SON DƏQİQƏ

Femidanın "axıcı yeriş" simvolu - Qorxmaz Ibrahimli

Tarix:

30-04-2019, 22:57

/ 643 dəfə oxundu.
Femidanın "axıcı yeriş" simvolu - Qorxmaz Ibrahimli

Aydın Canıyev

Hərçənd... toxum-tayfamın ortalığa topaladığı və ata-anamın puluyla girsəm də, indiki BDU-nu sovet dönəmində Azərbaycandakı ali məktəblərin Məkkəsi saymışam və o qədər təkəbbürlü olmuşam ki, başqa ali məktəblərdə oxuyanlara "ikinci sort" kimi baxmışam - öz gücümə olsaydı, yenə yeri vardı belə lotulanmağın, ancaq deyim də ki... haqlı olmuşam! - savadıma görə! Davam bu deyil... bu alayı "razborka"dır, demək istədiyim ayrı incəlikdir.
Universiteti, özü də ən prestijli fakültə(lərii)ni seçmək, iddia ortaya qoymaq... artıq xarizmanın təzahürüdür! İllərlə, israrla və inadla dalbadal imtahanlarda sınanmaqdan yorulmamaq və sonda istəyinə nail olmaq xarizmanın ilkin təsdiqidir. Təhsil illərində fərqlənmək isə - həm savad, həm də davranışa görə - zirvədir.
Day keçən keçib, bəlli olan bəndəyə də bəlli, Allaha da məlum, indi demək olar: mənim "ikinci sort"lara təkəbbürlü münasibətim illərin içində əridi: çünki hər oxuyanı Qorxmaz İbrahimli kimi görmədim - bir-iki il fərqlə oxumuşuq. Mən Universitet yataqxanasında qalmasam da, o yataqxanalarda orda qalanlardan çox olmuşam: qrup yoldaşlarım əziz olub mənə, çox istəmişəm qrup və fakültə yoldaşlarımı, imkan düşən kimi qaçmışam yanlarına. Hətta elə olub ki, işdən gec və yorğun çıxmağıma baxmayaraq, qaz üstə isidilmiş suyu da başlarına tökmüşəm ki, səhər dərsə kirli saçla gəlməsinlər. O... qonaq getsəm də, sakinlərindən çox olduğum yataqxana orbitində cəmi iki-üç tələbənin davranışı, yerişi-duruşu, özgüvəni diqqətimi çəkib. İlki və birincisi Qorxmaz İbrahimli olub.
Qorxmaz bəylə heç vaxt elə də yaxınlığım, dur-oturum, "salam-əleyk"im olmayıb. Amma seyrini vurduqlarımdandır. Xüsusi zövq almışam bu ucaboylu, ciddi görkəmli, dikyerişli tələbənin performansından. Tanıyanlar təqdim edib ki, Məmməd Arazın qardaşı oğludur və anında əlavə edim ki, hər zaman BDU-da nəsil, mənsəb bağlılıqları ilə daha "blatnoy oğlan"lar oxuyurdu onda - tam əksəriyyəti ya hüquq fakültəsini gözdən salırdı, ya da Universiteti. Qorxmaz nadir incilərdən idi.
Bir dəfə bir statusumda yazdığım kimi (Azərbaycan xalqı da Az.TV kimidi - hamı savadlı, istedadlı, amma və lakin...) olub: hər bir vətəndaşı-işçisi-tələbəsi yüksək savad, intellekt, istedad nümunəsi, fəqət, ən çox söyülən də Az.TV, ən çox miskin durumda da Azərbaycan xalqı, ən çox nifrət olunanlar da hüquq məzunları. Ayrı illərdəki BDU məzunlarını bir kənara qoyuram, ancaq məhz Qorxmaz bəy öz buraxılış ilinin ən vicdanlı, ən dəyərli, ən saf, ən ləyaqətli qalan təkidir, - iddiasındayam!
Tələbəliyi(miz) milli azadlıq hərəkatı illərinə düşən Qorxmaz bəy, əlbəttə ki, hərəkatın öncül əsgərlərindən, təəssübkeşlərindən biri olub. Cəbhə hakimiyyəti vaxtında onun da üzünə Günəş doğub, arxasıyca yellər əsib. Ancaq bütün sonrakı dönəmlərdə heç bir alverdə, bulaşıq işlərdə, pərdəarxası, stolüstü və stolaltı oyunlarda adı hallanmadı, hallana bilməzdi! Hər zaman seyrini vurduğumda dəyişməz bir obraz gördüm: mücəssəmə kimi, abidə kimi, heykəl kimi məğrur və dik obraz. Onun yerişi həmişə məndə sanki Femidanın "plavnıy poxod"u - "axaraq yerimə"si, "axıcı yeriş" təəssüratını yaradıb. Ləzzət almışam. Mən bu dəfə "xəbis xasiyyətim"dən vaz keçirəm - heç kimin adını (nə fakültəsindən, nə də üzvü olduğu təşkilatından) onunla müqayisə üçün çəkməyəcəyəm ki, dediklərimin tam və təkzibolunmaz həqiqət olduğuna inandırım sizi. Çünki Qorxmaz İbrahimli adı və şəxsiyyəti mənim nəzərimdə, - 
- necə ki, şəhid anasının yanında latayır danışılmaz;
- necə ki, ağsaqqal yanında ağız-bəhəmlik edilməz;
- necə ki, qız-gəlin yanında söyüş söyülməz;
- necə ki, müəllim yanında etikadan kənar danışılmaz... - müqəddəslikdədir. 1985-1993-cü illərdə əhatəsində olduğum tələbə dünyası nümayəndələrindən təklərdən olan müstəsna ləyaqətli yaddaşdır, onçun!
Mən tez-tez xaricdə - Avropada, Amerikada səfərdə olan dostların, soydaşların ağzıayrıqlıqla heyrətlərini sırıdığı sicilləmələrini oxuyanda və o təklifi görəndə ki, Avropaya, Amerikaya getmək yox, oraları bura gətirmək lazımdı, onda təpəm atır və elə oxuduğum yerdəcə Qorxmaz İbrahimli adında bayraq sancıram! Mən olduğum hər yerə böyük məmnuniyyətlə Azərbaycanı aparıram - o Azərbaycanı ki, içində Məmməd Araz var, Bəxtiyar Vahabzadə var, Rafiq Qurbanov var, Rafiq Əliyev var, Çingiz Hüseynov var, eləcə də... Qorxmaz İbrahimli var!
Avropaya, Amerikaya Abel Məhərrəmov, Çingiz Qənizadə, Siyavuş Novruzov, Allahşükür Paşazadə kimi gedəndə, əlbəttə ki, istəyərsən gələndə Avropanı, Amerikanı bura gətirəsən!
Məhz bu rəğbətimə görədir ki, heç vaxt, heç vaxt Qorxmaz İbrahimliyə yaxınlaşmamışam, nəinki dostluğa can atmışam, hətta rəğbətimi belə ifadə etməkdən çəkinmişəm ki, onu... incitməsinlər. Ona zəng edib deməsinlər ki, Aydın Canıyev hara, sən hara? Və yaxud da kinayə ilə müxalifətçilər də, iqtidarçılar da eşitdirməsinlər: "Bilirsən də... Aydın Canıyev Elçibəyin əleyhinə yazıb, bilirsən də... hakimiyyətin əleyhinə yazıb..."
Mənim çoxlu dostlarımı belə incidiblər.
Mənim çoxlu dəyərli oxucularımı belə pisikdiriblər.
Mənim çoxlu xeyirxahlarımı belə küncə sıxıblar!
Mənim ölkəmi bu cür idarə edirlər.
Və belə zamanda, belə idarəetmədə olan bu ölkədə mənim "Ali Məktəblərin Məkkəsi"ni bitirsə də, bütün parametrləri - kimliyi, nəsil və şəcərə mənsubiyyəti, haralılığı, təhsili, əxlaqı bütün üstünlüklərə və mükafatlara şans versə də, faktiki heç harda olmayan, amma hər yerdə adımız ola biləcək bir Qorxmaz İbrahimli var!
Öz ümidinə qalsa, özünü qoruyar, amma biz onu pis vəziyyətdə qoymasaq - məni dostlarım, qohumlarım, yerlilərim, yaşıdlarım, tələbə yoldaşlarım pis vəziyyətdə qoyduqları kimi!
İnanın və əmin olun, Qorxmaz İbrahimlinin bu baxımdan faciəsi məndən minqat artıqdır. Hələ ki, özünü qoruyur, məndən fərqli olaraq: mən ən müxtəlif badələrdə-bokallarda, ən qarmaqarışıq taleli qadınların qucaqlarında, ən namərd ünvanların ocaqlarında itdim, batdım, yandım...
Məni bu günəcən yaşadan, bu gündən sabaha adladan əclaf mahiyyətli olsa da, istedadım oldu, Qorxmaz bəyi... ləyaqəti! xarizması! əxlaqı!
Qorxmaz İbrahimli bir daha sübut etdi ki, o, ali təhsilini mənsəb üçün yox, xalqının hüquqlarını qorumaq üçün bitirib!
Yazdıqlarıma bir neçə məqamda hədislər əlavə edə bilərdim, amma ehtiyac yoxdu: Qorxmaz İbrahimli çox az təklərdəndir ki, onun haqqında deyilən hər xoş söz səmimi və etirazsız qəbul olunur.
fb səhifəsindən paylaşdığı ecazkar tablolar, çox az hallarda yazdığı statuslar, hamının oyuna, paya can atdığı kəmfürsətlik dönəmində onun qürurla öz ucalığında qaldığını, yerini və özünü hərraca çıxarmadığını sərgiləyir.
Bəlli tarixlərdə anıları olur. Çox yüksək əyarlı Azərbaycan Kişisi obrazını tamamlayır: xanımını çox gözəl, eyni zamanda, yüksək ədəblə xatırlayır, xanımına və cəmiyyətə anım borcunun ifadəsini nümayiş etdirir, övladları, nəvələri, vətəninin təbiəti və əsrarəngizliyi ilə özünün vəhdəti-vücudunu o qədər duyğusallıqla yapır ki, ürək riqqətə gəlir!
Çox istərəm ki, hər il, hər qəbul və hər buraxılışda BDU-da bir Qorxmaz İbrahimli olsun! Qoy o universitetdə oxuyan aydıncanıyevlər bütün digər ali məktəblərdə oxuyanlara "ikinci sort" kimi baxa bilsinlər.
Bu sözü təkcə İlyas İsmayılov üçün yazmışdım, əminəm də ki, Qorxmaz İbrahimli də İlyas İsmayılov yüksələn mənsəblərdə olsaydı, onun haqqında da demək olardı: Qorxmaz İbrahimli Baş prokuror, ədliyyə naziri olsaydı, bu cinayətlər olmazdı, bu cinayətkarlar cəzasız qalmazdı!
Bu ölkənin Baş prokuroru, ədliyyə naziri Qorxmaz İbrahimli olmadığından... aydıncanıyevlər həbs olundu, işgəncələrə, haqsızlıqlara məruz qaldı!
Əvvəldə yazdım: mən dostluğa can atmadım Qorxmaz İbrahimli ilə - bəzi səbəbləri göstərməklə. Ən başlıca səbəb isə o idi ki, Qorxmaz İbrahimli xalqının dostu ucalığındaydı, onu Aydın Canıyevin dostu qədər özəlləşdirmək insafdan və allahdan olmazdı!
Üstəlik də, Bakıda yaşadığı ilk gündən hər zaman başının üstündəki "Məmməd Arazın qardaşı oğlu" önyarğısını Qorxmaz İbrahimli çox gözəl cavablandırdı yaşamıyla, əxlaqıyla, mübarizəsiylə: Məmməd Arazın doğma, doğma, doğma qardaşı oğlu olmasaydı belə, bəlkə də Qorxmaz bəy bu ölkədə yeganə oğul olardı ki, Məmməd Araz ona... təkcə ona... "qardaşoğlu" deyərdi...
Təbriklər, Bəy! Mən bu yazını yazıb arxivə də atardım, qoy mən olmayandan sonra arxivimdən çıxsın, biləsən ki, nə boyda dəyərli insan olmusan! Allah xasiyyətimi kəssin, bu boyda saflığa təşəkkürü rəsmən bildirməməyi əclaflıq saydım... öz sağlığımda!
Təbriklər... BDU məzunu, milli-azadlıq hərəkatının, azərbaycanlılığın vizit kartı... Qorxmaz İbrahimli!
YAZIYA SONRADAN ƏLAVƏ: coğrafiyada oxuyan Qorxmaz bəyin yaddaşımda hüquqşünas kimi qalmağı tək bir səbəbdən ola bilər: adamı hər zaman hüquqlarımızın qorunması üçün açılan savaş meydanlarında gördüm, gördük... düzəlişləri şərhlərdə oxuyanda ürəkdən güldüm - insan doğrudan da öz obrazını yaddaşlarda özü yaradır!

 

скачать dle 12.1

Şərhlər