SON DƏQİQƏ

JURNALİSTİN ACI GÜNLƏRİNİN SONU

Tarix:

21-08-2017, 19:51

/ 2 813 dəfə oxundu.
JURNALİSTİN ACI GÜNLƏRİNİN SONU


Novella
Hər gün arvadı öz doğmaca ərinin üstünə qışqıraraq uşaqlarının yanındaca gününü göy əsgiyə bükürdü:
-Ay külbaş! Bir qazandan üç dəfə yeyirsən. Yemə də ba! Get qazan, gətir. Küçüklərini saxla. Bax, bir qonşulara! Hansı qonşu sənin kimi dolanır? Səni mənə calayanın qələmi qırılaydı, ey!
Bazar od tutub yanır. Maaşın yavan çörəyə ancaq çatır. Çörəyin də qiymətini artırdılar, get yaşa görüm necə yaşayırsan? Adına bir dünya işıq, qaz, su pulu yazılıb. Get ödə görüm necə ödəyirsən? Bir də gördün gəlib ya işığımızı kəsdilər, ya da qazımızı. Tifillərim soyuqdan ölər ki?
Dövlət işığa olan borcu bir dəfə ləğv etdi, ağzında şirə qaldı? Elə bilirsən yenə ləğv edəcək? İndi biznes zamanasıdır. İnstitut-ministitut boş şeydir. Get qazan gətir. Kapitalizm nə deməkdir? Kapital yığmalısan. Öləndə bir kəfən pulun olmalıdır, ya yox? Odey! İşbazlar ərzaq məhsullarını da qaldırdılar. Gözün aydın. Aldığın tula payı ilə dolan görüm, necə dolanarsan?
Fikirləşmə ki, jurnalistlərə tikilən təzə binada sənə də ev verəcəklər, ay, hay, ölmüşdü Xankişi!
Bir küncə qısılmış yazıq kişi isə böyük bir günah işlətmiş adamlar kimi köks ötürüb sanki huşa keçmişdi. Yadına bir vaxtlar "Kommunist” qəzetində işləməyi düşdü. O vaxtlar hər yazıya qiymət verilərdi. Aldığı məvacib ailəsini o ki, var dolandırardı. Hələ qonararı demirəm. Hər yazıya əməlli-başlı pul da alardı. Kitab çıxardan 2 il rahat dolanardı. Elə ki ara itdi, məssəb qarışdı, öz vətənində didərgin, köçkün həyatı yaşayan Nazim, erməni quldurlarının təcavüzü, fitnəkarlığı nəticəsində Qarabağdan Bakıya pənah gətirdi. Valideynləri yurd nisgilinə, erməni özbaşınalığına, öz məmurlarımızın laqeyidliyinə dözə bilmədilər.
Bir il ərzində hər ikisi dünyasını dəyişmiş, bu zərbə Nazimi daha da sarsıtmışdı. Bir yandan da arvadının haqlı deyinməsi onu tam hövsələdən çıxar­mışdı. Bir vaxtlar Gülnigarla Nazim bir-birini necə sevər, can deyib can eşidərdilər. Qayğısız, atalı, analı günlər yaşayardılar.
Uşaqlar böyüdükcə ailənin vəziyyəti get-gedə ağır­laşırdı. Nazim nüfuzlu bir qəzetdə çalışsa da, məvacibi çox aşağı idi. Sovetdən qalma qonorar isə bu qəzetdə, demək olar ki, ləğv olunmuşdu. Redaksiyada 3-4 nəfər bəy kefində dolanar, qalan işçilərin isə maaşdan maaşa gözlərinə bir balaca işıq gələr, tez bir zamanda yenə də kasıb işçilərin yaşamaq həvəsi sönərdi. Nazim özünü oda-közə vursa da, dələduzluğu bacarmır, pul qazanmaq səriştəsi demək olar ki yox dərəcəsində idi. Halallığı uca tuturdu. Arvadı isə elə hey deyinirdi:
– Odey, qonşu əlli yerdə əlli arvad saxlayır. Piyaniskə köpəyoğlu olsa da, uşaqlarını gör necə dolandırır. Zərqələmin üstündə bəlkə də bir kiloqram qızılı, brilyantı var. Görürsən də, yanıyla qovurğa dağıdır. Hər dəfə mənə acıq verib deyir:
– Allah ərimə dəyməsin. Oxumaqla deyil ey, gərək bəxtin olsun. Ərim heç texnikum da qurtarmayıb. İrana gedib gəlir, benzin paylayır. Maşınındakı çəninin dibində qalan benzini hər gələndə çəkib sorur qablara, yığıb satır, özüm heç onuncu sinifi də bitirməmişəm. Ərim pul qazanan kişilərdəndir ey!
Ay kişi, sən də, mən də universitet qurtarmışıq. Bu qədər əziyyət çəkmişik. Alver edə bilmiriksə demək ölməliyik? Hamı alverlə, ticarətlə məşğuldur. Çıx qəzetdən! Get, daş daşı, evə pul gətir, uşaqlar ac qalmaqdan mədəsin tutub zarıyırlar. Heç sənin insafın yoxdur! Nə tutmusan bu nəşriyyatdan?
Arvadın haqlı tələbinə Nazimin heç bəhanəsi də yox idi. Səhhəti ona əl vermirdi ki, ağır işdə işləsin. Axı, revmatizmadan çox əziyyət çəkirdi. Nazimin yadına bir vaxtlar «Yaşıl» bazarda piştaxta arxasında alver edən Zərqələmin hərəkətləri düşdü və öz-özünə fikirləşdi.
Zərqələm əlli hoqqadan çıxdı. Nə olsun? Adamın bəxti olsun, ey! Sən də yapışmısan bu qəzetdən.
Nazim çox fikirləşdi.
– Uşaqları ya adam kimi dolandırmalıyam, bir çarə tapmalıyam, ya da…
Nazimin köhnə dostları kasıb balaları idilər. Müasir dostları işi düşəndə, Nazimə yaltaqlanan, ona əl tutmaqdan uzaq adamlar idilər. Arvadı get-gedə əsəbiləşir, sözünün başın-ayağın bilmirdi:
-Uşaqlarını ya adam kimi saxla, ya da gəl boşanaq, çıx rədd ol, bilim ki, təkəm, iki yerdə işləyib uşaqları dolandırım. Dümbəyimə yamaq deyilsən ki? Bu cür təhqiramiz söhbətlərdən təngə gələn Nazimin ürəyinə xal düşmüş, qara, şəvə saçları seyrəlmiş, tez bir zamanda dümağ ağarmışdı. Ürəyindən küt ağrısı getməyən Nazimin bu halına yanan Hüseyn adlı bir tanışı bir gün ona dedi:
– Əyə! Qəzetdən nə qədər pul alırsan?
– 200 manat
– Gəl səni aparım, bizneslə məşğul olan xozeynimin yanına. Bağında həm qalarsan, həm də işləyərsən.
– Hüseyn! Bilmək olar o nə işdir elə?
– Əşşi nə iş olacaq Xozeynimin itinə baxacaqsan. Gündə üç dəfə yemək verəcək, özün nə yesən, artığın da evə gətirərsən. 600 manat məvacibin. Üstəlik də itin ad günündə, xozeynin şad günündə əlavə mükafa­tın, pay-puşun, cib xərcliyin və s. də olacaq. Nəşriyyatdan min dəfə yaxşıdır. İtə gündə nəçə kilo banan yedizdirəcəksən. Hər gün uşaqların banan ye­yəcək. İtə verilən bahalı yeməkdən oğurlama, ha!.. Birdən bilməzsən, balığın sümüyünü təmizləməmiş itə verərsən, ha!.. İtin çöpü qalar, xozeyinim səni «nakazat» edər. Həftədə bir dəfə boynu qırxıq gədələr xarici avtomobillərdə gələrək iti sevgilisi ilə görüşdürməyə aparacaqlar. Onda bir saat rahat dincələ bilərsən.
Yorulmaq bilmədən yazıb yaradan, neçə kitab müəllif olan Nazim çox fikirləşdi. Fikirləşdi ki, bu qəzet işçilərinə nə vaxtsa bir gün ağlayan tapılacaqmı? Səbri tükənmişdi. Çox düşündükdən sonra qəti qərara gəldi. Öz-özünə götür-qoy elədi: «Odey, professor Hətəmov müəllimliyi atıb, nazir balasının bağında bir cüt xaricdən gətirilmiş hündürboylu itə qulluq edir. Bir il ərzində qartın-qurtun düzəldib. Təzə binalardakı mənzillərdən ev də alıb. Sən isə köhnə daxmada hələ ki, çürüyürsən. Elə bilirsən ki, çox yazmaqla səni kimsə sayacaq?»
Hələ ki, torpağımız işğal altındadır. Uşaqlara gün ağlamalıyam. İtə qulluq edə-edə körpələri birtəhər böyüdüm. Allah kərimdir, – deyə Nazim çox fikirləşdi.
Bu minvalla işdən çıxmaq haqda ərizə yazan Nazim könülsüz halda nəşriyyata gəldi.
Əməkdaşlar bir-birini təbrik edir, sevinirdilər.
Dövlət qəzetində çalışan işçilərin əmək haqqları 2 dəfə artırılmış və onlara dövlət qulluqçusu statusu verilmişdir. Yazıçısı və şairlərin qonorar məsələsi Milli Məclisdə gündəmə gəlmişdi. Qərar ürəkaçan idi.
Nazim sevincək yazdığı ərizəni iki bölüb zibil qabına tulladı. Cibində pulu olmasa da, ümidini Allaha bağlayan jurnalist arvadını sevindirmək və muştuluqlamaq üçün fıştırıq çala-çala evə tələsdi və öz fıştırığına qəflətən yuxudan dik atıldı.

Rauf Ilyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ