SON DƏQİQƏ

Çalışaq vicdan damarımızı qoruyaq

Tarix:

4-04-2017, 08:34

/ 4 982 dəfə oxundu.
Çalışaq vicdan damarımızı qoruyaq


 

Dünyanı tikib-quran da insandır, onu dəhşətli raket zərbələri, bombalarla dağıdan da. Dünyanı cənnətə çevirmək istəyən də insandır, onu cəhənnəm etmək üçün ciddi cəhdlə qatışan da.
Əgər hər iki qüvvə eyni dərəcədə təqdir olunsaydı, onda yaşamaq mümkünsüz olardı. Həyatın mənası dünyanı gözəlləşdirməklə, dünyanı daha yaşarı etməklə ölçülür. Kim bu yöndə çalışırsa, onun zəhməti insanlara sevinc, fərəh gətirir. Sevilən dünyada yaşamaqdan zövq alan insan cəmiyyətə nifrət edə bilməz, yıxılanın qolundan yapışar, dərdlinin dərdinə şərik çıxar. Heç kim günahını görmək istəmir. Hamı səhfini öz boynundan atır. Günahı başqasında görürlər. Cəmiyyətdə günahı olanlar az deyil, cəmiyyətdə əsas problem azad insan tərbiyə etməkdən ibarətdir. Azad insan öz vətəninin də, şor torpağının da qədrini bilər.
Bir aqil deyib ki, bizim əlimizə məxsus şeytan barmağımız var axı. Aləmi çaxnaşdıran əslində elə odur. Şeytan barmağı ilə yerindən oynadıb bir-birinə qənim kəsilən millətin balalarına baxanda adamı dəhşət bürüyür. Torpaqlarının yarısı düşmən tapdağında olan bir millət necə olur ki, bir-birini didməkdən, bir-birini parçalamaqdan, bir-birinə böhtan atmaqdan usanmır, bezmir.
Rüşvət verib haqqı batil etməyə hazır olan qazilər yoldan çıxıb «kufə-əhli» kimi bir-birini satmağa hazır olan mənsəb hərisləri özlərindən əvvəlki ulu yollarına boylanmağı niyə yaddan çıxardırlar.
Qardaşı-qardaş, tayfanı-tayfa üstünə qaldıran nəfs, tamah istəyi ağıldan çox-çox aşağıdır. Hər bir insanın daxili aləminin hökmdarı ağıldır. Yük götürməyən dəvə dağ cığırında sərrast addımları ilə karvanı çəkib apara bilər. Karvanın önündə gedən karvanbaşı hər dəvənin öz yerişini bilməlidir. Nabələd adamdan bələdçi olmaz, neçə nabələd adam nəfsinin qurbanı olub əsgərlərimizi düşmənə təslim edib?
İnsanın insana laqeydliyi, biganəliyi bu gün də var, sabah da olmayacağına kimsənin təminatı yoxdur.
«Birisi səhrada can verən zaman
Deyir nə xoşbəxtdir suda boğulan»
Hələ 30 il əvvəl dünya alimləri hesablayıblar ki, əgər yeraltı və yerüstü sərvətlər, qida məhsulları dünya əhalisi arasında bərabər bölünərsə, 60 milyard insanı dolandırmaq olar, ac qalan olmaz. Lakin 7 milyard əhalisi olan dünyamızda susuzluqdan, aclıqdan ölənlərin sayı yetərincədir.
Allahın verdiyi ruzuyə qane olmalıyıq. Lakin sələmçiliklə pul qazanan insanlar bilməlidirlər ki, nə qədər gunaha batırlar. Borcunu ödəyə bilməyən neçə-neçə gənclərimiz özünə intihar edir.
İnsanın taleyinə soyuq münasibətin törətdiyi faciələr bizi sarsıdır, ağrıdır, bəlkə də bir anlıq yolumuzdan saxlaya, düşünməyə vadar edir. ləyaqət barmağı ilə şeytan barmağını fərqləndirməklə, daha uca məqamlara yetişmək olar.
İnsan anadan olanda onun beynində gözəgörünməz bir damar olur. Ona vicdan damarı deyirlər. Elə ki o damar uşaq vaxtı qırıldı, vay o günə. Yəni əgər qırılmasa, o adam hörmətli, şərafətli, xeyirxah olur. Çalışaq vicdan damarımızı qoruyaq.
Rauf İlyasoğlu

 

 

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ