SON DƏQİQƏ

Qədim yurd yerlərimizi unutmayaq

Tarix:

27-04-2017, 18:34

/ 7 505 dəfə oxundu.
Qədim yurd yerlərimizi unutmayaq

İstəkli oxucularımızın nəzərinə çatdırım ki, ilk məqaləm 1975-ci ildə Ağdam rayon qəzeti olmuş «Lenin yolu» qəzetində dərc olunmuşdur. Bu gün isə yazdığım məqalələrin, tədbir yazılarının, şeir, hekayə və oçerklərin, bir sözlə vətənpərvər mövzulu yazılarımın sayını hesablamaqda çətinlik çəkərəm. Gündəlik həyatda gördüklərimi qələmə alıram. 2004-cü ildən «Həkəri» qəzetində çalışıram. Qəzetin təsisçisi və baş redaktoru olmuş Hacı Əli Xankişiyevlə birlikdə fəaliyyət göstərmişəm.

Əli müəllimlə tanışlığımız çox təsadüfən olub. 2003-cü ilin axır ayı idi. Qəzetin ilk sayı işıq üzü görmüşdü. Həmin illərdə bir çox qəzetlərdə məqalələrim dərc olunurdu. Əli Xankişiyev mənə də bir qəzet verdi. «Həkəri» adını eşidib çox sevindim. Axı uşaqlıq illərim Həkəri çayının sahillərində keçmişdi. Çox sevindim və bu qəzetlə əməkdaşlıq etməkdən qürur duydum. Xüsusi müxbir kimi fəaliyyət göstərməyə başladım. Son dərəcə mehriban və qayğıkeş olan Əli Xankişiyev olduqca məsuliyyətli idi. Hər bir məqaləni diqqətlə oxuyurduq ki, səhv olmasın. Gənc olduğum üçün gözümdən hərif səhvi yayınmırdı. Odur ki, baş redaktor «Rauf, diqqətlə oxu ki, səhv getməsin» - deyərdi. Hacı Mir Həsən Hadi qəzetin çap olunmasında köməkliyini edirdi. «Həkəri» qəzeti yeganə qəzet idi ki, pulsuz olaraq yayımlanırdı. Qaçqın rayonların icra nümayəndələrinə, milli kitabxanaya, Yazıçılar Birliyinə, mədəniyyət ocaqlarına, əldəyayım vasitəsilə paylanırdı. Bu gün də bu ənənə davam edir.
Son dərəcə dəqiq və təmiz qəlbli insan idi Əli müəllim. Sözü bütöv idi. Yalan danışmazdı. Tələbkar idi. Məni bütün tanıdığı redaksiyalarla tanış edirdi. Hər kəs onun xətrini çox istəyərdi. Həcc ziyarətində olmuşdu. Dəyərli kitablar müəllifi idi. Çox sevinirəm ki, Hacı Əli Xankişiyevin bir neçə kitabın redaktoru və ön söz müəllifi olmuşam. Qəzeti hazırladıqdan sonra «Ekspress servis» mətbəəsinə aparardıq. Mətbəənin müdiri Elnur müəllim bizi mehriban qarşılayar və qəzeti təcili çap etdirərdi. Biz «Plyonka»ları Elnur müəllimə təhvil verib, Fuadla da görüşüb qəzetin çap olunma prosesinə baxardıq. Çünki gecə saat 9:00-dan səhərə qədər işçilər müxtəlif qəzetləri çap etdirib səliqə ilə yan-yana düzərdilər.
Əli müəllimi evlərinə yola salıb səhər tezdən mətbəəyə gələr və çap olunmuş qəzetləri avtobusla Əhmədliyə – Əli müəllimgilə çatdırardım. Çox narahat insan idi. Tezdən zəng edərdi. Elə ki, 9-cu mərtəbəyə çatdım, Zəriş xanımla Əli müəllim məni doğma övladı kimi qarşılayardılar. Gerkulesli, boranılı, südlü sıyığa qonaq edərdilər. Südlü sıyıq o qədər dadlı idi ki, hətta «Zəngəzurun səsi» qəzetinin baş redaktoru Yavər Nuriyevi də Əli müəllimlə tanış etmişdim. Maşallah Yavərin iştahı necə də açılardı. Südlü sıyıqdan iki qab yesə də, Zəriş xanımın bişirdiyi bu təamlar ağzımızı dada gətirərdi. Əli müəllim çox qonaqpərvər insan idi. Qəzeti hazırlayarkən tez-tez deyərdi. «Rauf, sən diqqətcilsən, mənim hərdən gözümdən yayınırdı. Çalış səhv getməsin». Bəzən də səhvləri düzəltdikdən sonra Toma xanım kompüterdə səhvləri düzəltsədə də, yaddaş düyməsini basmağı yaddan çıxardar və qəzet çap olunanda baxırdıq ki, düzəltdiyimiz səhvlər yenə də gedib. Çox dilxor olurduq. Köhnə çap maşınlarından fərqli olaraq kompüterlərin çıxması bir tərəfdən işləri asanlaşdırsa da, digər tərəfdən dizaynerin və ya yazıları yığan kompüterçinin naşılığından qəzetlərdə bu gün də səhvlər gedir. Axı ayda bir və ya iki dəfə çap olunan qəzetin baş redaktoru qəzeti öz xərcinə, təqaüdü hesabına çap etdirir və pulsuz yayırdıq. Odur ki, korrektora nə maaş vermək olur, nə də ki, kimdənsə tələb etmək. Ona görə də həm Əli müəllim, həm də bu sətirlərin müəllifi yazıları dönə-dönə oxuyub gah redaktə edir, gah da hərf səhvlərini düzəldərdi.
2014-cü ilin yanvar ayının axırlarında Cəfər Cabbarlı adına Respublika Gənclər kitabxanasında Hacı Əli Xankişiyevin yaradıcılıq gecəsini keçirdik. Hər dəfə söhbət düşəndə rəhmətlik deyərdi: «Rauf, bu sənin hesabına oldu. Çox sağ ol. Heç mən istəmirdim. Bu qəzeti məndən sonra yaşat» deyərək xeyir-dua verdi.
Nə yaxşı ki, Əli müəllimin yaradıcılıq gecəsini keçirdim. Əli müəllim bütün səlahiyyətləri mənə verərək dedi: «Mən sənə arxayınam» deyib vəsiqəni dəyişdirdi.
2014-cü ilin fevral ayının 1-də mənə baş redaktor vəsiqəsini təqdim etdi. Fevralın 5-də isə dünyasını dəyişdi. Elə bil ki, ürəyinə dammışdı.
2014-cü ilin mart ayının 13-də «Ekspress servis» qəzetində Əli Xankişiyevin xatirəsinə həsr olunmuş xüsusi buraxılışı hazırlayıb çap etdirdim və Əli müəllimin 40 mərasimində 500 ədəd qəzeti məclisdə yaydıq. Bu ağır itki hər birimizi sonsuz dərəcədə kədərləndirdi. Əli müəllimin həyat yoldaşı Zəriş xanım dedi: «Rauf, bala, Əli dayının adını yaşat, bu da qəzetin möhürü, ştampı. Rəhmətlik dedi ki, bunu Raufa çatdırarsan. Vətən həsrətli qəzetimizi yaşatsın».
Çox kövrəldim. Qəzetin baş redaktorun I müavini Əhməd Əsədlinin köməkliyi ilə növbəti qəzetimiz işıq üzü gördü. Əli müəllimi tanıyan hər kəs mənə təşəkkürünü bildirdi. Bu gün də qürur hissi keçirdirəm ki, bu qəzeti ayda bir, bəzən də iki dəfə də olsa çap etdirib təmənnasız olaraq əhali arasında yayırıq. Çalışırıq ki, qəzet Əli müəllimin adına uyğun çap olunsun. Qəzetimizə diqqət və qayğı göstərən və 2003-cü ildən «Həkəri» qəzetinin fəxri heyətinin üzvü olan Tofiq Şəfaətoğlu Mehdiyevə təşəkkürümüzü bildirirəm. Hər zaman qəzetlə maraqlanan və maraqlı tarixi yazılarıilə qəzetimizi daha da şərafətləndirən Tofiq müəllim başda olmaqla redaksiya heyətinə «Tərəqqi» medallı Əhməd Əsədliyə sağ ol deyirəm.
Adları qəzetimizin redaksiya və fəxri heyətin siyahısında gedən, lakin qəzetin çap olunmasında heç bir köməklik göstərməyən müəlliflər növbəti sayda redaksiya heyətindən çıxarılacaqdır.
Məndən tez-tez bəzi naşı adamlar soruşur: Həkəri nə deməkdir? Restoran adıdır?
Öz-özümə belə sual verən kəslərin yerinə utanıram ki, Qarabağla Qaradağın yerini niyə dəyişik salırlar?
Həkəri – gurlayan, coşan deməkdir. Həkəri çay adıdır. Həkəri qızıl və göy balığı ilə zəngin bizim oylağımızı, lay-lay çalan anamız idi. Mənbəyini Minkəndin dağlarından, bir tərəfi isə Kəlbəcər dağlarından süzülüb yerdən qaynayan bulaqların birləşməsindən əmələ gələn Həkəri çayı Laçın, Qubadlı, Zəngilan rayonlarına bərəkət bəxş edə-edə Araz çayına tökülən gur çayımızdır.
Orta məktəbdə oxuyarkən lövhədə asılmış xəritədə Azərbaycanın hər hansı ərazisini gözüyumulu tapardıq. Bu gün orta məktəblərdə sorğu keçirilsə, bəlkə də Bərgüşad, Oxçu, Həkəri sözlərinin mənasını çoxusu bilməz. Çünki müəllimlər gərək keyfiyyətli dərs keçələr. Əksər orta məktəblərdə müəllimlər heç dərsə də gəlmir, evdə şagird hazırlaşdırırlar ki, institutlara girmək üçün. Odur ki, direktorların əksəriyyəti müəllimlərin əmək haqqını mənimsəyir, müəllimlər də hər şagirdi 100 manatdan hazırlaşdırmaqla ayda 2-3 min manat qazanırlar. Müəllimlərin əmək haqqı normal dolanmaq həddinə yüksəlsə və nazirlik tərəfindən nəzarət gücləndirilsə, məktəblərdə süpürgəpulu, ad günü, və sair adı ilə şagirdlərdən pul yığılmaz, normal formada dərs keçilər, hər kəs yaşadığı doğma ölkəsinə tarixini, coğrafiyasını – dağlarını, çaylarını, dərələrini, zümrüd meşələrini, bir sözlər fauna və florasını tanıyır.
Allah hər birimimizi Həkərinin vadisinə yetişdirsin. Gedib doğma ellərimizdə, Laçınımızda, Şuşamızda, Qubadlımızda, Ağdamımızda, Zəngilanımızda, Cəbrayılımızda, Füzulimizdə, Xocalımızda, Kəlbəcərimizdə gur ocaqlar qalayaq və yenidən dağıdılmış ev-eşiklərimizi bərpa edib yaradaq və yaşayaq.
Rauf İlyasoğlu

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ