SON DƏQİQƏ

AQİL ABBAS: QOYUN ÖLDÜYÜMÜZ YERDƏ ÖLƏK!..

Tarix:

5-04-2019, 17:43

/ 10 475 dəfə oxundu.
AQİL ABBAS: QOYUN ÖLDÜYÜMÜZ YERDƏ ÖLƏK!..

Çətindi! Çox çətindi! Bu çətinliyi yaşamayan, nəinki yaşamayan, hətta görməyən bunu anlaya, duya bilməz. Güllə səsi altında, daha dəqiq desək, güllə altında yatırlar, güllə altında oyanırlar, güllə altında əkib-biçirlər, heyvan otarırlar, bəzən özləri bilmədən mina basdırılmış ərazilərə də gedirlər.

Hasarları, darvazaları, pəncərələri, divarları, damları qaçaq Nəbinin papağı kimi güllədən deşmə-deşmədi. Yanmış kəndlərini, evlərini, dağıdılmış qəbiristanlıqlarını gözlə görə-görə yaşamağın necə böyük bir müsibət olduğunu o müsibəti çəkənlər bilir. Ümidlə, sabaha inamla bütün bu çətinliklərə, bu müsibətlərə dözürlər.

Hacturalı, Əfətli, Məmmədli, Evoğlu, Qaradağlı, Çəmənli, Baharlı, Bənövşələr, Çullu, İmamqulubəyli… Ağdamın bu kəndləri düşmən gülləsi altında olan kəndlərdi. Təkcə Ağdamın yox, Qazaxın, Tovuzun, Tərtərin, Ağcabədinin, Beyləqanın, Xocavəndin, Füzulinin də cəbhə xətlərində yerləşən camaatı bu məşəqqəti, bu ağrı-acını yaşayır.

Aprel döyüşlərində yuxarıda adlarını çəkdiyim kəndlər raket atəşinə tutuldu, nə qədər evlər dağıldı, məktəb dağıldı. İnsanlar evlərində çörək yediyi yerdə, kəndin aralığında getdiyi yerdə həlak oldular. Amma yenə ruhdan düşmədilər.

Bəzən düşmən gülləsi adamı o qədər yandırmır ki, özününkünün atdığı «güllə» səni daha çox yandırır. Qarabağda belə bir deyim var: «Qoyun öldüyümüz yerdə ölək də!» Qoymurlar! Axmıralar, sataşmalar, lağlar, böhtanlar, təhqirlər… «Torpaqlarını qoruya bilmədilər, qoyub qaçdılar», «Şəhərləri azad olunandan sonra da geri qayıtmayacaqlar», «Bakıda villalarda yaşayırlar», «Şəhərin mədəni səviyyəsini aşağı saldılar» və sair və ilaxır.

İkicə fakt. Ağdamın işğal altında olmayan ərazisində 45 min adam yaşayırdı. İndi 90 mini keçib. Dövlət qəsəbələr saldıqca başqa bölgələrdə məskunlaşmış ağdamlılar, hətta Bakıdan da öz doğma torpaqlarına qayıdırlar.

Füzulinin 30 min əhalisi geri qayıdıb, yeni salınmış qəsəbələrdə yaşayırlar.

Möhtərəm Prezident İlham Əliyev tez-tez cəbhə bölgəsində yerləşən kəndlərdə olur, camaatla görüşür, oturub bir stəkan çaylarını içir, problemlərini, dərdlərini dinləyir. Və o problemlərin həlli üçün sərəncamlar imzalayır. Və birbaşa da özü bu sərəncamların necə yerinə yetirildiyinə nəzarət edir. Bu da həmin bölgədə yaşayan insanların sabaha inamını artırır.

Sözüm bu camaatı öldüyü yerdə ölməyə qoymayan ağzıgöyçəklərədi. «26-lar» filmində belə bir yer var: gözəl bir süfrə, həzin musiqi, stolun üstündə quş südü . İngilis generalı deyir:

-Oturmuşuq Tehranın cənnət guşəsində.

İndi oturmusuz Bakıda, rahat ev-eşikdə. Saytlarda, qəzetlərdə, sosial şəbəkələrdə şər-böhtan yazıb bu camaatın əlini işdən-gücdən soyudursuz. Dövləti, dövlət orqanlarını, məmurları nüfuzdan salmağa çalışırsız.

İşğaldan sonra Ağdamda beş icra başçısı işləyib. Hamısı da yerli camaatdan. Hamısı da dövlətin verdiyi imkanlar qədər, gücləri çatan qədər əhalinin hörmətini qazanmağa çalışıb. Təbii ki, bacardıqları qədər – biri bir az çox, biri bir az az. Əhalisi ölkənin 50-60 rayonuna yayılmış problemli insanları yola vermək , buna çatdırmaq… Təkcə Mingəçevir şəhərində on mindən çox ağdamlı yaşayır. Düzdür, onların problemləri ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, həm də yerli icra hakimiyyətləri məşğul olur. Amma onların ən çox umduğu, dərdlərinin çarəsini axtardığı, əsas üz tutduqları Ağdam rayonunun rəhbərliyidi. Od olub özünü yandırsan da mütləq giley-güzar olacaq.

Ağdama 6-7 aydı yeni bir icra başçısı təyin olunub. Uzun illər Qaradağ və Xəzər rayonlarında icra başçısının müavini işləyib, böyük bir təcrübə toplayıb. İndi də Möhtərəm Prezident göndərib ki, get öz camaatının problemləri ilə məşğul ol.

Rayonda xüsusi bir qrup var, Bakıdan idarə olunur. Onların işi-gücü rayondakı məmurlara mətbuat vasitəsilə hədə-qorxu gəlmək, şantaj eləmək, istəklərini həyata keçirməkdi. Özü də belə qruplar təkcə Ağdamda yox, elə bütün rayonlarda var.

Bu qrup Həsən Sarıyevə də, Nizami Sadıqova da, Raqub Məmmədova da… rayona kim rəhbər vəzifəyə gəlirsə istər prokuror olsun, istər polis rəisi, təhsil şöbəsi, səhiyyə şöbəsinin müdiri … qoymayın, rayonu dağıtdılar. Ağdam onsuz da dağılıb da, nəyini dağıdacaqlar?

İndi də Vaqif Həsənov. Özü də bu hücumlar Möhtərəm Prezidentin Quzanlıya səfərindən sonra, qısa müddətdə görülən işlərə verdiyi yüksək qiymətdən sonra daha da artıb, daha da kəskinləşib. Saytlarda, sosial şəbəkələrdə, qoymayın, başçı rayonu dağıtdı…

Bu başçı hələ nə yatdı ki, nə də yuxu görə. Hələ kabinetinin üzünü doğru-düzgün görməyib. Çöldə- bayırda, kənddə-kəsəkdə, əhalisi məskunlaşmış rayonlarda. Əvvəldən qalmış problemlərin həlli üçün Bakıda, nazirliklərdə, komitələrdə.

İcra Aparatına da dəyməyib. Kim vəzifəsinin öhdəsindən layiqincə gəlib işləyəcəksə, qalıb işləyəcəyik, gələ bilmirsə… prinsipi ilə.

Təbii ki, Ağdamda onun da çoxlu qohum-əqrəbası, dostu-tanışı var. Hələ birini də bir vəzifəyə təyin etməyib. Allahla danışaq, heç əvvəlki başçılar da başına qohum-əqrəba yığmayıb. Əslində belə də olmalıdı. Elə bütün ağdamlılar onların qohum-əqrəbasıdır da.

Amma yox, məlum qrup qoymaz işləməyə, əli işdən-gücdən soyutmalıdırlar axı. Özlərinə tabe etdirməlidirlər axı. Hərləyib-fırlayıb hasdan-pusdan nəsə tapıb şantaj eləməlidirlər axı.

Dəyməyin bu yurdsuz-yuvasız insanlara. Qıymayın, ümidlərini, inamlarını üzməyin!

Qoyun öldükləri yerdə ölsünlər!

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ