Məqsədyönlü fəaliyyətin və əzmkarlığın uğur formulu: Aysel Həsənovadan rekord nəticə!
Uğura gedən yol heç vaxt hamar olmur, lakin qarşıya qoyulan məqsəd və sarsılmaz iradə hər bir çətinliyi geridə qoymağa qadirdir. Bu gün Azərbaycan təhsilində öz yüksək intellekti, elmi bazası və əzmkarlığı ilə seçilən pedaqoqlardan birinin – coğrafiya müəllimi Həsənova Aysel Şəmsəddin qızının nümunəvi uğur hekayəsini təqdim edirik.
Bakı Dövlət Universitetinin (BDU) məzunu olan Aysel Həsənova hələ tələbəlik illərindən coğrafiya elminin sirlərinə dərindən yiyələnib. O, 2011-ci ildə BDU-nun "Coğrafiyaçı və coğrafiya müəllimi" ixtisası üzrə bakalavr, 2013-cü ildə isə həmin universitetin "Ərazi planlaşdırılması və rayon planlaşdırılması" ixtisası üzrə magistratura pilləsini uğurla başa vuraraq yüksək ixtisaslı kadr kimi yetişib.
Təhsil sahəsində ilk ciddi uğurunu 2017-ci ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında qazanan gənc pedaqoq, həmin dövrün qiymətləndirmə sisteminə görə 60 mümkün baldan 47 bal toplayaraq işə qəbul olunub. Lakin ailə vəziyyəti ilə əlaqədar olaraq pedaqoji fəaliyyətinə bir müddət fasilə vermək məcburiyyətində qalıb.
Bu fasilə onun peşəsinə olan sevgisini azaltmayıb, əksinə, daxili potensialını daha da gücləndirib. Artıq 2025-ci ildə yenidən imtahan verərək 80 ballıq yüksək nəticə ilə Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə müddətli müqavilə ilə fəaliyyətə başlayıb və qısa müddətdə şagirdlərin rəğbətini qazanıb.
Təcrübəli pedaqoq qazanılan nailiyyətlərlə kifayətlənməyərək builki Müəllimlərin İşə Qəbulu imtahanlarında özünü növbəti dəfə sınayıb. Öz üzərində dayanmadan çalışan, bilik və bacarıqlarını daim təkmilləşdirən Aysel müəllimə builki imtahanda fenomenal bir nəticəyə imza atıb.
O, imtahanda 92,5 bal toplayaraq respublika üzrə ən yüksək göstəricilərdən birini əldə edib və öz peşəkarlığını bir daha sübuta yetirib.
Bu uğur təkcə fərdi nailiyyət deyil, həm də gənc nəslə coğrafiya elmini sevdirəcək savadlı, enerjili və əzmkar bir müəllimin Azərbaycan təhsilinə verdiyi dəyərli töhfədir. İllər öncə yarımçıq qalan yolu bu gün böyük bir zəfərlə taclandıran Aysel Həsənovanı təbrik edir, gələcək pedaqoji fəaliyyətində daha böyük uğurlar arzulayırıq!
