SON DƏQİQƏ

Metroda virus təhlükəsi: Hansı tədbirlər görülür?

Tarix:4-06-2020, 18:46 Oxunub:3 300

Metropolitenə yenə də sərnişinlər tibbi maskasız daxil ola bilmir. Ancaq stansiyalarda və qatarlarda maskanın çıxarılması və ya ağızdan aşağı salınması hallarına çox rast gəlinir.

Bu sözləri  Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov metroda sərnişin sayı və sərnişinlərin qoyulan qaydalara hansı formada əməl etməsi ilə bağlı danışarkən deyib.

QSC sözçüsü bildirib ki, son yumşaldılmadan sonra metropolitendə sərnişin sayının artacağı gözlənilən idi və bu baş verdi:

"Hazırda buna uyğun olaraq nəzarət, yoxlama, monitorinq təhlilləri gücləndirilib. Həmçinin tez-tez elanlar verilir ki, maskanı çıxarmayın, məsafə saxlayın, diqqətli olun. Beynəlxalq təcrübəni də öyrənirik ki, bəlkə haradasa tətbiq edilən yenilik var. Bütün proses nəzarət altındadır. Ancaq insanların özlərində məsuliyyət olmalıdır. "Sosial məsuliyyət” deyilən bir anlayış var. Bu, təkcə metro işçisinin, polisin işi deyil. Metro işçisi vaqonda sıxlıq yaranan zaman sərnişinləri vaqondan düşürə bilməz. Sərnişinlər özləri bir qədər məsuliyyətli olub sərnişin sıxlığı yaranma ehtimalını nəzərə almalıdır. Bilirəm, boş vaqonun gəlməsini gözləmək vaxt apara bilər, ancaq insan sağlamlığı hər şeydən üstündür. Yaxşı olar ki, sərnişinlər sıxlığı, məsafəni diqqətdə saxlasınlar. Hər şeyi inzibati metodlarla nizamlamaq da doğru deyil”.

B.Məmmdəov deyib ki, istənilən halda metrodakı durum nəzarət altındadır:

"Məlumat üçün bildirim ki, metroda əllə təmas olunan bütün aparatlar gün ərzində ən azı 3 dəfə olmaqla xüsusi dezinfeksiyaedici məhlulla silinərək təmizlənir. Bu da stansiyanın sərnişin axınından və stansiyanın xüsusiyyətindən asılı olaraq dəyişir. Bəzi stansiyalarda gün ərzində bu proses daha çox aparılır. Həmin dezinfeksiyaedici maddələr qalıcıdır və zərərsizləşdirmə gücü yüksəkdir. Ancaq insan sağlamlığı üçün heç bir ziyanı yoxdur”.

B.Məmmədov bildirib ki, metroda kiminsə virusa yoluxma təhlükəsi yoxdur:

"Çünki mütəmadi olaraq vaqonlar, stansiyalar, aparatlar dezinfeksiya edilir. Burada ancaq xəstəlik daşıyıcısı olan sərnişin digər sərnişini yoluxdura bilər ki, bu da artıq sərnişinlərin özündən asılıdır. Bu səbəbdən sərnişinlər maksimum özlərini qorumalıdır”.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<