SON DƏQİQƏ

Səfil Orduxana... – Jalə Mütəllibovanın yazısı

Tarix:

25-02-2018, 11:41

/ 1 263 dəfə oxundu.
Səfil Orduxana... – Jalə Mütəllibovanın yazısı

Mənə görə bu gün ermənilər kimdirsə, Orduxan da odur

Ordan başlayım ki, bu başlıqda təhqir yoxdur. Səfil o adamdır ki, evi var, evinə yığışmır. Vətəni var, vətənsizdir. Ailəsi var, ondan imtina edib. Sanballı, maddi yox mənəvi sanballı, şəxsiyyətli çevrəsi olduğunu düşünür, amma elə deyil. Bir sözlə adam səfildi, səfil.

Orduxanı deyirəm, bizim Orduxanı. Heç əsəbiləşib eləməyin, o təkcə bizim deyil, həm də sizindir, bütün azərbaycanlıların. Di gəl bircə məqam var, sapı özümüzdən olan baltadır. İndiyə qədər çox təhqirlər deyib, ağzını Allahdan başqa hər yerin yoluna qoyub. Düzü əhəmiyyət verməmişəm. Nə müəllif, nə insan, nə də vətəndaş olaraq. Onun dedikləri mənə hasarın o tayından iki əli ilə aleeyyyy deyib qonşusuna külbaşlıq yollayan, acıq verən Fatma xalanı xatırladıb həmişə. Amma indi elə məqama toxunub ki, məzarda yatan ölü də hökmündə olsa dik ayağa qalxar...

“Qarabağda ermənilər bütün məzarları dağıtmayıblar. Düzdü bizim məzarlarmız erməni keçilərinin, erməni donuzlarnın ayaqları altındadır, amma onlar bilərəkdən, vandalizm formasında o məzarları dağıtmayıblar”.

Bu adam özünə “siyasi mühacir”, “vətənpərvər”, “millətçi”, blogger deyir. Avropada oturub. Yəni möhürlü, kilidli sərhədlərin o tayındadır. Və bu sözdən sonra mən onun adının önündəki bizim sözünü israrla geri çəkirəm.  Çünki bu mənəviyyatda, bu əxlaqda, bu simada BİZ olmaz. Olsa- olsa biz olar. Yəni tərpəndikcə, özümüz olmağa çalışdıqca bir yerimizə batırmağa, didib qanatmağa çalışarlar BİZi o bizlə. Biz də o qədər qan görmüş adamlarıq ki, bir Orduxan bizinin çıxara biləcəyi qan gözümüzü qorxutmaz. Olsa-olsa ürəyimizi bulandırar. Necə ki, bulandırdı. Əslində ürək bulandıran onun təhqir dolu çıxışları deyil. Ələ işləyən adam olmasıdır. O, gerçəkdən əl adamı olmasaydı bəlkə sözünü də normal şəkildə deyə bilərdi. Daha Xocalıda altı yüzdən çox insanı vəhşicəsinə qətlə yetirən erməni dığalarının donuzunu, keçisini öz ölüsündən üstün tutmazdı. Mənə görə bu gün ermənilər kimdirsə, Orduxan da odur.

Qaldı ki, Orduxanı tənqidlərinə görə təqibə alıblar məsələsinə, inandırıcı gəlmir. Tənqid etmək olar.   Amma bunu o qədər ağılı etmək lazım ki, ancaq oxunandan sonra başa düşülsün. Daha ilk sözdən ikrah doğurmasın.  Bir də gərək o tənqidin içindəki hər şey sənin ağlının məhsulu ola. Baxan kimi hiss oluna ki, məsələn bu paraleli və ya analizi, indiki halda Orduxandan danışırıqsa, ancaq o edib. Bu dedikləri də yüz faiz Orduxan intellektinin məhsuludur. Vay o məqama və günə  ki, ən primitiv düşüncə sahibi belə anlayır reallığı, bəli, bu məlumatlar Orduxana intellektinin məhsulu deyil, ola bilməz. Bu hansısa ölkənin kəşfiyyat məlumatıdır. Özlərinə sərf edən formada ictimailəşdiriblər. Təbii ki, azərbaycanlı Orduxan vasitəsi ilə. Və ya kimlərinsə lap elə Azərbaycanda alt məqsədlərlə ictimailəşməsini lazım bildiyi məsələlərdir onun dedikləri. Yoxsa nə Orduxanı?!.. Harda idi Orduxanda o bacarıq. Adam sadəcə ac hərifdir. Zamanında çevrəyə girə bilib.

Bir də fikir vermisinizsə məlum dairələr alt məqsədlərlə istifadə etmək üçün son dərəcə dayaz adamları seçir, Orduxan kimi. Niyə? Çünki onların heç zaman etirazı olmayacaq! Onlar heç vaxt “edə bilmərəm” deməyəcəklər. Söyləməyəcəklər ki, bu iş dövlət əleyhinədir axı. Deməyəcək ki, biz fərdlərə nifrətimizi vətənə yönəltməyək. Yenə də niyə soruşan olsa, dedim axı dayaz adamdırlar. Onları ancaq şəxsi mənfəətləri maraqlandırar, Orduxan kimi. Onlara  tapşırarlar ki, çıx erməninin donuzundan, keçisindən danış. Amma qəti şəkildə ərazi bütövlüyünüzün durumundan söz açma. O da baş üstə deyib danışar. Bircə bunu unudar ki, bəsit adamları bir gün cırıq pul kimi  zibil qabına tullayırlar. Yəni necə istifadə edirlərsə o cür də oyundan kənarlaşdırırlar. Bəlkə blogger Orduxan üçün də o gün uzaqda deyil.

Bu olayda qıcıq yaradan Orduxana tutarlı cavabın olmamasıdır. Bəylər, söyüşlə, iş olmur, həbslə məsələ bitmir. “Müharibə” informasiya və piar müharibəsi olmalıdır. Amma düzünü deyək ki, hələlik Azərbaycan bu cəbhədə uduzur. Məsələn, Eldar Mahmudov cinayətlərində adı hallanan bir qızıl alverçisinin Orduxana siyasi cavabını mən başqa cür dəyərləndirə bilmədim. Niyə o? Niyə axı? Özü də sosial şəbəkədə?!..Niyə susuruq, arada da qalxıb, söyüb, otururuq, vəssalam!.. Əminəm bu yazıya görə də söyüşlər, hədyanlar mütləq olacaq. Necə ki, blogger Mehmanla bağlı yazıda olmuşdu. Amma hər şeyin, bütün deyilənlərin üstündə mənim ağlımda yenə səfil Orduxanın səsi dolaşır: “Qarabağda ermənilər bütün məzarları dağıtmayıblar”... Ardınca başqa səslər gəlir, üzü xilasa doğru qaçan azərbaycanlı qocalar, uşaqlar, qadınların ah-vay səsi. Hamısı da bir ağızdan deyir ki, yalansa ay Orduxan...

Əslində indi cəmiyyət Orduxan məsələsində təkcə qatmaqarışıq deyil, həm də döyüşdə kontuziya almış əsgər kimidir. Beyni dumanlı, əsəbi, səs-küylə dolu və ağrılı. Deyəsən silkələnib ayılmaq zamanıdır cənablar...

Yadıma düşmüşkən, Orduxan və arxasındakılar bir də onu unutmasınlar, Azərbaycanın işğal altında olan ərazilərində qalan qəbirlərin, məscidlərin və başqa arxitektura abidələrinin ermənilər tərəfindən dağıdılmasını dünya qəbullanıb. Bunu  Orduxan görmürsə, yazıq özünə və görməyən gözünə.  Bir də son deyəcəyim var.  Ermənidən artıq erməni, rusdan artıq rus, ingilisdən artıq ingilis, amerikandan artıq amerikan, fransızdan çox fransız və nəhayət almandan çox alman olmaq olmaz. Ya da olar! Onda da azərbaycanlı olmaq olmaz. Sən başın, ay Orduxan, bacarsan bundan elə azərbaycanlı olma... Bizə də, sənə də sərfəlisi budur...(YM)

Jalə Mütəllimova

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ