Avropa Parlamentindən növbəti təxribat

Avropa Parlamentindən növbəti təxribat

 

Avropa Parlamentinin 2021-ci il üçün xarici siyasət və təhlükəsizlik üzrə  bu günlərdə açıqlanan hesabatı Ermənistanda böyük sevinc və ümidlə qarşılanıb.

"ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format” olduğu qeyd edilən hesabatda "regionun sabitliyini və rifahını təmin etmək, eləcə də regional güclərin təsir və müdaxiləsinə qarşı çıxmaq üçün Avropa İttifaqı və üzv ölkələrinin Cənubi Qafqazda daha çox iştirakının zəruriliyi” vurğulanır. Həmçinin Aİ, onun üzv dövlətləri və İnsan Hüquqları üzrə vitse-prezidenti "Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı davamlı nizamlamanın tapılmasında fəal iştirak etməyə” çağırılır.

Hesabatın 42-ci maddəsində, ATƏT-in Minsk Qrupunun bu "münaqişənin ərazi bütövlüyü, güc tətbiq edilməməsi, öz müqəddəratını təyinetmə və bərabərlik, münaqişələrin sülh yolu ilə həlli prinsipləri əsasında həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış format olaraq qaldığı” xüsusi qeyd edilir.

Eyni zamanda MQ-nin mümkün qədər tez vasitəçilik roluna qayıtmasına çağırış edilir, növbəti dəfə "hərbi əsirlərin qaytarılmasının” vacibliyi vurğulanır.

Avropa Parlamentinin ATƏT-in Minsk Qrupunu Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format  sayması bizi təəccübləndirməlidirmi? Zənnimcə,yox.  Çox təəssüf ki, reallıq bundan ibarətdir. Qarabağ münaqişəsinin bitməsi və özünü "Dağlıq Qarabağ”  adlandıran qondarma quruma heç bir statusun verilməyəcəyi barədə Azərbaycanın mövqeyini dünyanın əksər dövlətləri və beynəlxalq qurumlar dəstəkləmir. Hətta bizə dost olan, yaxud, belə hesab etdiyimiz dövlətlər də heç vaxt qəbul edə bilməyəcəyimiz mövqe sərgiləyirlər və Minsk qrupunun "Qarabağ münaqişəsinin” həllində aktiv mövqe tutmasını tələb edirlər. Baxmayaraq ki, Azərbaycan prezidenti ilin əvvəlində yerli televiziyalara müsahibəsində qəti şəkildə bəyan etmişdi ki, Minsk qrupu "Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdır, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik.”.

Hərbi əməliyyatlar bitəndən dərhal sonra dövlət başçımız cəsarətlə bu mövqeni ortaya qoysa da dünya güclərinin müqaviməti davam edir. Aydındır ki, Azərbaycan təkbaşına, hətta Türkiyə ilə birlikdə də bu güclərə qarşı dura bilməz. Bizim mövqeyimizi gücləndirən məqamlar barədə Azərbaycan prezidenti həmin müsahibəsində danışaraq demişdi ki, "indi həmsədrlər arasında da əvvəlki dövrlərdəki kimi birlik yoxdur.  Həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə, onlar öz aralarında bir razılığa gələ bilmirlər.”.

Azərbaycanın əsas ümidləri məhz onunla bağlıdır ki, Rusiya digər iki həmsədrdən tam fərqli mövqe tutur və danışıqlara Minsk qrupunu yaxın buraxmaq istəmir. Üstəlik, prezidentimiz ötən ilin iyul ayında bəyan etdi ki, bu məsələdə  Azərbaycanla Rusiya arasında fikir ayrılığı yoxdur. Təbii ki, məhz bu amil son nəticənin istədiyimiz kimi olacağına ümidlərimizi artırır. Ancaq o da aydındır ki, bizi qarşıda uzunsürən, ağır mübarizə gözləyir. Arxayınlaşa bilmərik və  hətta arxayınlaşmaq istəsək də erməni havadarları bizə bu imkanı verməyəcəklər.

Güman edirəm ki, Azərbaycan xarici işlər nazirliyi həm Avropa parlamentinin bu hesabatına, həm də ilin sonunda ABŞ prezidentinin imzaladığı "Milli müdafiə haqqında”qanunda yer alan dəhşətli iddialara öz münasibətini mütləq bildirməli və bu cür təxribatlardan çəkinməyi tələb etməlidir.

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans Partiyasının sədri

скачать dle 12.1
Geri qayıt