SON DƏQİQƏ

Azərbaycan tarixşünaslığında yeni istiqamət

Tarix:

13-01-2017, 08:10

/ 8 173 dəfə oxundu.
Azərbaycan tarixşünaslığında yeni istiqamət

Geniş oxucu kütləsi cavidşünas professor Əjdər Tağı oğlu İsmayılovun filoloq - tarixçi kimi "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" (ermənilər və gürcülər Qafqaz Oğuz Albaniyası ərazisində ) adlı səkkiz yüz səhifəlik monumental əsərindən tanıyır. Əsər Azərbaycan MEA  A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının 17.03.08-ci il tarixli qərarı ilə nəşr edilmişdir.   
Bu günlərdə professorun "Erməni xalqının saxta "tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part / Parfya) mifoloji və filoloji taixidir”  seriyasından "Moisey Xorenatsi anonim keşiş müəllifdir” adında ilk kitabı "Elm və təhsil” nəşriyyatından buraxılmışdır.              
Erməni tarix ədəbiyyatından məlumdur ki, yunandilli Kilikiya erməni kilsəsi M.Xorenatsini ötən yüz illiklərdən bəri Avropa ictimaiyyətinə "Hayastan tarixi”nin müəllifi olaraq, V əsrdə yaşamış tarixi şəxsiyyət kimi təqdim etmişdir. Erməni tarixçiləri bu gün də kilsə ənənəsini davam etdirirlər. Maraqlıdır ki, Azərbaycan tarixçiləri də həmn fikri süni şəkildə qəbul etmişlər. Azərbaycan tarixşünaslığında yeni istiqamət
Əjdər Tağıoğlu problem ətrafında apardığı geniş araşdırmalarda M.Xorenatsinin anonim keşiş olduğunu təkzib edilməz maddi sübutlarla aşkara qoyaraq, kilsəsinin və onun tarixçi varislərinin ilk mənbə hesab etdikləri "Moisey Xorenatsi” mifini darmadağın edir. Bu baxımdan o, mötəbər mənbələrə söykənərək Kilikiya kilsəsində anonim keşiş müəllifin adına tərtib edilmiş "Hayastan tarixi”nin ilk erməni mətninin V əsrə deyil, XIV əsrə aid olduğunu yazır.    
Araşdırıcı fikrini tamamlayaraq deyir ki,"Hayastan” toponiminin çağdaş erməni xalqının nə mifoloji, nə də rəvayət "tarixləri” ilə heç bir əlaqəsi yoxdur. Çünki  "Hayastan” toponimi Babil ədəbiyyatından gələn Haykın mifoloji şəxsiyyəti ilə bağlıdır. Buna  baxmayaraq, erməni tarixçilər onların babaları ilə heç bir genetik qohumluğu  olmayan babillilərin əfsanəsindən yaranmış mifik "Hayastan” toponimini erməni xalqının guya "kerçək tarixdə" mövcud olmuş "qədim dövləti” kimi qələmə verirlər. Bu saxta ənənəyə bağlı olan  İ.Şopen Hayka işarə ilə yazır: "Armyanlar onu nəsil başçısı hesab edirlər və onun adı ilə özlərini Hayk, vətənlərini Haykastan adlandırırlar. Haykın ilk məskun olduğu yer "Van gölü”nün yaxınlığında olmuşdu. Orada Haykadzor (Hayk vadisi) adlanan vadi bu günə qədər onun adını saxlayır. O, həmin ərazidə "Hayk” adında  ilk armyan şəhərini inşa etdi.”  
Əjdər Tağıoğlu yüz illərdən başlayaraq kilsə əfsanələrindən gələn uydurmaları sanki olmuş tarix kimi bu gün də beynəlxalq ictimaiyyətə sırıyan saxtakar erməni tarixçilərinin iddialarına haqlı cavab olaraq yazır ki, onların Osmanlı və Ön Qafqaz Azərbaycan türklərinə qarşı olan torpaq iddiaları kerçək tarixin üç riyazi əməlinin–etnoarxeoloji, etnoantropoloji, etnolinqvistik düsturunun təsdiqindən gəlmir, əksinə, onların bu məkrli iddiaları ancaq və ancaq xaldeylərin əfsanəsi əsasında yaranmış bu mifik "Hayıstan”a söykənir. "Hayıstan" da yalnız kilsə xəritələrində "yaradılmış" "dövlət" olraq, tarixin heç bir çağında hər hansı bir coğrafi ərazidə torpağa köçürülməmişdi. Araşdırıcının problemə elmi tarixin tələbləri zəminindən yanaşdığı təkzib edilməz həqiqətdir. Çünki əfsanədən "yaradılmış” "dövlət” əfsanədə qalar! Ona görə də "Hayastan” adında "dövlətin" "tarixən mövcud olması” barədə M.Xorenatsinin kitabından başqa, bu günə kimi, hətta erməni və ermənipərəst muzdlu Avropa və rus arxeoloqlarının aşkarladıqları arxeoloji maddi-mədəniyyət nümunələrində, habelə heç bir qaynaqda, mötəbər mənbədə qeydə rast gəlinmir. Elə buna görə də erməni tarixçiləri artıq başa düşmüşlər ki, erməni xalqının "qədim dövləti”ndən danışmaq üçün başqa yol axtarmaq lazımdır. Bu yol ermənilərdə həyati məsələ idi.  
Əjdər Tağıoğlu ermənilərə həyat verən yeni yaranmış siyasi şəraitin ibrətamiz tarixi barədə yazır : "1828-ci ildə qanlı rus süngüsü ilə yazılmış "Türkmənçay” irtica müqaviləsi əsasında  qədim Vahid Azərbaycan ölkəsi iki parçaya bölündü. İmperiya yarıdilənçi köçkün əhaliyə "qədim Qafqaz evi" "tikmək" və bununla da rusların Qafqazda nəsil-nəsil "xristian qardaşları" dayağı yaratmaq məqsədilə Azərbaycan türklərinin qədim Qafqaz tarixini gələcək nəsillərə unutdurmaq üçün işğalçı "Türksüz Qafqaz” modelini həyata keçirəcək qəddar ideoloji maşın hazırladı.       
N.Emin Kilikiya kilsəsində anonim keşiş M. Xorenatsinin adına ilk erməni mətni XIV əsrdə tərtib edilmiş "Hayıstan tarixi"ni təxminən beş yüz əlli il ötdükdən sonra, XIX əsrdə, daha dəqiqi 1858 -ci ildə "Armeniya tarixi" adıyla rus dilinə çevirərkən istifadə etdiyi variant barədə yazır:" Bu mətn bizim tələblərimizi tam ödəmir. Çünki köçürənlərin savadsızlığı üzündən ona əlavə edilmiş səhvlərdən hələ tam təmizlənməyib". 
Əjdər Tağıoğlunun N.Eminin dilindən səsləndirdiyi fikirdən aydın olur ki, "Armeniya tarixi" heç də "Hayıstan tarixi"nin tərcüməsi deyildir. Araşdırıcının fikrincə,"Armeniya tarixi" M. Xorenatsinin adına istinad edilən, lakin N.Eminin çox sərbəst şəkildə imperiyanın "Türksüz Qafqaz" siyasətindən gələn köçkün babalarına yazdığı saxta "qədim Qafqaz tarixi"dir. Bu baxımdan erməni tarixçisiin tərcümə mətninə ayrıca əlavə etdiyi "Mar Abas Katina və Nineviya arxivi" hekayəti maraqlıdır. 
Əjdər Tağıoğlu fikrinin davamında yazır ki, N.Emin bu hekayətdə Part imperiyasının inzibati bölgüsünə daxil edilmiş Kiçik Asiya və habelə Qafqaz Oğuz Albaniyasının ərazilərini "Armeniya", oradakı Arsaklı  hökmdarı da " armyan Arşakuniləri" adıyla erməniləşdirir.  
Araşdırıcı bu günədək Azərbaycan tarixçilərinin öz əsərlərində  rusdilli ədəbiyyatda "erməni dövləti"nin adı kimi qəbul etdikləri "Armeniya" anlamının mənşəini bilmədikləri üçün onu qərbi Azərbaycan ərazisinə "Ermənistan" şəkilində köçürülməsini qəbul etmir. Onun açımına görə "Ermənistan" sözü iki hissədən: "erməni" və "ölkə", "vətən" mənasına gələn "stan" məkan bildirən şəkilçidən ibarətdir. Bu da o deməkdir ki, biz sözün siyası mənasını anlamadan qərbi Azərbaycanı gəlmə ermənilərin "vətəni" kimi qəbul etmişik.   
Əjdər Tağioğlu Azərbaycan tarixçilərinin bu gün də ənənə olaraq qəbul etdikləri zəhərli doqmanı elmi fikrimizdən tamamilə silmək üçün yazır ki, N.Eminin tərcüməsinə kimi, heç bir ədəbiyyatda nə "armyan" adında  xalqa, nə də "Armeniya" namında dövlətə rast gəlinmir. "Armeniya" deyimi Fəradın yuxarı axarında yerləşən qədim əhalisi Azərbaycan türklərinin soy kökündə iştirak etmiş Mar tayfalarının "Arme" ölkə adının rusdilli formasıdır. N.Eminin "Hayıstan tarixi"nin rusdilli tərcümə mətninə əlavə etdiyi "Mar Abas Katina və Nineviya arxivi” epizodunda Arsaklı çarı Vaxarşakın guya tarixini yazdırmaq istədiyi ölkəni "Armeniya" adlandırsa da, Part imperiyasının işğal ərazisinə daxil edilmiş bu ölkə Biaini daş yazılarında "Arme" ("yuxarı ölkə", "hündür ölkə") adıyla tarixin daş yaddaşına çevrilmişdi. Vaxarşakın sarayının "Arme" ölkəsinin mərkəzi şəhəri olmuş "Mtsibin"də ("Nisibin"də) yerləşdirilməsi də bizim fikrimizi təsdiq edir. 
Əjdər Tağıolu adı çəkilən epizodda N.Eminin saxtakarlığını-mənfur erməniçiliyini aşkara qoymaq üçün guya Vaxarşakın işğal etdikləri ölkənin - "Armeniya"nın tarixini yazmaq üçün suriyalı alim Mar Abasın "Nineviya arxivində" çalışmasına icazə verməsi üçün qardaşı Part imperiyasının hökmdarı Arsaka yazdığı "Məktub"u tarixi zəmindən geniş araşdırmaya cəlb edir. O, N.Emini öz dili ilə ifşa edir. Belə ki, erməni tarixçisinin uydurmasına görə, guya Mar Abas "Nineviya arxivi"ndən "kiçik kitab” tapır və onun əsasında "4 kitabdan ibarət yunan və xaldey dillərində "erməni xalqının ilk ibtidai tarixi” olan "Armeniya tarixi” kitabını yazır” və onu da Vaxarşaka təqdim edir. Vaxarşak da "Armeniya tarixi"ni mühafizə üçün saray kitabxanasına verir. Onun fikrincə, M.Xorenatsinin "armyan arşakiləri”ndən danışan "Armeniya tarixi” də Mar Abasın "ibtidai tarixi”nin davamıdır.            
Əjdər Tağıoğlu problemə nəticə olaraq yazır: " M. Xorenatsinin "Hayıstan tarixi"nin ris dilinə tərcümə variantına ermənilərin xeyrinə işləyən yaranmış yeni siyasi şəraitin tələblərinə uyğun olaraq, süni şəkilə əlavə edilmiş "Mar Abas Katina və Nineviya arxivi” hekayəti anonim keşişin deyil, N.Eminin "Armeniya tarixi"dir.O, öz "Tarix"ində Part (yunanlarca Parfya) imperiyasının hərbi-inzibati ərazisinə müvəqqəti daxil edilmiş Kiçik Asiya və Ön Qafqaz ərazilərində hakim olmuş Arsaklı canişinlərini "Arşakuni” (yunanların "Arsakides” deyiminin erməniləşdirilmiş forması) adıyla süni şəkildə "Armeniya çarları” kimi qələmə verir və bununla da  ümumtürk tarixinin 475 illik epoxasının böyük bir hissəsini "Böyük Armeniya tarixi” adıyla Avropadan  gəlmə tarixləri məlum olmayan köçkün babalarının adına yazır.  
Aradan 23 il keçəndən sonra, yəni 1881 – ci ildə Tiflisdə çağrılmış V arxeoloji qurultayda N.Emin Mar Abasın tarixi şəxsiyyət olmadığını, Maday çarı Mar Kiaksar (Varbak) tərəfindən m.ö. 612-ci ildə "Nineva kitabxanası"nın yerlə yeksan edildiyini, iki min beş yüz il sonra ingilis arxeoloqlarının apardıqları arxeoloji qazıntılar zamanı kitabxananın xarabalıqlarının aşkara çıxarıldığını elmi ictimaiyyət qarşısında bəyan edir.  
Əjdər Tağıoğlu yazır ki, N.Eminin bu etirafı onun "Ön söz"də "tarixi şəxsiyyət" kimi qələmə verdiyi yalnız M.Xorenatsinin  anonim olduğunu meydana qoymur, ümumən kökü kilsənin yüz illiklərinə bağlı olan saxta erməni tarixşünaslığının şah damarını kəsir.      
Əjdər Tağıoğlu ermənilərin bu gün siyasi təxribat və təcavüz silaha çevirdiklər "Arsak” (ermənilərcə "Artsax”) toponimi ilə əlaqədar apardığı araşdırmalar maraqlıdır. O, babalarına "qədim Qafqaz tarixi” yazmağa çalışan erməni tarixçilərinin saxtakarlıqlarını aşkara qoymaq üçün mötəbər tarixi faktlardan geniş istifadə edərək, işğalçı ruslar tərəfindən qaçqın və yarıdilənçi kiçik bir dəstə erməni ailəsinin təkzib edilməz bir tarixdə - 1860 -cı ildə (Petruşevski) Cənub Azərbaycanın Qaradağ əyalətindən gətirib Dağlıq Qarabağda yerləşdirilməsindən danışır. Müəllif fikrinin davamında yazır ki, ancaq "Arsak” toponiminin tarixi bu köçkün ermənilərin yeni məskənləşmə tarixindən nə az, nə çox tam 1743 il zaman ayrılığında dayanır. O, bu baxımdan Part (yunanlarca "Parfya”) imperiyasının hökmdarı I Vologezin / Valarşanın hakimiyyət tarixini (117-140-cı illər) xatırladır və deyir ki, onun dövründə Ön Qafqazda yeni idarə etmə ərazi bölgələri yaradılarkən İmperiyanın adını yaşadan Part (ərəblər ona "Bərdə” dedilər) şəhəri mərkəz olmaqla indiki Qarabağ ərazisi dövlətin banisi Arsakın şərəfinə "Arsak vilayəti” adlandırılmışdı.  
Əjdər Tağıoğlu erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən "erməni tarixinin atası” M.Xorenatsinin şəxsiyyətini təkzib etməklə, kilsədə üç türk dövlətinə (Biaini,Arme,Part) aid olan, lakin "erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş "Armeniya tarixi” əsərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduqları xalqa yazdıqları "qədim tarix” kitablarının saxta və uydurma üzərində dayandığını söyləyir.  
Qısa söylədiyimiz bu məziyyətlər bizə əsas verir deyək ki, Əjdər Tağıoğlunun "Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı Azərbaycan tarixçilərini Kremlin zəhərli doqmasından uzaqlaşmağa, Azərbaycançılıq işığı altında "Ata tarixi" yazmağa vətəndaşlıq çağrışıdır.       
Oxucularına qısa məlumat verdiyimiz bu kitab Azərbaycan tarixşünaslığına istiqamət verəcək  .
 

   Vəli Əliyev 
   AMEA-nın müxbir üzvü,                                  
   tarix elmlər doktoru,professor.  
   

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər