SON DƏQİQƏ
» » Bu qədər çalğı alətlərini ifa etmək virtuozluq deyilmi?

Bu qədər çalğı alətlərini ifa etmək virtuozluq deyilmi?

Tarix:

15-09-2021, 22:41

/ 2 673 dəfə oxundu.
Bu qədər çalğı alətlərini ifa etmək virtuozluq deyilmi?

Məhərrəm İsmayıl oğlu Nəcəfzadə 1966-cı il noyabrın 30-da Bakıda çoxuşaqlı ailədə anadan olub. Ailənin övladları kimi o da gözünü açıb evdə ziyalılıq, halallıq, mehribanlıq, səmimiyyət, doğruçuluq, böyük-kiçiklik valideynlərin biri-birinə hörmətini, balalara xüsusi qayğısını, nəvazişini görüb və onların öyüd-nəsihətini eşidərək böyüyüb. Bu ailə daim ruzi-bərəkətli, süfrəsi acıq, ev həmişə qonaq qaralı olub.
Nəcəfzadələr ailəsi qollu-budaqlı samballı, əsl-nəcabətli, böyük bir şəcərənin nəsil davamçıları kimi öz da-sanlarını qoruyublar. Nəslin kökü Xızı mahalından kök atıb, şaxələnib, boy atıb, yayılıb və ucalıb. İsmayıl kişinin ailəsində musiqiyə böyük həvəs, dərin hörmət və xüsusi dəyər olub. Odur ki, ailənin oğullarının hər biri bu sahədə öz izlərini qoyublar. Ata-ana uşaqların orta məktəb dərslərini, musiqi təhsilini həmişə izləyib və nəzarətdə saxlayıb.
Məhərrəm 1973-1981-ci illərdə Oktyabar (hazırda Yasamal) rayonunda 172 saylı ümumtəhsil məktəbdə oxuyub. 1981-ci ildə A.Zeynallı adına Musiqi Tenikumunun tar sinfinə daxil olub və təhsili 1986-cı ildə başa vurub. Burada ona ixtisas-not üzrə Fikrət Əbdülqasımov, muğamdan Sabir Ələkbərov dərs deyib. O, təyinatla Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki uşaq musiqi məktəbinə göndərilib. Sonralar o, əmək fəaliyyətini müxtəlif yerlərdə davam etdirib. Bakı Şəhər Mədəniyyət İdarəsinin nəzdində Dənizkənarı parkın instrumental ansamblının tərkibində simli alətləri ifa edib. Xırdalan qəsəbəsində (hazırda şəhər) Abşeron Mədəniyyət Sarayında ansambl rəhbəri, Müəllimlər Mərkəzində konsertmeyter, Dövlət Muğam Teartrının muğam-studiyasında xanəndə Mürşüd Məmmədovun sinfində müşayiətçi, tarzən-konsertmeyster, alim, yazıçı Vüqar Əhmədin prezidenti olduğu "Vüqar” firmasının nəzdində yaradılan "Şəms” instrumental ansamblında ifaçı kimi çalışıb.
Məhərrəmin qardaşları Abbasqulu, Mehdi, İlham da istedadlı, ali təhsilli, hərtərfli inkişaf etmiş musiqiçilərdir. Onlar 1988-ci ildə "Qardaşlar” kvarteti yaradıblar və bu qrup indiyə qədər öz missiyasındadır. Yarandığı zaman xalq artisti, bəstəkar Süleyman Ələsgərov (1924-2000) bu qrup haqqında yüksək fikir söyləmişdir. Qardaşlar arasında simli, kamanlı və nəfəs alətlərini məharətlə ifa edənlər olduğu üçün onlar repertuara əsasən müxtəlif milli və Avropa alətlərini səsləndirə bilirlər. Abbasqulu kamança, violin (skripka), tar, ud, milli nəfəs alətlərini ifa edir və ümumilikdə səksən musiqi alətini dilləndirir. Mehdi tar, saz, bas tar, ud, donmra və elektrogitaranı, İlham klarnet, saksofon və milli nəfəs alətlərini, Məhərrəm tarı, digər simli və milli nəfəs alətlərini ifa edir.
Qrupun hər bir üzvünün solo ifaları dərhal diqqəti cəlb edir. Sadəcə onlara müşayiətçi lazım olduğu üçün bu bacarıqlı qardaşların böyüyü, rəhbəri Abbasqulu Nəcəfzadə qardaşlarla bahəm "Günaydın” instrumental ansambl yaradıb. Məhərrəm "Günaydın”ın tərkibində tar, saz, ney, tütək, zurna, ud çalğı alətlərini ustalıqla ifa edir.
Yüksək sənət enerjisinə, böyük istedada, dərin sənət həvəsinə, peşə sevgisinə malik olan M.Nəcəfzadə ilk gənclik illərindən başlayaraq müxtəlif ansamblların tərkibində çalışaraq, böyük sənətə qayanayıb-qarışıb, bişərək xeyli təcrübə qazanıb. O, 1983-1984-cü illərdə "İrs” foklor, 1981-1989-cu illərdə "Dastan” folklor, 1988-ci ildən "Meyxana” ansambllarında nəfəs və simli alətlər ifaçısı kimi xüsusi fəaliyyət göstərib. Xanəndə, əməkdar artist (sonra x.a.) "Dastan”ın rəhbəri Baba Mahmudoğlu (1940-2006) yaşının az olmasına baxmayaraq ansamblın məşqlərində, yaradıcılıq işlərində, aranjeman məsələlərində Məhərrəmin təklif, fikir və tövsiyələrindən istifadə edirdi. Burada maraqlı məşqlər və geniş yaradıcılıq işi var idi. Və bu işdə Məhərrən daim fəal idi. Baba onun fəhmi, ağlı, düşüncəsi və dərrakəsinə heyran qalır, musiqi barədə fikirləri ilə razılaşırdı.
"Xatirə” ansamblının rəhbəri Adil Bağırov müğənnilərin səsinin radio fonduna yazlışı zamanı Məhərrəmin tütək ifasından bir neçə dəfə istifadə edib.
Memar, tanımlı musiqiçi İlqar Kərimov: "İnşaat Mühəndisləri İnstitutunun tələbəsi idim. 1979-cu il idi, burada Abbasqulu Nəcəfzadənin rəhbərlik etdiyi "Arzu intrumental ansamblın məşqində tarçalan, istedadlı bir uşaq gördüm. İfa texnikası, bacarığı, bər-bəzəkli, dəyərli çalğısı nəzərimi cəlb etdi. Düşündüm ki, onun yaşı institut tləbəsi olmağa imkan vermir, kimdir bu uşaq ki, ansambla cəlb ediblər, özü də neçə gözəl ifaçıdır. Dedilər ki, Abbasqulu müəllimin qardaşıdır. Deməli, mən həmin zaman, Məhərrəmin 13 yaşı olanda onu kəşf etmişəm”.
B Mahmudoğlu "Leylacan” qədim bir folklor mahnısı oxuyurdu. Abbasqulu məşqdə mahnıya aranjeman əlavə etmişdi və burada Məhərrəm azca "Şur” çalırdı. 1985-ci il idi, Baba "Dastan”la həmin mahnını AzTV-də yeni ilin gəlişi axşamı oxumuşdu. Mahnı və Məhərrəmin ifasında muğam frazası marağa səbəb olmuşdu. Baba "Leylacan” mahnısını AzTV-nin "Səhər görüşləri” proqramında oxumuşdu. Səhəri gün xanəndə Səxavət Məmmədov filarmoniya bağına gələrək həmin tarzəni axtarırdı ki, bu uşaq kimdi? Bləliklə, Məhərrəm bir müddət Səxavətin toy ansamblının tərkibində tar ifa etmişdi.
Beləcə gənc musiqiçi musiqi kollektivlərində təcrübəyə yiyələnir, formalaşır və musiqi mədəniyyəti üçün yetişirdi, yetişdi də... O, bu ansamblların tərkibində Bakıda və əyalətlərdə çox konsertlərdə olmuşdur. Məhərrəm "Meyxana” ansamblı ilə Respublika sarayında, Dövlət filarmoniyasında, rayonlarda, cəbhə bölgələrində verilən konsertlərdə çıxış etmişdir.
1983-cü ildə "İrs” ansamblı "Qız qalası” cizgi filminin musiqi tərtibatına cəlb olunmuşdu. M.Nəcəfzadə filmdə ney, tütək, balaban, zurna, ud və rübab alətlərini məharətlə, tələbata, ssenarinin süjet xəttinə, məzmuna uyğun olaraq əla ifa göstərib. Onu "İrs” ansamblı müşayiət edib. Filmdə ansamblın solisti, gənc xanəndə xanım (hazırda x.a.) Mələkxanım Əyyubova oxuyub.
SSRİ Ali Sovetinə deputat seçkiləri zamanı respublikamızdan SSRİ xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun (1922-1984) da namizədliyi irəli sürülmüşdü. Onun namizədliyi Ağsu-İsmayıllı bölgəsindən idi. Namizədlə görüşün sonu konsertlə tamamlanırdı. B.Mahmudoğlu onun "Reyhan” mahnısını da proqrama daxil edərək oxuyurdu. Ansambl məşqdə aranjeman işləri görmüş və əsərə çalğı yeri əlavə etmişdi. Mahnının ortasında Məhərrəm neylə impovizə edir, əsər daha da zənginləşir, maraqlı, təravətli və təsirli alınırdı. Konsertdə F.Əmirov birinci sırada əyləşmişdi.
Məhərrəm Nəcəfzadə: "”Reyhan” mahnısının ifasında Fikrət Əmirov mənim improvizələrimə diqqət kəsilmişdi, gözlərini məndən çəkmirdi. Konsert bitəndən sonra o, səhnəyə qalxdı, B.Mahmudoğluya, "Dastan”ın üzvlərinə təşəkkür etdi və soruşdu ki, o, neyçalan uşaq hanı? Məni çağırdılar, Fikrət müəllim əlimi sıxdı və dedi ki, Bakıya qayıdandan sonra səninlə yaradıcılıq əlaqəsi quracağam, sənin ifan üçün nəsə yazmalyam”. Əfsus ki, bu baş vermədi. Böyük bəstəkar F.Əmirov 1984-cü il fevralın 20-də dünyaya əlvida dedi.
Məhərrəmin tarzən kimi ənənəli Azərbaycan muğam üçlüklərində də fəaliyyəti olub. Kamança ifaçıları Ədalət Vəzirov (1951-2002) və Munis Şərifovla birlikdə xanəndələrlə çalışıb. O, həvəslə tarı sinəsinə sıxaraq bir müddət Alim Qasımovu da toy-büsatda müşayiət edib. Bu zaman bu üçlüyün kamança ifaçısı Tələt Bakıxanov (1927-2000) olub.
Bir zamanlar Bakıda yaranıb fəaliyyət göstərən, Azərbaycanda və SSRİ məkanında tanınan "Ozan” estrada-foklor qrupu var idi. Qrupu yaradan və rəhbərlik edən Rasim İmanov (hazırda tanınan alim Rasim Müzəffərli) idi. Nəcəfzadə qardaşlarının da bu qrupla yaradıcılıq əlaqəsi vardı. 1988-ci ildə Qazaxıstanın Şevçenko şəhərində keçirilən festivalda "Ozan” da iştirak edirdi. Qrupun tərkibində M.Nəçəfzadə və Əzizə Mustafazadə də var idi. Festivalda "Ozan” estrada-folklor qrupu Qram-pri almışdı.
Məhərrəmin qardaşı İlham Nəcəfov (hazırda ə.a.) məçhur pianoçu, bəstəkar-cazmen, xalq artisti Rafiq Babayevlə (1936-1994) onun yaradıcılıq işlərində, layihələrində çalışırdı. Ona tarzən lazım olanda İlham Məhərrəmi aparmışdı.
M.Nəcəfzadə: "Tarı kökləyib, mikrofonun qarşısında əyləşdim, çalmağa başlayanda, Rafiq Babayevin səsi gəldi:
-Budur, mənə bu mizrablar, bu tembr, belə tar səsi lazımdır. Başqları gəlirlər, tarı kobud səsləndidirlər, sanki tarı incidirlər, elə bil ki, alətdən qisas alırlar. İstədiyimi tapmışam, mənə belə tarzən lazımdır. Bu oğlan yumşaq, könül oxşayan, ruha toxunan tembrlə çalır, afərin. Biz səninlə çox işlər görəcəyik”.
M.Nəcəfzadə 1991-ci ildən 1994-cü ilə qədər, R.Babayevin Bakı metrosunda ermənilərin törətdiyi terrorun qurbanlarından biri olana qədər ustad sənətkarla iş birliyində olub. O, həlak olmasaydı, rəhmətliyin özünün dediyi kimi çox iş görüləcəkdi.
Məhərrəmin istedadı toylarımızda da özünü göstərir. O, erkən yaşlardan əvvəl qardaşları ilə, sonra isə əksər musiqiçilər və xanəndələrlə, hətta ustadlarla toy-büsatda çalışmışdır. Son 30 ildə isə onun toy fəaliyyəti əsasən ölkə paytaxtının restoranları və şadlıq saraylarında, Bakı kəndlərinin el adəti ilə keçirilən toyxanalarında olur. Bakı kəndlərinin toylarına dəvət olunan bütün dəstələrin tərkibində Məhərrəm bəyə yer var. Beləki, o, zəngin repertuar biliyi ilə toy ansambllarını tam qane edir və xanəndələri ustalıqla müşayiət edir. Məclislərdə Məhərrəm bəy tarı, sazı və elektrogitaranı dilləndirir. Saraylardakı toy mərasimlərində o, müxtəlif çalğı alətlərini ifa edib şou-proqram göstərərək ən sevimli sənətkarlardan birinə çevrilib.
M.Nəcəfzadə toylarda Azərbaycanın əksər xanəndələrinin, bu sırada Sabir Mirzəyev (1943-2011) və Sabir Novruzovun (1944-2008) elektrogitara ilə müşayiətçisi olub. M.Nəcəfzadə S.Novruzovla "Hökm” bədii filmində də çəkilib.
Məhərrəmin ifa etdiyi çalğı alətlərinin sayı illər ərzində artır. Bunula bahəm onun sənətkarlığı da yüksəlir və populyarlığı da artır. O, simli alətlərdən tar, saz, türk sazı, ud, rübab, bas tar, domra, setar, dütar, nəfəs alətləri zurna, balaban, tütək və neyi ifa edir. Nəlbəkiləri yan-yana yığıb çalmağı isə başqa aləmdir. O, nəlbəki çalanlardan fərqli olaraq özünə repertuar hazırlayıb. Belə ki, Məhərəmin proqramında "Mahur” və "Bayatı-Şiraz” məqamında musiqi nümunələri səslənir. "Mahur”da "Darçını” və digər bir neçə melodiya, "Bayatı-Şiraz”da "Nəlbəki” rəqsini çalır. Çoxdan repertuarında olan, tarda ifa etdiyi populyar bir yunan melodiyasını nəlbəkilərlə də işləyib meydana gətirib.
SSRİ xalq artisti Zeybnəb Xanlarova da Məhərrəmin sənət qabiliyyətinə yüksək dəyər verir. 1996-cı il dekabr ayında Bakıdakı "Röyal klub”da Zeynəb xanımın 60 illik yubileyi ilə bağlı tədbir keçirilirdi. Məhərrəm həmin klubun şou proqramında gündəlik çıxış edirdi. Onun çıxışı Z.Xanlarovanın xoşuna gəlmiş, sonra həmişə öz ailə təbbirlərinə Məhərrəmi qardaşlardan ibarət ansamblla dəvət etmişdi. Zeynəb xanım bu bacarıqlı musiqiçini öz ansamblına dəvət etsə də, Məhərrəm üzr istəyərək təklifi qəbul etməmişdi. Məhərrəm demişdi: "Mənim əsas işim toylarla bağlıdır, vaxt məhdudiyyətim var, çəkinirəm ki, vaxtlı-vaxtında məşqlərinizə gələ bilməyəm”.
M.Nəcəfzadə dövlət işində də olaraq xalq, vətən və ölkəmiz üçün çalışır. O, 1997-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzində işləyir, 2015-ci ildən bədii rəhbərdir. İllərlə burada keçirilən bədii-kütləvi tədbirlərin, seminarların, yaradıcılıq gecələrinin və konsertlərin təşkilatçısı kimi M.Nəcəfzadənin xidməti böyükdür.
Uğurlar olsun Məhərrəm bəy. Allah sağlamlıq və ömür bəxş esləsin, hələ öndə görüləsi işlər var.
M.Nəcəfzadənin yaradıcılıq fəaliyyəti çox böyük və əhatəlidir. Onu araşdırıb, təhlil edib ortaya geniş məqalə qoymaq olar. Biz bunu edəcəyik. Lakin facebook səhifəsi üçün yazını bura qədər kifayət sayırıq.
O, 1989-cu ildə ailə qurub. Bir oğul, bir qız böyüdüb. Övladlar ali təhsilli mütəxəssisdilər. M.Nəcəfzadə bal kimi şirin nəvələrin: Səid və Nilayın sevinçi ilə ömr edir.
Əhsən Rəhmanlı.
Tədiqiqtçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ