SON DƏQİQƏ

“TƏKGÖZLÜ QURDBALASI”- BAYSANQUR BENOYEVSKİ

Tarix:

26-06-2017, 23:29

/ 5 008 dəfə oxundu.
“TƏKGÖZLÜ QURDBALASI”- BAYSANQUR BENOYEVSKİ


Əsl millətçi və müsəlman mövqeyindən çıxış edən Çeçen mənşəli Baysanqur Benoyevskinin adı çox adama məlumdur. Qeyd edim ki, bizim ənənəvi dövlətlərimizdən olan və cəmi 35 il yaşayan Türk dövlətinin-Ağqoyunlunun dördüncü hökmdarının da adı "Baysanqur” olmuşdur.

Qafqaz müharibəsinin(1817-1864) gedişatında fəaliyyət göstərən və kiçik fiqur olmasına baxmayaraq, çar ordusuna qan udduran bir cəngavər olmuşdur. O, Şeyx Şamildən çox fərqli idi, o insanda çara qarşı barışmaz mövqe müşahidə olunurdu. Şamildən fərqli olaraq, ruslar Baysanquru asmağa aparanda özü ayaqlarının altındakı kətili çəkərək özünü öldürür. Daha başqasının gələrək onun ayağının altından kətili çəkməsinə imkan vermir. Tarixçi D. A. Xocayevin söylədiyinə görə, 1794-cü ildə Çeçen aulu Benoyda Edi sülaləsindən olan kəndli Barşkinin ailəsində anadan olmuşdur. 1830-cu ilə qədər onun həyatı haqqında məlumat demək olar ki, yoxdur. Lakin məlumdur ki, Baysanqur 1825-1826-cı illərdə Bəybulat Taymiyevin başçılığı ilə olan üsyanda iştirak edib.
1828-ci ildə Qazi-Məhəmməd imam elan olunduqdan sonra onun hərəkatına qoşulub. Benoy aulu Çeçenistanda Qazi-Məhəmməd üçün dayağa çevrilib. Tarixçi M. N. Çiçaqova 1889-cu ildə bu haqda yazmışdı:
"Meşə ilə əhatə olunan bu aulun əhalisi həmişə itaətsizlikləri ilə seçilmiş və ruslara qarşı nifrətlərini gizlətməmişdilər. Onlar məmuniyyətlə Şamilə qonaqpərvərlik nümayiş etdirmişlər”.
B. İ. Hacıyevə görə, 1834-cü ildə Baysanqur Dağıstan və Çeçenistanda dağlıların milli-qurtuluş hərəkatına qoşulmuş, 1839-cü ildə isə onun ailəsi Axulqonun müdafiəçilərini, Şamili və onun müridlərini qəbul etmişdilər.
Hətta Şeyx Şamil ruslara təslim olmağa gedəndə Baysanqur Benoyesvki onu vurmaq da istəyirdi. Şamil rus generalı ilə yanaşı gedərkən, Baysanqur onu arxadan çox çağırdı ki, Şamil geri baxsın və onu vursun.
Rus generalı Şamildən soruşdu: O, səni çağırır, nə üçün ona cavab vermirsən? Şamil: Əgər mən arxaya çevrilsəm o, məni vuracaq. Rus generalı: Bəs, o, səni belə vura bilməz? Şamil: O, Baysanqurdur, heç vaxt arxadan vurmaz.
1846-cı ildə qraf Vorontsovun qoşunları ilə döyüşlərdə naib bir qolunu və bir gözünü itirir, 1847-ci ildə isə Qerqebil uğrunda gedən döyüşlərdə top mərmisi onun ayağını aparır və belə ağır yaralanmağının nəticəsində çar qoşunlarına əsir düşür. Baysanquru Qroznı qalasına aparan konvoy dəstəsinə hücum edən Şamilin müridləri onu xilas edirlər. Deyilənə görə, Şamil Baysanquru bir gözünü, bir qolunu və bir ayağını itirmiş görəndə gözünün yaşını saxlaya bilmir. Xalq rəvayətinə görə, yəhərin üzərində dayana bilməsi üçün onu ata sarıyırlar.
Çeçen filosofu Yuşu Aydayevin fikrincə Baysanqurun ayağını N. İ. Piroqov amputasiya edib. 25 avqust 1859-cu ildə Qunib qalası mühasirəyə alındıqdan sonra imam Şamil əsir götürülməyə qərar verib. Lak rəvayətlərinə görə, Baysanqur imamın qərarı ilə qəti olaraq razılaşmır, müqavimət göstərməkdə israr edir və Çeçenistana girəcəyinə iddia edir. Müasir tədqiqatçıların bəzilərinin fikrinə görə, Baysanqur öz dəstəsi ilə çar qoşunlarını yararaq Çeçenistana gedir, sonra isə Benoya qayıdır.
Eyni zamanda, tarixçi P. İ. Taxnayeva Qunibin mühasirəsi ilə bağlı hadisələrdə Baysanqurun iştirak etməsi faktını şübhə altına salır. P. İ. Taxnayevanın fikri göstərilən müddətdə bu ərazidə naibin olmasını təsdiqləyən hər hansı sənədli materialların faktiki olaraq olmaması ilə əlaqədardır.
"... 1859-cu ilin avqustunda Qunibdə naib Baysanqurun olması faktı uydurmadan başqa bir şey deyil, belə ki, geniş yayılmış rəvayət nə yerli, nə də Rusiya mənbələrində təsdiqini tapmır (ştab və rəsmi hərbi yazışmalarda, müasirlərinin, mühasirə iştirakçılarının çoxsaylı xatirələrində və d.). Yəqin ki, bu dramatik süjet çeçen yazıçısı A. Aydəmirovun "Uzun gecələr” (Qroznı, 1998) tarixi romanının nəşrindən sonra yayılıb. Bir müddət sonra heç bir istinad olmadan bu süjet tarixi fakt kimi çeçen tarixçisi Dolxan Xojayev tərəfindən "Çeçenlər rus-qafqaz müharibəsində” (Qroznı, 1998) tədqiqatına salınmışdır”.
8 may 1860-cı ildə Baysanqur, Soltanmurad Benoyevski və Şamilin keçmiş naibləri Uma Duyev və Atabəy Atayev Çeçenistanda yeni üsyan qaldırdılar. Həmin ilin iyununda Baysanqurun və Soltanmuradın dəstələri Pxaçu adlanan yerin yaxınlığında rus general-mayoru M. A. Kunduxovun qoşunlarını məğlubiyyətə uğratdılar.
1861-ci ilin əvvəlində Mayrtupdan general-mayor M. A. Kunduxovun, Xabi-Şovdandan polkovnik N. N. Qolovaçevin, Vedeno qalasından Artsu Çermoyevin dəstələri Dağlıq Çeçenistana daxil olur. 9 yanvarda onlar Belqatoy aulunda M. A. Kunduxovun rəhbərliyi altında birləşirlər. Yanvarın ikinci yarısında M. A. Kunduxov 15 çeçen aulunu dağıtmış, əhalini düzənliyə sürgün etmişdi. Üsyan yatırıldı. Baysanqur bir neçə yaxını ilə Benoy aulunda gizləndi. Fevralın 17-də Ben-duk adlanan yerdə Benoyun ətraflarında olan vuruşmada Baysanqurun mindiyi at öldürüldü, naib özü isə oğlanları ilə birlikdə əsir düşdü. Onlar Xasavyurd həbsxanasına salındılar və tezliklə hərbi-səhra məhkəməsinə verildilər. Rusiya Dövlət Hərbi Tarixi Arxivinin mənbəsinə görə, "Cəsarətlə müqavimət göstərmələrinə baxmayaraq, Baysanqur və dörd tərəfdaşı əsir götürüldü”.
1 mart 1861-ci ildə Baysanqur Benoyevski hərbi-səhra məhkəməsi tərəfindən general-mayor P. İ. Kempfertin əmri ilə edam edilir. Edam Xasavyurdun meydanında baş tutur, bir müddət sonra isə həmin yerdə Pravoslav kilsəsi tikilir. Çeçen rəvayətlərinə görə, Baysanqurun dayandığı kətili(oturacaq) itələmək üçün kütlənin içərisindən pul müqabilində könüllü cəllad çağırılır. D. A. Xocayev yazır ki, Baysanqur özü kətili itələyir. Bu, onun "Kafir” hesab etdiyi düşmən, yağı və iblis olançar ordusunun qarşısında bir daha milli mənlik məfhumundan məhrum olmadığını sübuta yetirdi.
Naibi Aux aulunun məzarlıqlarından birində, üç yol ayrıcında dəfn edirlər. Üsyanın digər iştirakçıları, o cümlədən Baysanqurun oğlanları-Alxazur və Tahiri Sibirə sürgün edirlər.
Lazım gələrsə, biz də bu böyük insan kimi Vətənimizi bir daha işğal etməyə gələcək o qonağı param-parça etməliyik! Gözlərimiz çıxarılarsa, qollarımız və ayaqlarımız kəsilərsə və övladlarımız  sürgün olarsa belə, yenə də şah durmalı və heç kimin əsarəti altına düşməməliyik! Bu, artıq, bizim üçün biabırçılıq olar. Allah Baysanqura və onun kimi mücahidlərə Rəhmət etsin, Amin!
Ərtoğrul Türkyurd

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ