SON DƏQİQƏ

Görkəmli müəllim, ədəbiyyatşünas alim

Tarix:

17-09-2018, 21:49

/ 10 474 dəfə oxundu.
Görkəmli müəllim, ədəbiyyatşünas alim

 

Beynəlxalq İdeal Sülhün Təbliği Fondunun təşəbbüsü ilə Gəncə şəhərində Mir Cəlal Paşayev adına İnsanşünaslıq Akademiyası tikilməsi haqqında təklif irəli sürülmüşdür. Fondun təsisçisi və rəhbəri Əlikram Müzəffər bu haqda Gunaz.az saytına məlumat vermişdir.

Əməkdaşımız bir çox tanınmış ziyalılarla görüşmüş və müsahibə almışdır. M.C.Paşayevin tələbəsi, dünya şöhrətli alim-pedaqoq, Ankara Söz Akademiyasının həqiqi üzvü, BMT-nin Sülh səfiri, professor, islamşünas alim Əsədulla Qurbanov:

- "Mir Cəlal Paşayev adına İnsanşünaslıq Akademiyasının yaradılması təşəbbüsü zəruri və vacibdir".

Ə.Qurbanov əziz və sevimli müəllimi haqqında unudulmaz və xoş xatirələr söylədi:

- "M.C.Paşayev ədəbiyyatşünas alim, yazıçı-pedaqoq, sadə və mehriban müəllimimiz olmuşdur. Folklorşünaslıqdan imtahan götürürdü. Tələbə yoldaşımız Səyyarə Tağıyevadan biletin suallarını soruşdu.

Səyyarə xanım isə cavabında bir bayatı yazmışdı:

Əzizim olmayaydı,

Saralıb solmayaydı.

Oxumaq yaxşı şeydir,

İmtahan olmayaydı.

Mir Cəlal müəllim Səyyarənin istedadlı tələbə olduğunu bilərək ona “5” qiyməti yazdı.

Mənim biletimə isə “S.Vurğun yaradıcılığında müsbət qəhrəman obrazı” mövzusu düşmüşdü.

- “Zamanın bayraqdarı” əsərini oxumusan? - deyə müəllimim şirin, lətafətli və incə yumorlu səsiylə məndən soruşdu.

Şairin bir neçə bəndini əzbər söylədim. Cavabımdan çox məmnun qaldı və sağ ol dedi.

Mir Cəlal Paşayevlə yanaşı, bizə görkəmli alimlərimiz Həmid Araslı, Məmməd Cəfər, Əli Sultanlı, Muxtar Hüseynzadə, Əlövsət Abdullayev kimi korifey sənətkarlar, söz ustadları dərs keçib. Onların mühazirələrini dinləmək özü bir xoşbəxtlikdir.

M.C.Paşayevin sadə təvazökar, mehriban, qayğıkeş siması bu gün də gözümün önündədir. O, müqtədir söz ustadı olmuşdur".

"Beynəlxalq dil və Ədəbiyyat" jurnalının Baş redaktoru Tahir Cəfərli bildirdi ki, belə bir ideyanı mən dəstəkləyirəm.

Mir Cəlal Paşayevin əsərləri tələbələrin tərbiyəsində, onların vətənə xidmətində çox əhəmiyyətli olmuş və indi də bu əsərlərin öyrənilməsi vətənə məhəbbət, dövlətçiliyə dəstəkdə aktuallığını saxlayır.

Dövlətçiliyə Dəstək Mərkəzinin Həmsədri Bilman Allahverdiyev isə vurğuladı ki, M.C.Paşayevin kitablarını çox oxumuşam. Sadə dildə yazdığı əsərlərdə fəlsəfi fikirlər olduqca çoxdur. Özü də çox sadə insan olub. Elə müəllimlər indi çox azdır.

Beynəlxalq İdeal Sülhün Təbliği Fondunun təsisçisi və rəhbəri Əlikram Müzəffər professor Teymur Əhmədovun tərtib etdiyi Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş iki cildlik kitabı göstərərək bildirdi:

- Bu kitabı T.Əhmədov mənə təqdim etdi və Gəncədə açılacaq Akademiyaya hədiyyə edəcəyəm.

Kitabın məsləhətçisi, görkəmli alimin qızı Ədibə xanım Paşayevadır.

Müəllim adını uca tutmaq hər bir şagird və tələbənin borcudur. Neçə illər keçsə də, öz sadəliyi, biliyi, bacarığı, qayğıkeşliyi və diqqətcilliyi ilə seçilən müəllimlərimiz unudulmur və hər zaman xatırlanır.

 

Rauf İlyasoğlu,

BİSTF-nun Rəy Komissiyasının sədri,

şair-publisist

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ