HÜMBƏT
HƏSƏNOĞLU
(hekayə)
Cərrahlıq, həmçinin göz cərrahlığı əl sənətidir. İstənilən əl sənətində isə ən vacib şey gündəlik
praktikadır.
Kamil həkim artıq beşinci il idi ki,
məhz bu praktika üçün imkan tapan kimi Moskva vilayət xəstəxanasına gəlirdi.
Burada xəstə çox, həkim isə az olduğundan onun günü əməliyyat otağında keçirdi
və bu ona yaxşı praktika olurdu. Şöbənin yükünün bir hissəsini təmənnasız
olaraq o öz üzərinə götürdüyündən şöbənin kollektivi də onun hər gəlişinə
sevinirdi.
Bu dəfə də yaşlı şöbə müdiri Mariya Fedorovna onun əlini ikiəlli sıxaraq
qarşıladı. Hələ tam hal-əhval tutmamış şöbə müdirinin telefonuna zəng gəldi.
Kamil həkim danışıqdan başa düşdü ki, zəng qəbul şöbəsindəndir. Mariya
Fedorovna ayağa durub ona gülərək dedi: "Gedək qəbul şöbəsinə, yolda söhbət edərik.”
Qəbul şöbəsində məlum oldu ki, sol gözün travması ilə bir qadın gətiriblər.
Qadının üst-başından, görünüşündən onun "bomj" olduğu aydın
görünürdü. Bomj rus sözüdür, mənası da "yaşadığı yer bəlli olmayan insan” deməkdir.
Təzəcə yazılan xəstəlik tarixçəsində qadının 45 yaşı olduğu yazılsa da,
görünüşündən 60-dan yuxarı yaş vermək olardı. Qadın alkoqolizmi ağır haldır.
Qadın içkili vəziyyətdə idi, nə baş verdiyini axıra qədər anlamırdı. Anamnezdən
bəlli oldu ki, onu içki məclisində özü kimi bir bomj kişi sol gözünü yumruqla
vurmuşdu. Görünür, vuranın barmağında metal üzük olmuşdu, çünki göz dağılmışdı.
Sual havadan asılmışdı, həyatı özünə gərək olmayan bu qadının gözünü çoxsaylı
personalın ağır əməyi ilə xilas etməyə dəyərdimi?
Mariya Fedorovna seçim qarşısında idi. Qaydaya uyğun biz onu şöbəyə aparıb
gözünü əməliyyat etməli idik. Amma birincisi, ilkin müayinə göstərdi ki, gözü
xilas etmək şansı cüzidir, ikincisi də tibbi personalın dəyərli vaxtını bu
insan çox alacaqdı, özü də səmərəsiz. Mariya Fedorovna yaralını rayon xəstəxanalarının
birinə göndərmək haqqında düşünürdü. Burada qalmalı olsa, kimsə bu yaralı ilə
sıx məşğul olmalı idi. Şöbə həkimlərinin heç biri bu xəstə ilə məşğul olmaq istəməyəcəkdi.
Kiməsə də məcburən həvalə edilsəydi də, gözü formal olaraq tikib xəstəni
atacaqdılar palatanın bir küncünə. Xəstə bir az özünə gələndən sonra isə onu evə
yazacaq, əlillik alması üçün bir arayış verəcəkdilər. Bununla da iş bitəcəkdi.
Kamil həkim tərəddüd içində olan şobə müdirinə dedi:-
- Mən məşğul olaram bu xəstə ilə.
- Siz? - şöbə müdiri təəccüblənərək soruşdu - nəyinizə lazımdır ki,
şöbə normal xəstələrlə doludur. Onların içindən əməliyyata getməli olanları sizə
ayırmaq fikrim var.
- Olsun, onları da götürərəm, amma bu xanımı da mən götürüm.
Kamil həkimin cəmiyyətin lap dibində olan bu qadına "xanım" deməyinə
otaqda olanların hamısı gülüşdü. Mariya Fedorovna da gülümsəyərək qərar verdi:
- Yaxşı, bu xanım sizin olsun.
Əməliyyat masasında, mikroskop altında gözün ağır vəziyyətdə olduğu aydın
göründü. Gözün ağlı qışası çox zədələnmiş, büllur yerindən çıxmış, şüşəvari
cisim qanla dolmuşdu. Gözdə çətin rekonstruktiv əməliyyat aparılmalı idi. Özü də
əməliyyat zərgər dəqiqliyi ilə aparılmalı idi ki, kiçik bir səhv düzəlməz nəticələrə
gətirib çıxarmasın.Kamil həkim, bu çətin əməliyyatı böyük ustalıqla bacardı.
Sabahısı gün şöbə həkimlərinin iştirakı ilə xəstəyə keçirilən ilk baxışda xəstə
gördüyünü dedi. Mariya Fedorovna Kamil həkimin əlini kişisayağı sıxaraq təşəkkür
etdi: "Biz bu xəstəni ayın sonunda keçiriləcək göz həkimlərinin vilayət
toplantısında hamıya göstərməliyik. Bu bizim şöbənin böyük uğurudur.”
İki həftədən sonra xanımı tanımaq olmurdu. Üz şişi yatmış, gözləri açılmış,
çimizdirildiyindən rəngi ağarmış, saçları da dəbə uyğun kəsilmişdi. Bütün
bunları Kamil həkimin xahişi və təkidi ilə etmişdilər. Saç ustasının xərcini də
o, özü çəkmişdi.
Hamının əlini üzdüyü bu xanım məlum oldu ki, aqronomdur. Kamil həkimin səyi ilə
qonşu vilayətdə yaşayan bacısı qızını da tapıb gətirdilər. Bacısı qızı kənddə
yaşayırdı və onu evinə aparmağa söz verdi, əlavə etdi ki, onun işlədiyi aqrar təsərrüfatda
aqronoma ehtiyac var.
Xanım şobədən çıxanda Kamil həkimi qucaqladı, çox təşəkkür etdi, özü də və onu
aparmağa gəlmiş bacısı qızı da göz yaşlarını saxlaya bilmədilər. Mariya
Fedorovna yenə kişisayağı Kamil həkimin əlini sıxıb hamı eşitsin deyə ucadan
dedi: "Mən Kamil həkimin o gözü xilas etməyinə inanmırdım. Kamil həkim o
xanımın nəinki gözünü, hətta özünü belə xilas elədi.”
Bu zaman Mariya Fedorovnanın telefonuna zəng gəldi. O, danışığını qurtarıb
telefonun dəstəyini yerinə qoydu və Kamil həkimə gülümsəyərək müraciət elədi:
-Qəbul şöbəsinə gözündən yaralı birisini gətiriblər, mənimlə
gedərsinizmi?..
Aprel 2020-ci ilSumqayıt şəhəri