ÖLÜMÜ GÖZLƏYƏNLƏR

Fəridə RƏHİMLİ

Başlığı oxuyanda bəlkə də ölüm hökmü verilmiş məhbusu, yaxud güllə qarşısında saralaraq əsənləri, təqib, təhdid olunanları göz önünə gətirdiniz, amma bu yazıda tamam başqa bir mövzuya toxunacam.

Uzun illərdən bəri valideynlərini "Qocalar evi”nə yerləşdirən övladlar qınanıb, bəzən lənətlənib də. Bu, təkcə mentalitetlə bağlı deyil, həm də insanlıq baxımından yanaşdıqda, qəbulolunmazdı. İmkanı, şəraiti olub, anasına evində bir küncü, süfrəsində bir loxma çörəyi çox görən "oğullar” nə çoxdu. Və çox olub belə övladları tənqid etdiyim, qınadığım. Düşünə bilməmişəm ki, insan onu dünyaya gətirən, əziyyətini çəkən, böyüdən, tərbiyə verən, oxudan, evləndirən... bircə yuxusuz gecəsini əvəz edə bilmədiyimiz ana zəhmətini, haqqını necə laqeydcəsinə unuda bilər?!.

Tanıdığım çox insanlar var, eyni gileyləri edirlər yaşlılar haqqında. Daim narazıdılar - niyə gec gəldin, yenəmi gedirsən, barı istirahət günləri evdə otur, məni evdə qoruqçumu saxlayırsınız, ölsəm canım qurtarardı bu həyatdan, xəstəyəm, canım ağrıyır, mənlə maraqlanmırsınız və s. kimi suallar, şikayətlər. O doğrudur ki, insan yaşlandıqca həm də uşaqlaşır. Sağlığında problemlər yaşanır, əmək qabiliyyəti azalır, məşğuliyyəti tükənir, hərəkəti zəifləyir və ona görə də kaprizləri başlayır, deyingənlik adət halını alır. Buna dözməyən övladlar onun etdiklərini gözə almadan başlarından eləmək üçün evdən uzaqlaşdırırlar.

Bir də var anasını gözündən uzağa buraxmayıb özü baxan övladlar. Onlar da ailənin ehtiyacını təmin etmək üçün işləməyə məcburdular. Aydın məsələdir ki, sabah evdən çıxıb, axşam qayıdırlar. Əgər evdə oğul da, gəlin də işləyirsə, valideynin də biri dünyasını dəyişibsə, o biri tək qalmaq məcburiyyətindədir. Bu işləyən övlad anasını "Qocalar evi”nə qoymaq haqda düşünmür, onu özünə sığışdırmır, əksiklik sayır, vicdanı qəbul etmir və sair. Yəni, onu yaxşı övlad hesab edə bilərik. Amma bir düşünsək, bu onlar üçün "ölümü gözləmə” sürəsi deyilmi? Bu duruma bir də o yaşlı insan tərəfdən də baxmağı bacarsaq...

Gün ərzində sabahdan axaşama qədər bir insan üzü görmək ehtiyacını yaşayan analar, atalar var, evdə tək qalırlar. Sabahdan axşama qədər gözü saatda, qapıda qalan, "Xoşqədəmə, Elgizə baxmaqdan” gözləri olan nurunu da itirən, ən çox sevindiyi gün şənbə-bazar olan, bəzən o günlərdə də övladları harasa gedən bu insanların darıxmaması üçün nə edə bilirik? Yaxud dövlətin bu barədə, yəni yaşlıların həyatına, yaşamına əyləncə qatmaq, vaxtını səmərəli, maraqlı keçirmək üçün bir tədbiri, planı varmı?..

Oturub ölümünü gözləyən bu insanların maraq dairəsi, istəyi, arzusu nədir sizcə? Bir qulaq yoldaşına ehtiyacları var, sadəcə bir qulaq yoldaşına. O yaxını da ola bilər, qonşu da ola bilər, yoldan keçən də, təki "dağı arana, aranı dağa” yalnız daşımasınlar!

Belə insanların ömürlərinin son illərini rahat keçirmələri üçün bir tədbir planı hazırlamaq olmazmı? Məsələn, məhəllələrdə, yaxud rayonun müəyyən bir ərazisində (söhbət Bakı rayonlarından gedir, çünki kəndlərdə belə problemlər olmur- F.R) dövlətin dəstəyiylə (ictimai təşkilat da ola bilər!) pansionat yaradıb o ərazidəki yaşlıları oraya cəlb etmək. Axşamlar işdən sonra, necə ki, onlar zamanında bizləri uşaq bağçalarına aparıb, axşam evə dönəndə götürərdilər, eləcə götürmək olar. Onları ünvanına aparıb-gətirmək üçün avtobuslar da ayırmaq da

mümkündü. Qalmaq istəyən qalsın, istəməyən axşam övladları ilə evinə dönsün. Belə olarsa, onlar həyatdan küsmüş olmazlar, hamısının problemi, sağlıq durumları bənzər olduğu üçün məsələni çox da böyütməzlər, evdəki onların gileylərindən yaranan əsəbilik sona yetər, yorğun övladlar da valideynlərini halından məmnun görüncə rahat olarlar. Ölkədə mövcud olan "Qocalar evi”ndə hər bir şərait yaradılsa da, oradakı insanların gözlərindən həsrət, nisgil, dərd tökülür. Düşünün ki, illərlə min bir zəhmətlə ev qur, övlad böyüt, dincəlmək vaxtında səni lazımsız əşya kimi evdən atsınlar. Bundan ağırı varmı valideyn üçün?!. Ən çox nəvələri üçün darıxırlar. Bəzən ora atılandan sonra nəvə üzünə ömürlük həsrət qalırlar. Biri onları ziyarətə gedəndə bəzisi övladlarının nankorluğundan yana-yana danışır, bəziləri o vəziyyətdə də övladını qorumağa, haqlı çıxarmağa çalışır. Hamısının oxşar dərdləri – atılmaq qırqınlığı rahat yaşamağa imkan vermir. Amma mənim təsəvvürümdə yaratdığım pansianatdakı qocaların şad-xürrəm, rahat, məmnun olacaqlarına əminəm, çünki axşam övladlarının yanına dönəcəklər...

Bunun üçün dövlətin çox vəsaiti xərclənməz, çünki o yaşlılar əyləncə üçün gənclər qədər məsrəf etməyəcəklər. Yemək-içməkləri də çox olmaz. Hətta pensiyalarını da oraya yatıra bilərlər. Bu yolla oturub ölümü gözləməkdənsə, orada qulaq yoldaşı tapar, ömürlərinin son günlərini mənalı keçirmiş olarlar, hətta məncə ömürləri uzanar, həyatsevərlikləri də artar.

Güman etmirəm ki, bunu məndən əvvəl düşünən olmayıb, amma birinci addım atmaq lazımdı. Mütləq lazımdı! Ölümü gözləmək dəhşətli bir şeydi...

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]