SON DƏQİQƏ

BAĞIŞLA, SAZIM

Tarix:

22-05-2018, 16:24

/ 10 947 dəfə oxundu.
BAĞIŞLA, SAZIM

 

 

Tələbə vaxtı bir sazım var idi, kədərli vaxtlarımda dərdimi onunla bölüşərdim. Günlərin bir günündə ehtiyac üzündən sazı satdım. Atam İlyas Qəmgin məni möhkəmcə danladı və dedi: «Sazı satmazlar, o elin-obanın səsidir. Get onu geri qaytar, mən təqaüdümü alıb sənə göndərərəm».

Filoloq-alim dostum Elçin Cabbarlı ilə söhbət edərkən dedi: «Rauf, sənin danışdığın bu söhbət böyük bir mövzudur».

Təcrubəli qələm sahibi Zülfüqar Şahsevənli bu şeirdən çox kövrəldi və təşəkkürünü bildirdi.

 

Qəlbimdən dərd-qəmi dağıtmaq üçün,

Bir gün bir ustadan gözəl saz aldım.

Hərdən «Yanıq Kərəm», «Dilqəmi» üstə,

Ustad aşıqlardan yenə söz saldım.

 

Qarabağ həsrətin yada salanda,

Simlər dilə gələr, pərdə inlərdi.

Uçurdum göylərə, Vətənə sarı,

Hamı sükut ilə sazı dinlərdi.

 

Özüm ac qalmağa dözə bilərdim,

Uşaqlar körpəydi, işsiz qalmışdım.

Çörək almağa da pulum yox idi,

Ümidim ancaq o saza qalmışdı.

 

Bir gün bir aşığa rast gəlib dedim:

– Sazımı satıram, ancaq bir şərtlə:

Nə vaxt pulum olsa, qaytaracaqsan,

Üzləşdim gör necə ağır bir dərdlə.

 

Baxıb kövrək-kövrək sazıma dedim,

Satsam da bağışla, baharım, yazım.

Tezliklə geriyə qaytaracağam,

Darıxma, dərdimi köksünə yazdım.

 

Sazdan ayrılanda qəlbim sızladı,

Yuxum da çəkildi gecələr ərşə.

Aşıq öz sazımı necə köklədi?

Özümü salmışdım cəncəl bir işə.

 

Atam İlyas Qəmqin eşidən zaman,

Məni çox danlayıb, sonra da dedi.

– Saz elin-obanın fəryad səsidir,

Axtar, tap aşığı, get qaytar, dədə!

 

Təqaüd alanda pul göndərərəm,

Hansı ağıl ilə sazı satmısan?

Elin səsin qaytar, çox sevinərəm,

Onda bil, murada, kama çatmısan.

 

Çadır şəhərciyi miskin görünür,

Vətəndə didərgin düşüb elimiz.

Gözümə çiskinli duman bürünür,

Həsrətdən əyilib yaman belimiz.

 

Aşıq da, saz kimi itmişdi gözdən,

Bir müddət axtarıb, tapa bilmədim.

Çox əzab çəkirdim o acı sözdən,

Aşığı bir daha görə bilmədim.

 

Tezliklə pul yığıb bir saz alaram,

«Yanıq Kərəm» üstdə zilə qalxaram.

Atamı hər anda yadıma salıb,

Göz yaşımı silib, saza baxaram.

 

Allahım! Rəhm eylə, azalt qəm, ahı,

Küləklər çatdıra atama səsi.

Onda sevinəcək o doğma ruhu,

İsidər qəlbimi, odlu nəfəsi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ