MİQ imtahanlarının vaxtı AÇIQLANDI

MİQ imtahanlarının vaxtı AÇIQLANDI
"2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edib. Bu müddət ərzində 46 505 müraciət daxil olub, 40 574 namizəd ərizəsini təsdiqləyib və 38 651 namizədin ərizəsi qəbul edilib".
GunAz.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli "Təhsil TV"də yayımlanan "Təhsil dialoqu" verilişində deyib.
O bildirib ki, qanunvericiliyə uyğun olaraq 9 857 namizəd iştirak haqqının ödənilməsindən azad edilib, 28 794 namizəd üçün isə 6-9 iyul tarixlərində ödəniş sistemi aktiv olub:
"Qeyd edim ki, ödəniş prosesi bu gün saat 15:00-da yekunlaşacaq.
Bu il ilk dəfə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən müəllimlərin işə qəbulu müsabiqəsi ödənişli əsaslarla təşkil edilir. Bununla yanaşı, ilk dəfə iştirak edən namizədlər, şəhid ailələrinin üzvləri, müharibə veteranları, əlilliyi olan şəxslər və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri ödənişdən azad olunublar. Bu məlumatlar aidiyyəti dövlət informasiya sistemləri vasitəsilə avtomatik yoxlanılıb.
Namizədlərin ödəniş prosesini rahat həyata keçirmələri üçün videotəlimat hazırlanaraq rəsmi sosial media hesablarımızda paylaşılıb, eyni zamanda proses boyunca zəruri texniki və informasiya dəstəyi göstərilib".
N.İsmayılbəyli əlavə edib ki, hazırkı statistikaya əsasən, namizədlərdən 21 050-si ödənişi edərək müsabiqədə iştirakını təsdiqləyib:
"Artıq hazırlıq mərhələsi yekunlaşmaq üzrədir. 14 iyuldan etibarən müəllimlərin işə qəbulu üzrə test imtahanlarına start veriləcək. Bu həftə ərzində isə namizədlərin şəxsi kabinetlərinə imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək".
скачать dle 12.1
Geri qayıt