SON DƏQİQƏ
» » Həssas düşüncəli , orijinal poeziyalı , layiqli oğul -ƏLİ NƏCƏFXANLI

Həssas düşüncəli , orijinal poeziyalı , layiqli oğul -ƏLİ NƏCƏFXANLI

Tarix:

23-06-2017, 16:07

/ 3 166 dəfə oxundu.
Həssas düşüncəli , orijinal poeziyalı , layiqli oğul -ƏLİ NƏCƏFXANLI

...Sanki ulu Dədə Qorqud misallı ağsaçlı Xəzər neçə il idi ki, gözünü sahilində yenicə salınmaqda olan gənc şəhərə - Sumqayıta zilləyərək, hər an onun hədsiz sevinsinə səbəb olacaq yeni Oğuz övladlarının dünyaya gəlişini gözləyirdi... Və təzəcə salınmaqda, canlanmaqda olan şəhər hələ 8 yaşında olanda, 60 il əvvəl ilin ən gözəl günlərindən birində - iyunun 2-də dünyaya gəlişi ilə əvvəlcə bir ailəni, sonralar bir eli-obanı sevindirən, bugünlər isə qoynunda yaşadığı şəhər üçün baş ucalığı olan tanınmış şair-publisist, hər zaman, hər yerdə istedadı və səmimiyyəti ilə seçilən Vətən qeyrətli, dost sədaqətli Əli Nəcəfxanlının yubileyi Sumqayıt Poeziya Evində şəhər miqyasında, təntənəli şəkildə qeyd edilmişdir.
Əsli-kökü Azərbaycanın dilbər guşələrindən sayılan cənub bölgəsindən olsa da, bütövlükdə əsl Vətən oğlu olan Əli Nəcəfxanlını respublikada əksəriyyət sumqayıtlı kimi tanıyır. Harda olmasından asılı olmayaraq, o, həmişə bütün qəlbi ilə bağlı olduğu Sumqayıt və sumqayıtlılar adından fəxrlə, qürurla danışır. Buna isə onun böyük mənəvi haqqı var. O, dünyaya gəldiyi şəhərə və Azərbaycana özünün vətəndaşlıq mövqeyi və sədaqəti, istedadlı jurnalist xidməti ilə, həm də həyata, insanlara "sevgi bucağı" altında səmimi baxışları, canlı və cansız bütün varlıqlara qeyri-adi poetik yanaşmaları, həssas düşüncələri baxımından seçilən orijinal poeziyası ilə layiqli oğul olmağı bacarmışdır.
Təsadüfi deyil ki, yubiley məclisinin aparıcısı, Sumqayıt poeziyasının ağsaqqalı, Əli bəylə eyni məhəllədə yaşayan şair Əşrəf Veysəlli tədbirdə "tərəfkeşlik" edərək, həm jurnalist, həm də şair kimi qonşusunun özünü və istedadını o qədər təriflədi ki, bir nəfər də... inanmayan olmadı.
Yubileyə gəldikdə isə tədbirə toplaşanlar da hiss etdilər ki, bu "60 yaş" söhbəti ilə kimsə ya zarafat edib, onları "aldadıb", ya da Əli Nəcəfxanlı özü nədənsə "tələm-tələsik" yaşlıların, uluların sırasına qoşulmaq istəyib. Çünki hamı "əyani" olaraq görürdü ki, Əli bəyin - bu cavan oğlanın yaşı olsa-olsa, 45-dən bu yanadır ki, o yana deyil. Bunu hətta Sumqayıtın tanınmış loğman-həkimləri - Sumqayıt cərrahiyyəsinin patriarxı, "Şöhrət" ordenli Hacı Cəfər Quliev və şəhərin baş psixiatrı, bütün dəlilərin "ağlını başına yığan" tibb elmləri namizədi Mail Tağıyev də "bioloji əsaslarla" təsdiq etdilər.
Azərbaycan Milli Məclisinin deputatı, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, sumqayıtlıların sevimlisi, əsl millət vəkili olan Muxtar Babayev, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı Elçin Hüseynbəyli, Sumqayıt şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Fərman Kazımov, Sumqayıt Bələdiyyəsinin sədr müavini Musa Həsənov, Əli Kərim adına Poeziya klubunun sədri, Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, şairlərdən Ofelya Babayeva, Zirəddin Qafarlı, Əyyub Qiyas, Süleyman Hüseynov, Nisə Qədirova, Firdovsi Cəfərxan, Asif Asiman, sabahın böyük ümidverici gənc şairi Elvin Əlizadə və digərləri də Əli Nəcəfxanlı, onun publisistikası və poeziyası haqqında - vaxtilə Azərbaycan Dövlət Televiziyasında çalışarkən və hazırda "Xalq qəzeti"nin bölgə müxbiri kimi geniş və səmərəli, yorulmaq bilməyən fəaliyyətindən, əsl jurnalist olaraq hər zaman obyektivliyi və operativliyi ilə seçilməsindən danışaraq, yubilyarın ünvanına səmimi, xoş sözlər söylədilər.
Respublikanın Əməkdar Mədəniyyət işçisi, Ahıl Jurnalistlər Məclisinin sədr müavini, ötən dövrün 90-cı illərində Azərbaycanın ən populyar qəzetlərindən olmuş "Səhər" qəzetinin baş redaktoru, şair-publisist Məzahir Süleymanzadə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun imzaladığı xüsusi diplomu, Mahmud Kaşqari Fondunun baş katibi Elxan Zal Qaraxanlı Kaşkari adına mükafatı, AJB-nin Sumqayıt şöbəsinin sədri, respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Oday isə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinskinin adından həmkarı Əli Nəcəfxanlıya AJB-nin fəxri diplomunu təqdim etdilər.
H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyorları, Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov və digərləri Əli Nəcəfxanlının oxucular tərəfindən çox sevilən şeirlərini səsləndirdilər.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Eyvaz Qocayev, Əli Nəcəfxanlının çalışdığı "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, yubilyarın dostlarından Əməkdar jurnalist Eyruz Məmmədov, populyar "Azpress.az" saytının direktoru, ustad foto-sənətkatr Rasim Sadıqov, Azərbaycan Yazıçılar Birliyinin Şabran şöbəsinin sədri Aydın Tağıyev, Şabranın X.Şirvani adına Poeziya Evinin direktoru Aybəniz Əliyar, veteran pedaqoq Yağmur Xəzan və digərləri də iştirak etmişlər.
Dəniz kənarında səfalı bir guşədə başa çatan maraqlı yubiley tədbiri AJB-nin Sumqayıt şöbəsinin, Sumqayıt Poeziya Evinin təşəbbüsü və Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə təşkil edilmişdi.
Rəhman ORXAN.
Fotolar Şakir Rəhmanındır.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ