişi,
Bu gündən sabaha saxlama işi!
Dədən Bayandır xan, baban Koroğlu,
Sən qurddan doğuldun, ey qurdun oğlu!
 
Çıx dağlar başına ula qurd kimi
Müqəddəs nə var ki ana yurd kimi?!
Düşmənin səfini dağıt, parçala,
Qoyma qiyamətə bu qisas qala!

Gərək gavur bilə, bilə həddini!
Qaytar öz yerinə yurd sərhəddini!
Hər qarış torpağın qeyrət qalası,
Bu Vətən sənindir, ey türk balası!

Qalx ey mərd igidim, qalx hünərvərim,
Bu gün Qarabağdır mənim səngərim.
Şuşadır, Laçındır ürəyim, canım,
And yerim, Məkkəmdir Azərbaycanım!

İndi

Ayağa durardım yaşlı görəndə,
Durur ayağıma cavanlar indi.
Vətəni sevmişdim ana deyərək,
Sevgim qocalmayıb həmin-həmindi.

Nə olsun saçıma qar ələnibdi,
Ömrüm dağlar ilə zirvələnibdi.
65 gəlibdi - lap xoş gəlibdi,
Qaynayıb qarışıb zamanlar indi.

Qəlbimdə gəncliyin eşqi, həvəsi,
Şerimdə, sözümdə sevgi nəğməsi.
Hələ nələrim var, gəlib görəsi...
Hərdən yada düşür o anlar indi.

Ərməğan almadım dövlətdən, xalqdan,
Ruhum mükafatdı Tanrıdan, Haqdan.
Don geydim üç rəngli qızıl bayraqdan...
Mənə çox yaraşır bu donlar indi.

Var olsun dövlətim, elim var olsun,
Var olsun millətim, dilim var olsun.
Vətən çiçəklənsin, gül-gülzar olsun –
Kor olsun, paxıllar, düşmanlar indi.

Gedir

Dünyadı, zamandı – il gəlib gedir,
Ağladır – gözümdən sel gəlib gedir.
Qəlbdə sevgi solur, əlimdə çiçək,
Viranə könlümdən yel gəlib gedir.

Yolunda can qoydum Vətənim deyə,
Tanrı bilir kim qazana, kim yeyə.
Şuşada bayrağım ucalmır göyə -
Başıma ələnən kül gəlib gedir.

Deyirlər ədalət, haqq var, mizan var,
Ağzına su alıb susur krallar.
On səkkiz yaşında şəhid balalar,
Torpağın qoynuna gül gəlib gedir.

Gedir qoca-qoca nəsillər gedir.
Gün keçir, ay keçir, fəsillər gedir.
Qolu bağlı yurdlar, əsirlər gedir –
Zaman da, dövran da bil, gəlib gedir.

Saxlaya bilmədim, zamanı, vaxtı.
Bəşərdən ucada fələyin taxtı.
Baxdı - millətimə qıyqacı baxdı,
Odur ki, Araz da lil gəlib gedir.

Gəlir

Yenə gözlərimin qaçıb yuxusu
Nə geri qayıdır, nə səhər gəlir.
Dostların vəfasız çıxdı çoxusu,
Deməyə dilim də birtəhər gəlir.

Torpaq udulduqca tikələriylə,
Xanlar səfil oldu Bikələriylə.
Keçdikcə yadlaşan küçələriylə
Elə bil üstümə bu şəhər gəlir.

Özgəyə dost oldum, özümə düşmən.
Mey dolu piyaləm düşdü əlimdən.
Oxşaya bilmirəm heykəllərə mən,
Ya hıçqırıq boğur, ya qəhər gəlir.

Dəyişir aralıq, üstlər beləcə,
Dəyişir heykəllər, büstlər beləcə.
Tanışlar beləcə, dostlar beləcə.
Arxamca bir kabus sərasər gəlir.

Ağ divə dönürsə iti haranın,
Çarəsi ölümdür dərin yaranın.
Dəyişir xisləti ağla qaranın,
Ağ südün içində ağ zəhər gəlir.

Qoynunda qərq etdim ümidlərimi,
Bu arzu yığımı, ümid dərimi.
Keçib min illərin sərhədlərini
Kişnəyə-kişnəyə bir kəhər gəlir.

Yüyənsiz bir kəhər, sahibsiz bir at.
Dağılmış məmləkət, dayanmış həyat.
Deyirlər muraddır, muraddırsa at
Bəs niyə hicranı hər səfər gəlir?

Ağ atın belinə qalx, qəhrəmanım.
Bu yurdlar sənindi, bax, qəhrəmanım.
Düşməni yandırıb yax, qəhrəmanım,
Dost-düşmən görsün ki, cəngavər gəlir.

Nə vaxtdır bu səsin həsrətindəyəm,
Günəşə uzanan yol gözləyirəm.
Duysun bütün dünya, eşitsin aləm,
Dağ-daş da dillənsin, zəfərlər gəlir.

Sən mənim taleyimdə

Sən mənim taleyimdə
Doğan Günəş kimisən,
Qarşımdakı buzları
Ərit, başına dönüm.
Qəlbimin ağrısıdır,
Gözlərimdən axan yaş.
Gözlərimin yaşını
Qurut, başına dönüm.

Gündüzlər düşüncəli,
Xəyallarım gecəlik.
Mən bir ovçu kamansız,
Sən bir xınalı kəklik.
Bir gün də bu yerlərdən
Çıxıb gedə bilərik
Sən mənim əllərimdən
Bərk tut, başına dönüm.

Hər anında bir ümid,
Hər addımın uğurdu.
Mən bir ocaq qalaram,
Sən də xəmir yoğur, dur.
Bu dünyanın sualı
Yordu, bizi çox yordu,
Hərdən də bu dünyanı
Unut, başına dönüm.

Dünya dünyayla qalsın,
Bizim öz dünyamız var.
Taleyin özüylə də,
Cəngimiz, davamız var.
Qəlbimizin oduyla
Qızınan yuvamız var,
O vətəndi, o yurddu,
O yurd, başına dönüm.

Dərd gələr batman-batman,
Dərdi unudammasan.
Mənə gülüş bəxş elə,
Qarşılığı sevgidir.
Dərd özü də gülüşlə
Yox olub gedərgidir.
Ovut dərdimi, ovut,
Ovut, başına dönüm.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ