Unudulmuş fədakarlıq...

29 il əvvəl - 1990-cı il iyulun 10-da Sumqayıt məktəbliləri Müşfiq İsgəndərov və Nəriman Rzayev dənizdə boğulmaqda olan dostları Məlik Məlikovu xilas edərək, özləri sərt dalğaların qurbanı olmuşdular. Onların dəhşət doğuran faciəsi bütün yaşıdlarını, tanıyıb-bilən hamını sarsıtmışdı. Onlar 1-ci məhəllənin əziz, sevimli uşaqları idilər, cəmi 15 yaşları vardı...

 

Həmin gün redaksiyamızın tapşırığı ilə mən minlərlə adamın ölümünə səbəb olmuş güclü zəlzələnin baş verdiyi İranda ezamiyyətdə idim. Ertəsi gün - iyulun 11-də yenicə Sumqayıta qayıtmışdım. Evdəkilərin məni anlaşılmaz sükutla, həm də nigarançılığı aydın duyulan baxışlarla qarşılamasından nəsə bir xoşagəlməz hadisə baş verdiyini hiss etdim. Uzaq yoldan gəldiyimi nəzərə alıb, stolun üstünə gətirilən çaydan narahatlıqla bir-iki qurtum içdikdən sonra təkidlə məyusluğun səbəbini soruşduqda, baş vermiş faciə barədə çox ehtiyatla məlumat verdilər. Ehtiyatla ona görə ki, məhəlləmizin sevimlisi, hamıya qarşı çox diqqəytli, qayğıkeş uşaq olan, coşqun təbiətli, gülərüz, həyat eşqli Müşfiqin xətrini ailəmizdə hamımız çox istəyirdik. Gözlənilməz xəbərdən sarsılaraq, dərhal evdən çıxıb, hadisə yerinə tələsdim. Faciə bir gün əvvəl baş versə də, Müşfiqin ölümünə inanmaq istəmir, möcüzə baş verəcəyini, onu sağ-salamat tapacağımıza ümid edirdim. Lakin gecədən xeyli keçənədək davam edən axtarışlarımız heç bir nəticə vermədi.

...Onların üçü də - Müşfiq, Nəriman və Məlik eyni məhəllədə böyüyüb, eyni - 12 N-li məktəbdə oxuyurdular. İmtahanları yenicə başa vurub, məktəb qayğılarından qurtararaq, istirahət etmək, "beş addımlığında" yaşadıqları, evlərindən baxarkən mavi-dalğalı panoramı ilə aydın görünərək, göz oxşayan və yayın qızmarında adamı istər-istəməz özünə cəlb edən Xəzərin qoynunda dincəlmək, artıq arxada qalmış növbəti dərs ilinin yorgunluğunu unutmaq istəyirdilər.

O gün dənizin bir qədər “şıltaq”, qəzəbli-dalğalı olmasına baxmayaraq, o boy-buxunlu üç məktəbli dost, bir də son anda onların dəstəsinə qoşulan, yaşca bir az kiçik olan Oqtay bir-neçə il əvvəl dənizin içərisinə doğru salınmış, “damba” kimi tanınan bəndin yaxınlığında, o qədər də dərin olmayan bir yerdə sevinc-fərəhlə mavi sulara atılmışdılar. Lakin bir müddət sonra hava qəflətən dəyişmiş, şiddətli küləyin təsirindən dalğalar güclənərək şahə qalxmağa başlamışdı. Dənizdə qopan tufan bir andaca suları coşduraraq, dalğaları sürətlə sahilə çırpır və eyni sürətlə də geriyə, dərinliklərə doğru sovururdu.

Dənizin sahilində və bəndin üstündə dayanan adamlar həyəcanla qışqırışaraq gəncləri dərhal sahilə çıxmağa çağırır, onları dalğaların əlindən qurtarmağa çalışırdılar. Müşfiqlə Nəriman isə sahildəkilərin hay-haraylarına məhəl qoymayaraq, dənizin bir qədər dərin yerində dalğalar arasında çırpınan dostları Məliki xilas etməyə çalışırdılar. Onlar həyatlarını təhlükə altında qoyaraq, özlərini çox çətinliklə Məlikə yetirib, onu nöbbəti dalğa ilə birlikdə sahilə tərəf itələməyə nail olurlar. Sahilə daha yaxın olan Oqtay

isə böyüklərin köməyi ilə canını dalğalardan birtəhər xilas edə bilir. Artıq boğularaq, huşunu itirməkdə olan Məlik ilk yardım göstərildikdən sonra çətinliklə də olsa həyata qaytarılır.

Lakin fırtınalı dənizin qoynunda bir-birindən aralı düşərək, sərt dalğalarla çarpışan və birdən görünməz olan iki dost - Müşfiq və Nərimana çox təəssüf ki, heç bir kömək yetmir. Bir müddət sonra dalğalar ailənin yeganə oğul övladı olan Nərimanın artıq cansız bədənini sahilə atır. Müşfiqdən isə bir nişanə də tapılmır. Şəhərin yaxşı üzgüçülük bacarığına və bir idmançi kimi möhkəm fiziki hazırlığa malik baş memarı Rza Rzayevin fədakarcasına, dönə-dönə dənizin dərinliklərinə baş vurması, həmçinin hadisə yerinə gecikmiş dalğıcların həm sahilə yaxın bütün ətrafda, həm də vaxtilə dəniz gəzintisi üçün nəzərdə tutulmuş, lakin artıq çürüməkdə olan gəminin sular altındakı otseklərində gecə yarısınadək davam edən axtarışları da heç bir nəticə vermir.

Müşfiqin baş vermiş faciədən üzülüb əldən düşmüş atası Zakir İsgəndərov və böyük qardaşları evin istəkli sonbeşiyinin dalğalar tərəfindən dənizin içərilərinə doğru uzaqlaşdırıldığını güman edirdilər. Əlimiz heç yana çatmadığından səhər tezdən Sumqayıtın o vaxtkı İcraiyyə Komitəsinin sədri Rasim Eminbəylinin (o gözəl qəlbli, qayğıkeş insana Allah uzun ömür versin!) yanına gedərək, faciə barədə ona məlumat verib, kömək etməsini xahiş etdim. Çətin vəziyyətdə əli qoynunda qalan bəzi çarəsiz məmurlardan fərqli olaraq, o, təcili olaraq Bakı ilə əlaqə saxladı. Məhz onun təşəbbüsü və xahişi ilə, hörməti-nüfuzu sayəsində çox keçmədən Zabratdan havaya vertolyot qaldırıldı, "Azneft”in o vaxtkı rəhbəri, məşhur Neftçi Qurban isə geniş akvatoriya üzrə axtarışlar aparmaq üçün Xəzərin Sumqayıt sahilinə xüsusi kater göndərdi. Zakir müəllimin, oğlanları Cavanşir və Cahangirin iştirakı ilə dənizin dərinliklərinə doğru həm vertolyotla, həm də katerlə axşama kimi axtarış aparıldı. Öz həyatını düşünmədən dostunu ölümdən xilas etməyə çalışmış Müşfiqin cəsədini bütün günü sahil boyu hər yeri intizarla ələk-vələk edən qardaşı Cavanşir hadisə yerindən bir-neçə kilometr aralıda, dənizin "Sintezkauçuk" zavoduna yaxın hissəsində tapa bilmişdi - coşqun sular o cəsur məktəblinin cəsədini sahilə çıxartmışdı...

O faciədən illər ötsə də, təəssüflə xatırlamalı olursan ki, şəhərin o zamankı rəhbərliyi, eləcə də gənclər təşkilatı sayılan Komsomol Komitəsi nə hadisə baş verən gün, nə də sonrakı günlərdə həmin fədakar məktəblilərin taleyi ilə maraqlanmadı. Onların bu hadisədən xəbərsiz olması isə qətiyyən mümkün deyildi. Çünki həmin günlərdə "Vışka” və "Kommunist Sumqaita” qəzetlərində bu barədə geniş məlumat dərc edilmişdi. Ömrün ən gözəl çağında suların qoynunda həlak olmuş həmin gənclərin fədakarlığı xüsusi diqqətə layiq olsa da, təəssüf ki, onlar diqqətdən kənarda qaldılar...

***

29 il əvvəl baş vermiş, iki gəncin ölümünə səbəb olmuş faciə həm də dostluğa sədaqət, qorxmazlıq, cəsurluq nümunəsi, mərdlik sınağı kimi yadda qalmışdır. Müşfiq və Nəriman ölümləri bahasına da olsa, bu ağır sınaqdan mərdliklə çıxa bilmişdilər. Bəlkə də onlar yaşasaydı, Qarabağ müharibəsində hansısa bir döyüş mövqemizin qorunub-saxlanmasında həlledici rol oynaya bilərdilər. Axı, döyüşlərdə hər bir əsgərin cəsurluğu, yüksək döyüşkənliyi torpaqlarımızın taleyinin həllində mühüm əhəmiyyətə malik idi. Onların ömrü amansız talenin

əlində qırılmasaydı, yəqin ki, igid Vətən əsgəri ola bilərdilər... Tale qismət eləmədi. Ancaq ümid edirik ki, onların xatirəsi Sumqayıt gəncləri, eləcə də oxuduqları 12 №-li məktəb tərəfindən heç zaman unudulmayacaq. Öz ölümləri ilə gənclər üçün dostluğa sədaqət nümunəsi, insanlıq nümunəsi göstərmiş Müşfiq və Nərimanın fədakarlığı heç vaxt yaddan çıxmamalıdır!

 

Rəhman ORXAN.

 

P.S. Təəssüf ki, hər il yay mövsümündə Sumqayıtda ehtiyatsızlıq üzündən, bəzən də özlərinə yersiz olaraq güvəndiklərindən dənizdə boğularaq dünyasını dəyişənlər hələ də az deyil. Yaxşı olardı ki, şəhər bulvarının dənizə çıxış hissəsində həmin iki gəncin - Müşfiq İsgəndərov və Nəriman Rzayevin fədakarlığı - dostlarını xilas edərkən həlak olduqları barədə məlumatın qeyd edildiyi bir xatirə lövhəsi vurulaydı. Bu, həm yetişməkdə olan gənc nəslə qorxmazlıq, şücaət örnəyi olar, həm də dənizdə çimmək istəyində olanlar üçün bir ehtiyat işarəsi, diqqət siqnalı olardı.

 

 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]