SON DƏQİQƏ

Həyat ya sonsuzluq?

Tarix:

27-03-2017, 09:35

/ 4 034 dəfə oxundu.
Həyat ya sonsuzluq?

Bakıda gənc yazar özünü 17-ci mərtəbədən ataraq intihar edib. KİV mütamadi olaraq bu tip başlıqlı xəbərlərlə bizi həyatdan soyutmağa davam edir. Aramızdan bəziləri belə xəbərləri motivasiyaedici informasiya şəklində də qəbul edə bilər: "Hə əzizim, əgər cavan oğlan özünü asıbsa və mənim bu qədər problemlərim olduğu halda birtəhər yaşayıramsa, deməli güclü insanam". Əlbəttə hər hansısa insanı intihar etdiyinə görə qınamaq olmaz. İnsanlar bəzən sadəcə qarma-qarışıq fikirlərinə görə dəli ola bilərlər ya da dəli olmaq həddinə çata bilərlər. Nəticədə fərdlər özünə qəsd etməyi çıxış yolu görür. İstisnalar qaydanı pozmadığı üçün fiziki ağrılarına görə və digər oxşar səbəblərlə intihar edənlər haqqında danışmayacağam.
"İntiharı yoxsa yaşamağı seçənlər daha cəsarətlidirlər?" Bu sual sanki "öncə toyuq yoxsa yumurta yaranıb?" sualı kimi cavabsız idi. İdi! Çünki, eşitdiyimə görə bir müddət əvvəl artıq bu sualın da cavabı tapılıb. Əvvəl-axır hər bir suala cavab tapmaq olar. Necə deyərlər, axtaran tapar. Elə haqqında bəhs edilən sualı da cavabsız qoymaq insanoğluna yaraşmaz. Ona görə ki, bizi digər canlılardan fərqləndirən şüurlu yaradılışımızdan dolayı əlimizdə olanı maksimal istifadə etməyimiz nəinki hüququmuz, mən hətta deyərdim vəzifəmizdir. Əgər dövlət qarşısında vəzifələrimizi yerinə yetirməsək və yaxud pozsaq cinayət məsuliyyətinə cəlb oluna biləriksə, yaradan qarşısında da vəzifələrimizi yerinə yetirmədiyimiz təqdirdə, onun da qarşısında məsuliyyətə cəlb olunacağıq. Yaradan... Tanrı, təbiət, naməlumluq və s. Üzr istəyirəm. Amma, onu necə adlandırdığınız vecimə də deyil. Sualımızın cavabının bundan asılı olmadığına əmin ola bilərsiniz.
Uzun müddətdir ki, bu sual düşüncəmi tərk etmir. Yeniyetmə yaşlarımda intihar etməyi planlaşdıran insan olduğum üçün cavabı tapmayana qədər günlərimi az da olsa gərginliklə başa vururdum. İntiharı planlaşdırmağımı etiraf etməkdən damla olsun çəkinmirəm. Elə o iyrənc fikirlər ərəfəsində Varisin adını unutduğum kitabında bu fakta rast gəlmişdim ki, psixoloqların araşdırmalarına görə sən demə hər bir insanın ağlından ömründə bir dəfə belə olsun intihar etmək qərarı keçir. Deməli, buna görə ürəyinizi sıxmağa dəyməz. Bu faktor sizin zəif iradəli fərd olduğunuza dəlalət etmir. Həyat problemlərlə doludur. Problemləri qucaqlamaq lazımdır, onlardan qaçmaq yox. Bu arada, artıq sualımıza mənim qəbul etdiyim cavabın nə olduğunu artıq açıqlamış oldum. Güman və böyük ümid edirəm ki, mənimlə razılaşarsınız. Hal-hazırda izahını tələb etməyiniz yəqin məsələdir.
Bəli, mən iddia edirəm ki, yaşamaq xatirinə deyil, sırf yaşamağı seçənlər cəsarətin zirvəsini fəth edən şəxslərdir. İntihar edənlərə isə rəhmət diləyirəm. Yalnız, təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, onlar məğlub oldular. Nəyə görə? Çünki, yaşamın əziyyətlərini deyil, ölüm zamanı meydana gələn əzablı prosesləri seçdilər. (Bu prosesləri internet üzərindən "ölümün əlamətləri" yazaraq tapa bilərsiniz. Bunlardan ən az əzabı özünü asmaq, ən çox əzabı isə boğulma verir, deyə bilərik. Elə də önəmli deyil.) Bu iki fərqli əzab "növlərini" müqayisə etməyin nə dərəcədə doğru olduğunu da bilmirəm. Bildiyim tək şey var, hələ ki, siz qalibsiniz. Yaşamın əziyyətləri müqabilində həyat sizə mükafatlar verir. Şübhə etmədən, öz təcrübəmdən irəli gələn qənaətə əsasən vurğulaya bilərəm ki, bəzən problemlərinizin həlli uğrunda gördüyünüz işlərin əvəzində həyat mükafat olaraq sizə nəinki həll olunmuş problem bəxş edir, eyni zamanda sizi sevindirəcək daha bir hədiyyə verir. İşdən azad olma təhlükəsi ilə üz-üzə gəldiyiniz üçün, üzərində işlədiyiniz yeni layihənin uğurlu bitməsi ilə eyni gündə, bir neçə ay əvvəl internetdə yerləşdiyiniz elanın satılması kimi gözlənilməz şad xəbər almağınız buna misal ola bilər. Mən bunu bonus adlandırıam. Təbiətin bonusu. Belə hadisələr yaşama stimul verir. Yox əgər, işdən azad olma ehtimalının 90% olduğu halda, yaxınınızın səhhəti ilə problemi olduğu üçün və sevdiyiniz insanın həyatında başqa birisinin varlığı səbəbindən siz dəhşətli ölüm ağrılarını seçsəniz, kim bilir axı bir neçə saniyəlik əzablardan sonra sizi gedəcəyiniz sonsuzluqda nə gözləyir?! Və ələlxüsus da hədəfinizdə özünü asmaq varsa, sizi basdıranda "cəsur" yox "qorxaq" adı altında basdıracaqlar. Qulağa heç xoş gəlmir.
Ömrünü ibadətlə keçirənlər, ola bilər ki, siz ömrünüz boyu ətrafınızdakılara yaxşılıq və xeyirxahlıq etməkdən bezməmisiniz, zorakılıq, sui-qəsd, oğurluq, qeybət, paxıllıq, əxlaqsızlıq və s. anlayışlar kimi çirkin işlərə bir dəfə də olsun əl atmamısınız və sadəcə işləriniz yolunda getmədiyi səbəbindən mələk kimi insan olduğunuzu əlinizdə bayraq edərək ölümdən sonra cənnətin qapısının üzünüzə açıq olduğuna ümid edib, özünəqəsd yolunu seçirsinizsə, unutmamalı olduğunuz nüansı nəzərinizə çatdırım ki, heç bir dində intihar edən möminə cənnət vəd edilmir. Əks halda, bu çox absurd olardı, elə deyil? Planetdə hamının özünü asdığını təsəvvür edin. Təsəvvür etmək belə mənasızdır. Yaşamın əziyyətləri ilə ölüm əzablarını müqayisə etmək fil ilə qarışqanı müqayisə etməyə bənzəyir.
Elə bu səbəblərdəndir ki, intihar etmək cəsarət tələb etmir və normal fərd cəsarətsiz insan olmağı üstün tutmaz.
Göründüyü qədəri ilə, hər bir halda intihar edərkən adınız məğlubların siyahısına yazılır. Hələ də intihar etməyin daha cəsarətli addım olduğunu düşünürsünüzsə bir həyatınızdakı həlli mümkünsüz hesab etdiyiniz problemləri, bir də az öncə qeyd etdiyim ölüm əlamətlərini (özünü asmaq kimi) nəzərdən keçirin.
Həyat ya sonsuzluq?
ADNSU-un 4-cü kurs tələbəsi
Ələkbərzadə Əliikram
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ