Prezident Şuşada Hulusi Akarı qəbul edib- YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı Həsən Küçükakyuz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.
Nazir Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını və bayram təbriklərini Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırıb.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın salamlarına və bayram təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.
Hulusi Akar Zəfər Günü münasibətilə, eyni zamanda, öz adından dövlət başçısını təbrik edib.
Təbriklərə görə təşəkkür edən Prezident İlham Əliyev Hulusi Akarın bu bayram günündə Türkiyə Silahlı Qüvvələrinin rəhbər şəxsləri ilə bərabər Şuşaya gəlişinin xüsusi önəm daşıdığını vurğulayaraq minnətdarlığını bildirib. Bu yaxınlarda Prezident Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilan rayonlarına səfərini məmnunluqla xatırlayaraq bunun ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin rəmzi olduğunu qeyd edib.
Dövlət başçısı Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyi bir daha yüksək qiymətləndirərək müharibədən sonrakı dövrdə əlaqələrimizin daha da yüksək səviyyədə qaldırıldığını vurğulayıb.
Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.