SON DƏQİQƏ
» » İctimai nəzarətin effektiv təşkili və milli maraqların qorunması

İctimai nəzarətin effektiv təşkili və milli maraqların qorunması

Tarix:

2-12-2019, 15:51

/ 1 400 dəfə oxundu.
İctimai nəzarətin effektiv təşkili və milli maraqların qorunması

Demokratiyanın təzahürü

İstənilən dövlətdə ictimai nəzarətin təşkili və milli maraqların qorunması prinsipinin kifayət qədər böyük rolu var.İctimai nəzarət və milli maraqların mövcudluğu ölkənin rifahına və hər sahədə inkişafına yol açaraq, dövlətdə baş verə biləcək ciddi bəla və təhlükələrdən qoruyur,ölkə daxili xaosların, özbaşınalıqların qarşısını alır.İctimai nəzarətin təşkili və milli maraqların qorunması demokratiyanın və aşkarlığın təzahürüdür.

İctimai nəzarətin və milli maraqların təmin edilməsində ən çox istifadə olunan daxili ehtiyatlar və siyasət vasitələrinə dövlət orqanları və qeyri-hökümət strukturları,siyasi partiyalar,vətəndaş cəmiyyəti institutları,kütləvi informasiya vasitələri,milli elita, sosial şəbəkələr və s.daxildir.

Məsələn dövlət strukturları nəzdində yaradılan ictimai nəzarət şuraları tanınmış,daha doğru desək, milli elitadan və həmin dövlət idarəsində çalışmayan üzvlərdən ibarət olur.QHT-lər kimi ictimai nəzarət şuraların əsas vəzifəsi şəffaflığı tam təmin edə bilmək, habelə, ictimayyətin maraqlarının təmin edə biləcək maarifləndirici layihələrin həyata keçirililməsidir.

Milli idealımız

Azərbaycanın milli maraq və milli təhlükəsizliyinin təmin edilməsi birbaşa onun daxili və xarici maraqlarının  düzgün müəyyənləşdirilməsi və təmin olunması mexanizmlərinin yaradılmasından asılıdır.

Milli maraqların məzmunu, çərçivəsi və ölçüləri cəmiyyətin dəyərlərini özündə əks etdirən "milli idealla" müəyyənləşir. Ümumi şəkildə götürüldükdə, millətin və xalqın ən mühüm "idealını"ilk növbədə özünüqoruma, özünüyaşatma və davamlı inkişaf maraqları təşkil edir.

KİV, sosial şəbəkələr və informasiya təhlükəsizliyi

XXI əsr informasiya əsridir desək yanılmarıq, çünki geosiyasi, geoiqtisadi və hərbi-geostrateji proseslərin idarə olunmasında, beynəlxalq məsələlərin tənzimlənməsində, o cümlədən milli təhlükəsizliyin qorunmasında, dövlətin və vətəndaş cəmiyyətinin inkişafında informasiyaların ötürülməsi, qorunması  və onların təhlükəsizliyi əvəzsiz rol oynayır. Məhz Azərbaycan dövlətinin qəbul etdiyi və icra etdiyi qərarlar ölkəmizin informasiya təhlükəsizliyini təmin etmiş, bununla yanaşı ətrafımızda hörülən mənfi xarakterli informasiya blokadasını dəf etməyə müvəffəq olub. Şübhəsiz ki, dövlətin informasiya məkanı, onun qloballaşması dövlətin sosial, siyasi, iqtisadi inkişafından asılıdır və həmçinin onun elmi-texniki, mədəni göstəricilərinin təzahürüdür.

Günümüzdə ictimai nəzarətin əsas iki ən önəmli və ən effektiv  vasitələrindən biri, deyərdim ki, KİV və sosial şəbəkələrdir. Hazırda Azərbaycan dövlətinin müstəqil, xarici siyasəti bir çox xarici qüvvələri qane etmir və bu səbəbdən də antiAzərbaycan siyasətində informasiya resurslarını var gücü ilə işlədirlər. Təbii ki, bu sistemli müharibənin aparılması heç də elə belə deyil. Azərbaycanın müstəqil xarici siyasəti yürütməsi, balanslaşdırılmış siyasəti, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və s. kimi səbəblər göstərmək olar. Yaxud, başqa bir misal çəkək. Azərbaycan müstəqillik yoluna qədəm qoyandan  dövlətimizlə bağlı "siyasi məhbus" məsələsi gündəmdən düşmür. Niyə? AntiAzərbaycan informasiya siyasətində ağlasığmaz üsüllardan istifadə etməklə dövlətimizə siyasi və iqtisadi təsirlər göstərməyə çalışırlar. Bəzən də həyəcanlı, təşvişli xəbərlər ötürməklə dövlətin içində qarışıqlıq yaratmağa cəhd göstərirlər. Son illər bu cəhdlər daha çox sosial şəbəkələr vasitəsilə edilir ki, bu da heç də ürəkaçan hal deyil. Heç istəməzdim ki, sosial şəbəkələr hansısa qüvvələrin əlində qarışıqlıq, qarşıdurma və ya terror alətinə çevrilsin. Bir millət olaraq bizlərin də boynuna müəyyən qədər yük düşür. Borcumuz odur ki, əsassız,qızışdırıcı informasiyalara uymayaq, onları yaymayaq! Sosial şəbəkələri birlik aləti kimi istifadə edək. Aprel döyüşlərində öz birliyimizi, milli maraqlarımızı bir yumruq altında birləşdirərək bütün dünyaya nümayiş etdiyimiz kimi!

Hərbi təhlükəsizlik

Milli maraq-milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri siyasətində Azərbaycanın hərbi təhlükəsizlik siyasəti ilk yerdə dayanır. Hərbi təhlükəsizlik siyasəti ölkə əhalisinin birbaşa xarici hərbi müdaxilələrdən, hər hansı təhdidlərdən qorunması, dövlətin hərbi təhlükəsizliyinin təmin olunması və suveren hakimiyyət səlahiyyətlərinə xarici müdaxilələrin qarşısını almaqdan ibarətdir. Dövlətin hərbi təhlükəsizlik siyasəti dövlətin yaşaması, onun inkişafı və hər hansı müdaxilənin qarşısının alınmasında vacib və ümdə şərtlərdən biridir.

Sərhəd təhlükəsizliyi

Milli maraqlar siyasətinin vacib tərkib hissəsi sayılan hərbi təhlükəsizlikdən söz açmışkən, sərhəd təhlükəsizliyi siyasətini də qeyd etmək yerinə düşər.

Azərbaycan düşünürəm ki, olduqca vacib və gərgin geosiyasi xəritədə yerləşir. Gərgin ona görə ki, Azərbaycan bir kiçik dövlət kimi dünyada hegemon sayıla biləcək dövlətlərlə əhatə olunub və bu dövlətlərin əsas nəzər mərkəzi məhz Azərbaycandır. Bu baxımdan cənab İlham Əliyevin yürütdüyü balanslaşdırılmış siyasəti sərhəd təhlükəsizliyini özündə birləşdirərək, millli maraqlar prisipini də özündə əks etdirir.

Enerji təhlükəsizliyi

Dövlətimiz Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq energetika infrastrukturuna və özünü tam təmin edə biləcək sistemə malikdir. Enerji təhlükəsizliyi dedikdə, bütün ölkələrin, onun vətəndaşlarının, cəmiyyətin, iqtisadiyyatın yanacaq və enerji təchizatı vasitəsilə xarici və daxili təhdidlərdən geosiyasi, xaricdən qaynaqlanan makroiqtisadi xarakterli problemləri, daxili təhlükəsizliyə isə ölkənin milli enerji sektoru ilə birbaşa bağlı olan məsələləri aid edirlər. Azərbaycanın milli enerji təminatı və təhlükəsizliyi siyasəti haqqında bir çox rəsmi sənədlər və qanunlar qəbul olunub. Bunların sırasında "Energetika haqqında" Azərbaycan Respublikasının Qanunu, "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunmasl üzrə" Dövlət Proqramını, "2005-2015-ci illərdə ölkənin yanacaq enerji kompleksinin inkişafı" Dövlət Proqramını, "Şahdəniz 2" təbii qaz layihəsi və s. göstərmək olar.

Geoiqtisadi müstəqillik

Böyük mücadilədən sonra, əldə etdiyimiz müstəqilliyin ilk illərində Azərbaycanda sosial-iqtisadi böhran milli iqtisadiyyatımızı iflic vəziyyətə salmışdı. Bir tərəfdən sosial-siyasi böhran altında baş verən mitinqlər, müharibə şəraiti, piketlər, Ali Sovet böhranı, hakimiyyət dəyişiklikləri, digər tərəfdən də sovet birliyindən qalma köhnə avadanlıqların dünya standartlarına  cavab verməməsi, eyni zamanda bu avadanlıqların sökülüb metal qırıntısı kimi satılması sosial-iqtisadi böhranı şərtləndirən amillərdən hesab etmək olar. Azərbaycanın iqtisadi müstəqilliyi və geoiqtisadi maraqlarının təhlükəsizliyinin bəhs olunan dövr üçün ən uğurlu, səmərəli və faydali yolu, təbii ki, ABŞ və Avropa Birliyi ölkələri, Yaponiya, Çin və başqa beynəlxalq güclərlə transmilli əməkdaşlıqdan keçirdi. Ölkənin ciddi böhrana düçar edilmiş və dağılmaqda olan iqtisadiyyatını da o dövrdə yalnız xarici iqtisadi strukturlarının maliyyə-texniki imkanlarından istifadə etməklə qaydaya salmaq olardı və elə də oldu.

İctimai-siyasi,sosial,etnik və insan ehtiyatları

Sabitlik, məsələlərə yaradıcı yanaşma, demokratik inkişaf, söz azadlığının qorunması, dini tolerantlılıq, etnik ayrı-seçkiliyə yol verilməməsi, insan haqlarının qorunması demokratik inkişaf edən istənilən  dövlətin ayaq üstə durmasının qarantıdır. Azərbaycan da belə dövlətlər sırasındadır. Təbiidir ki, ölkədə xaos yaratmaq arzusunda olanlara həm xaricdən, həm də daxildən dəstək verən qüvvələr hər zaman tapılacaq. Xarici qüvvələrin marağını başa düşmək olar. Onlar Azərbaycanı yanlarında görməklə yanaşı, həm də zəif görmək istəyirlər. Bundan sonra isə ictimai rəy dövriyyəyə buraxılır ki, biz olmasaydıq, Azərbaycan dağılıb gedərdi. Lakin aparılan düzgün siyasət yaxın keçmişimizdə baş verən xaosun, qarışıqlığın,vətəndaş münaqişəsinin təkrar olunmasına nəinki imkan vermir, hətta bu sahədə, bu istiqamətin güclənməsində daha da möhkəm və düzgün addımlar atılır, qərarlar qəbul edilərək, onların həyata keçirilməsinə çalışılır.

Azərbaycanda bir sıra etnik xalqların yaşaması hər birimizə məlumdur və ölkənin milli maraqları və təhlükəsizliyi üçün də ən böyük təhdid etnik separatizmdir ki, bu separatizm xarici qüvvələrin aktiv fəaliyyəti nəticəsində meydana gəlir. Etnik siyasətinin düzgün aparılması və etnik mənsubiyyətinə görə heç kimə fərq qoyulmadan, Azərbaycan Konstitusiyasına əməl etməklə "hər kəsin bacarığına görə cəmiyyətdə və dövlət strukturunda yer tutması" prinsipi demək olar ki, etnik separatizmə son qoydu.

Din məsələsinə gəlincə isə tolerantlılıq hər bir Azərbaycan vətəndaşına imkan verir ki, vicdanın səsinə qulaq asmaqla istədiyi dünyəvi dini qəbul etsin və Azərbaycan müsəlman aləmində bəlkə də yeganə dövlətdir ki, sünni və şiələr bir məsciddə namaz qılır; müsəlman, yəhudi və xrstianlar bir-birlərinin bayramlarını təbrik edirlər.

Azərbaycan dövlətinin sərvətlərindən,neft və qazından qiymətli onun vətəndaşlarıdır,insan ehtiyatlarının təhlükəsizliyidir və dövlət bu sahədə durmadan işlər görür.

Ərzaq təhlükəsizliyi

Ərzaq təhlükəsizliyi Milli Təhlükəsizlik siyasətində ən vacib istiqamətlərdən sayılmaqla yanaşı, millətin sağlamlığını, dövlətin uğurlu gələcəyini,milli insan ehtiyatlarının təhlükəsizliyini özündə cəmləşdirir. Ərzaq təhlükəsizliyi dedikdə ilk növbədə əhalini keyfiyyətli, GMO-suz (Genetik Modifikasiya Olunmuş) məhsularla təmin etmək,eyni zamanda xarici bazardan asılılığı minimuma endirmək, etibarlı və davamlı daxili və xarici ərzaq təminatı mexanizmlərini yaradıb onları effektiv şəkildə həyata keçirmək, qəbul edilmiş beynəlxalq normalara uyğun olaraq, hər bir vətəndaşı lazımı və zəruri ərzaq məhsulları ilə təchiz edə bilməkdir.

Son illərdə nəinki ölkəmizdə, hətta dünyada təhlükəsiz qida mövzusu olduqca öz aktuallığını qoruyub saxlayır. Belə ki, son zamanlar məhsuldarlığın artırılması və tez inkişafı üçün GMO preparatlardan istifadə olunur. Bununla da insan həmin ərzaqlardan istifadə etdikdə aqressivləşir, intihara,cinayətə meyl salır. Yaxud, Avropada GMO-dan istifadə edərək elə maddələr hazırlayırlar ki, genetikaya təsir edərək, nəsilartırmanı aşağı salır və ya müxtəlif çarəsi olmayan xəstəliklər meydana gətirir. Məlum məsələdir-kapitalizm dövrünü yaşayırıq. Təəssüflər olsun ki, çox zaman kapitalistləri yalnız gəlir mənbəyi maraqlandırır, bəşəriyyətin sağlam genefondu yox! Hər halda ölkəmiz də bu cür xoşagəlməz hallara qarşı digər ölkələrə qoşularaq qlobal şəkildə mübarizə aparır və bu istiqamətlə kifayət qədər işlər görür. Son illərdə görülən işlərə nəzər salsaq kənd təsərrüfatının, daha dəqiq desək heyvandarlığın sürətli inkişafı, meliorasiya sistemlərinin tikintisi,əkin sahələrinin genişləndirilməsi,su kəmərlərinin çəkilməsi və s. kimi layihələrin realizasiyası onu göstərir ki, Azərbaycan üçün sağlam gələcək ən ali məqsədlərdən biridir.

Ekoloji təhlükəsizlik

Qida və ekoloji təhlükəsizlik bir-birilə sıx əlaqəli olsalar da, ekoloji təhlükəsizliyin problemləri daha öndə və qlobaldır. Azərbaycanın ekoloji təhlükəsizlik siyasətində əsas məqsəd insan həyatını və sağlamlığını, cəmiyyəti,onun maddi dəyərlərini,ətraf mühiti, həmçinin atmosfer havasını,kosmik fəza,su obyektləri, torpaq, təbii landşaft, bitki və heyvan aləmini yaranan hər bir hansı təhlükədən qorumaqdır.

Aparılan ekoloji qiymətləndirməyə, nəzər yertirsək, ekoloji vəziyyətə görə Azərbaycan 180 ölkə arasında 31-ci yerdə müəyyənləşib. Bununla da reytinq sıralamasına görə Azərbaycan Yaponiya, Belçika, İsrail kimi dövlətlərdən ön mövqe tutmuş olub. Eyni zamanda ölkəmiz Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə ikinci, MDB məkanı üzrə birinci yerdə qərarlaşıb.

Əldə olunan bu göstəricilər ölkədə ətraf mühit sahəsində son illərdə baş verən müsbət dəyişikliklərin çox qısa müddətdə sürətlə və ciddi şəkildə aparılmasına dəlalət edir.

Milli təhlükəsizlik reytinqi

Sözsüz ki, vətəndaşlar dövlətindən, onun əmin-amanlığından, ona güvənc hissindən, yaxşı yaşamalarından, o cümlədən yaranan problemlərin həll olunacağından əmindilərsə, təbiidir ki, onun milli təhlükəsizlik reytinqi daha da yüksələcək. Milli maraqlar və ictimai nəzarət ön plana çıxdıqda isə bu güvənc daha da artacaq. Diqqətəlayiq haldır ki, dövlət bu qurumların hər biri ilə xüsusi iş aparır, onların bəzi tələbatlərını ödəməklə,imkanlarından milli maraqların-milli təhlükəsizliyin təmin olunması istiqamətində istifadə olunur. Göründüyü kimi, ictimai nəzarətin effektiv təşkili bir tərəfdən demokratiyaya şəffaflığa təkan verir, digər tərəfdən isə milli maraqların və milli təhlükəsizliyin qorunmasında önəmli rol oynayır.

Aysel Oğuz

Qeyd: Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "SƏLİS Jurnalist" nominasiyası üzrə yazı müsabiqəsinə təqdim olunur.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ