İncəsənət məktəblərinə müəllim qəbulu - İştirak haqqı 80 manatdır
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor, direktor müavini və müəllim vəzifələri üzrə işə qəbul üçün müsabiqə elan edilib. Müsabiqədə iştirak haqqı direktor və direktor müavinləri üçün 118 AZN, müəllimlər üçün isə 80 AZN təşkil edir.
Dövlət İmtahan Mərkəzindən GunAz.az-a verilən məlumata görə, müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarət olacaq.
Direktor və direktor müavini vəzifələri üzrə müsabiqədə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərindəki vakant yerlər nəzərdə tutulur. Bu vəzifələr üzrə ali təhsilin bakalavriat və ya magistratura səviyyəsində müvafiq ixtisası bitirmiş, dövlət nümunəli diplomu olan və ixtisası üzrə azı 5 il pedaqoji əmək stajına malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Müəllim vəzifələri üzrə müsabiqə isə Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərini əhatə edir. Bu vəzifələr üzrə orta ixtisas və ya ali təhsilin müvafiq ixtisaslarını bitirmiş şəxslər iştirak edə bilərlər.
Namizədlərin qeydiyyatı iyulun 23-ü saat 18:00-dək DİM-in rəsmi internet saytı vasitəsilə aparılacaq. Test imtahanı avqustun 8-də keçiriləcək.
Direktor və direktor müavinləri üzrə test imtahanında namizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq və imtahan 3 saat davam edəcək. Direktor vəzifəsi üzrə keçid balı 55, direktor müavini vəzifəsi üzrə isə 50 bal müəyyən edilib.
Müəllim vəzifələri üzrə test imtahanında 70 qapalı tipli test tapşırığı təqdim olunacaq və imtahanın müddəti 2 saat təşkil edəcək. Keçid balları məktəbin yerləşdiyi əraziyə və ixtisas xüsusiyyətlərinə uyğun müəyyən ediləcək.
Test mərhələsində tələb olunan keçid balını toplayan namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.
