SON DƏQİQƏ

Dollar bu gün neçəyədir?

İqtisadiyyat / Manşet

Həsənağanın qohumu- Felyeton

Tarix:31-05-2019, 11:41

Yunus Oğuz

 

Bir sıra insanlar var ki, dili ilə, geyimilə iş aşırırlar, qaz vurub qazan doldururlar. Xüsusən də vəzifəli və hörmətli (yəni xalq şairi, yazıçısı, bədəbəddə əməkdar, doktor və akademik) adamların yas yerində özlərini elə aparırlar ki, elə bil ölü yerinin bütün xərc-bacını bu adam çəkib. Yasda belələri elə vay-şüvən qoparırlar ki, ölü sahibi ölüsünə ağlamağı kəsib, ləzzətlə bu istedad sahibinə paxıllıq hissilə baxır, qibtə edir. Düşünür ki, yəqin mərhumla köhnə cici-bacıdırlar. Beləsinin hökmən məqsədi olur. Foyedə, ya da çadırın ağzında durub gələni qarşılayır, əyləşdirir, gedəni isə havadan asılı olmayaraq maşınına qədər yola salır, qapını açıb rahat yerə əyləşdirəndə bircə kəlmə də deyir; "Mən Həsənağanın qohumu Səmədağayam".

Beləsilə bir-iki dəfə də mən rastlaşmışam. Nazirlikdə təzəcə işə düzəlmişdim. Dostum nazir təyin olunanda məni də yanına çağırdı ki, bəs səni müavin qoyuram, amma bir şərtim var, - dedi.

- Buyur, nə şərtdir söylə, canla, başla  yerinə yetirərəm, - dedim.

O müqəddəs kitabı çıxardıb söhbətinə davam etdi:

- And iç bu müqəddəs kitaba ki, rüşvət almayacaqsan, verdiyim paketlə kifayətlənəcəksən.

Mən də and içib aparatın rəhbəri oldum.

Əvvəllər paketi vaxtlı-vaxtında alırdıq. Sonra necə oldusa ortadan paket yığışdı, biz də qaldıq quru yurdda. Əvvəl necə işləyirdiksə, indi ondan da yaxşı işləyirdik. Sən demə belə işləmək olarmış. Həm də kişiyə söz vermişdim, axı! İndi yanımıza gələnin birini də geri qaytarmırıq. Hamısını xoş-beşlə qarşılayıb, "xoş getdin" lə yola salırıq. Lap Qorbaçovun "yenidənqurmasına" dönmüşük. Şikayətçi yanında quzu balasına dönmüşük. Şikayətçi məmurun zəhmini görməsə hər mənada ona  hörməti olmaz! Beləyik də: üz göstərəndə deyirlər öz eşşəyimizdir, zəhmimizi görəndə isə xalq deyir ki, əclafdır, alandır, daha nə bilim, nə...

Əlqərəz, aşağıdan zəng gəldi ki, bəs Həsənağanın qohumu gəlib. Barmağımı dişlədim ki, bu olsa-olsa Səmədağa olacaq. Dedim gəlsin.

İçəri bazburutlu, gözəl kostyum, qalstuk geyinmiş orta boylu birisi girdi. Tanımasa idim, deyərdim bu da hansısa nazirin birinci müavinidir.

Məhrəm adamlar kimi mənimlə març-murç  öpüşdü. Təklifimi gözləmədən stulu çəkib ərklə iri yançaqlarını onun üstünə qoydu:

- Həsənağa sənə salam göndərdi. Balam, yanında yaman hörmətin varmış, deyir gərək lap yuxarılarda onun adını bir - iki dəfə çəkim, bəlkə lazımı oldu.

Dil - ağız elədim;

- Nə zəhmət çəkib, - məzələnmək damarım tutdu. Onsuz da paket vermirlər, verməsinlər. Məzələnməyi də əlimizdən almayacaqlar ki? - Xəbər eləsəydin özüm yanınıza təşrif gətirərdim. Zəhmət çəkmisiniz. Bir halda ki, gəlmisiz,  deməli səbəbsiz deyil.

Səmədağa qürurlandı, həm də şəstlə basıb oturduğu yançağı ilə qurcalandı. Stul da bu qurcalanmadan cırıldadı.

- Əşi, elə bir iş deyil,  - dedi, - Beçə - nökərçəniz Hüseynağanın  balaca bir işi var. Fikirləşdim bu balaca işə görə Həsənağanı işindən -gücündən eləməyim. Onun hörmətini sən saxlayan yerdə o boyda kişini dövlət işindən ayırmayım.

Yenə məzələnmək istəyəndə telefon zəngi çalındı. Bilirdim katibəmdir, çünki ona demişdim ki, bu kişi içəri girib çıxana qədər hər on dəqiqədən bir zəng elə. Dəstəyi qaldırıb bir an susdum, guya qulaq asırdım, sonra "yaxşı" deyib onu yerinə qoyaraq sual verdim.

- Hə müəllim, nə işi idi?

- Heç xırda işdi. Deyirəm, bu beçə-nökərçəni evləndirmək istəyirəm, ona qaçqınlar üçün tikilən evlərdən bir mənzil təşkil edərdiniz.

- Sağ əlinin üç barmağını gözümün qabağında sürtdü. - Hörməti nədir, eləyəcəm.

- Əşi, nə danışırsan? Ortada Həsənağa var, - yenə məzələndim, hörmət, zad nədir. Ayıb olar. -Baş üstə, - Əlimi günlük elədiyim gözümün üstündən çəkib soruşdum: - Həsənağa indi hardadır?

Sualı gözləyirmiş kimi baş barmağın yuxarı qaldırıb hərbi sirr açırmış kimi dilləndi:

- Hələ ordadır.

- Lap yaxşı. - dedim. Xırda məsələdir, həll edərik. Sənədləri hazırlasın, gətirsin. Daha nə qaldı?

Səmədağa elə bil bostan mövsümünün axarına özünü çatdırmışdı. Nə verirdilər, havayı götürürdü.

- Bir balaca da o biri beçə -nökərçən Mirağanın qaçqın maşınına ehtiyacı var. Dərsə maşınla gedib-gəlsin deyirəm. Anası Cənnətağanın da könlü şad olar. Arvadın ağzı dualıdır, həm də Həsənağa bu xırda problemlərdən qurtular.

İstədim soruşam ki, sizin bütün nəsliniz ağadır?  Hamı sizə işləyir?  Amma telefon zəngi yenə şaqqıldayıb sualımı ürəyimdə qoydu. Dərhal dəstəyi qaldırdım. Bir anlığa üzümə "qara rəng" sürtüb  "ola bilməz", "yaxşı" deyib dəstəyi yerinə qoydum. Kişinin düz gözlərinin içinə baxıb ağır-ağır dilləndim:

- Ağsaqqalı, Həsənağa müəllimi işdən çıxardıblar.

Kişinin görkəmi gözümün qabağında dəyişib islanmış cücəyə döndü. Ağır-ağır ayağa duranda soruşurdu:

- Bəs xahişim necə olsun?

Ötkəm səslə dilləndim:

-Həsənağa yoxdursa, xahiş də yoxdur...

Amma, bilirdim ki, onun baş barmağını qaldırıb yuxarıları göstərdiyi yerdə heç vaxt Həsənağa olmayıb.

Məzən olsun, Səmədağa!

30. 05. 19

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<